Cons Hopkins Universitetinin Ürək-damar Xəstəliklərinin Profilaktikası Mərkəzinin alimləri müəyyən ediblər ki, klassik siqaretlərin az miqdarda - gündə iki-beş ədəd - çəkilməsi belə miokard infarktı, ürək çatışmazlığı və vaxtından əvvəl ölüm riskini ciddi şəkildə artırır.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "PLOS Medicine” jurnalında dərc edilib.
Alimlər 22 prospektiv araşdırmada iştirak edən 300 mindən çox insanın sağlamlıq məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, hətta "yüngül” siqaret çəkmə ürək çatışmazlığı riskini 50 faiz artırır. Bu vərdişə sahib şəxslərdə bütün səbəblərdən ölüm ehtimalı siqaret çəkməyənlərlə müqayisədə 60 faiz yüksək olub.
Müəlliflər bildiriblər ki, siqaretdən imtinanın ilk 10 ilində risklərdə ən nəzərəçarpan azalma müşahidə olunur. Lakin hətta 30 il sonra belə keçmiş siqaret çəkənlərdə sağlamlıq problemlərinin yaranma ehtimalı yüksək qalır.
Alimlər vurğulayırlar ki, siqaret sayını azaltmaq ürək-damar risklərini effektiv şəkildə aşağı salmır. Ən güclü və davamlı qoruyucu təsir yalnız tütün məmulatlarından tam imtina etməklə əldə olunur.
Aydın
Şərhlər