Siyasət 13:40 01.10.2022

Rusiyanın addımları Kiyevi NATO-ya daha da yaxınlaşdırır (ŞƏRH)

Rusiyanın patronajlığı ilə Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərində keçirilən "referendum”un nəticələrinin Kreml tərəfindən rəsmən tanınması aydın məsələdir ki,  bölgə ətrafında mübarizəni daha da qızışdırıb. Görünən odur ki, yaranmış vəziyyət tədricən də olsa prosesə Qərbin açıq şəkildə müdaxilə etməsinə gətirib çıxara bilər. Belə ki, Moskvanın bu avantürist addımı Ukrayna və Qərbin ona qarşı nifrətini daha da artırıb. O da bəlli olur ki, "referendum”ların nəticəsinin tanınması Kiyevin NATO-ya üzv olmaqla bağlı fəaliyyətini də sürətləndirir. Putinin "referendum” məsələsində oynadığı rolun ardınca, Volodimir Zelenski ölkəsinin NATO-ya daha qısa zamanda üzv olması üçün müraciət imzalayıb. 

Zelenski bu müraciətində bildirib ki, de-fakto NATO ilə Ukrayna arasında sıx əlaqələr artıq yaranıb. O, bunu NATO-nun Kiyevə verdiyi dəstəyə əsasən söyləyib. Ukrayna Prezidentinə görə, məhz bu amil, habelə İsveç və Finlandiya məsələsində Şimal Alyansının ortaya qoyduğu mövqe, Ukraynanın da qısa zamanda de-yure NATO üzvü olmasına reallaşdıra bilər.
 
NATO baş katibi Yens Stoltenberq isə mətbuata verdiyi açıqlamasında Ukraynanın müraciətinə münasibət bildirərkən Kiyevi dəstəklədiyini söyləyib. Bildirib ki, hər bir ölkə öz seçimini etməkdə sərbəstdir. Lakin o Kiyevin sürətləndirilmiş proseslə NATO-ya üzv olub-olmayacağına aydınlıq gətirməyib. Bu isə o deməkdir ki, NATO hələlik həmin məsələdə mövqeyini tam qətiləşdirməyib. Belə ki, alyansa yeni üzvlərin qəbulu üçün ora daxil olan bütün ölkələrin razılığı lazımdır.
 
Digər tərəfdən, NATO nizamnaməsinə görə, quruma üzv olmaq istəyən ölkə daxilində münaqişənin olmaması vacibdir. Amma hər halda, Kremlin son addımları, "referendum” keçirməsi, nüvə silahı ilə hədələməsi fonunda NATO-nun da sona qədər prosesə kənardan müşahidəçi rolunda qalacağı inandırıcı görünmür. Vəziyyətin bu həddə çatması onu deməyə əsas verir ki, rus ekspansiyası genişləndikcə, (hərçənd bu, indi Moskva üçün mümkünsüzlüyə çevrilib) istər-istəməz NATO-da prosesə açıq şəkildə müdaxiləyə keçə bilər. Ən azından NATO Ukraynanın işğal edilməmiş ərazisini müdafiə etmək üçün öz ordularını ora yeridə bilər.
 
"Referendum”lardan sonra yaranan durum ən azından bu variantın gerçəkləşməsi imkanlarını artırıb. Bu baş verdikdə isə, Rusiyanın Ukraynanın daha içərisinə doğru irəliləməsi də birmənalı şəkildə dayanacaq. Çətin ki, Kreml NATO kimi nəhənglə üz-üzə gəlməyə cəhd etsin. Kremlin nüvə silahı ilə hədələməsi isə sadəcə sözdə hədə qorxu gəlməkdən başqa bir şey deyil. Hər halda, görünən odur ki, Kremlin yersiz hərəkətləri Kiyevin təslim olmasına deyil, onun daha sürətlə NATO-ya doğru irəliləməsinə rəvac verir. 

Rüfət Sultan