Xəbər lenti

Xankəndidə antiterror əməliyyatı - Azərbaycan tarixinə yazılan dönüş nöqtəsi
Siyasət 21:23 15.09.2025

Xankəndidə antiterror əməliyyatı - Azərbaycan tarixinə yazılan dönüş nöqtəsi

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpasında həlledici hadisələrdən biri – Xankəndidə 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən iki il ötür. Qısa müddətdə aparılan əməliyyat nəticəsində separatçı silahlı birləşmələr tərksilah edildi, qeyri-qanuni rejim fəaliyyətini dayandırdı və ölkəmizin tam suverenliyi təmin olundu”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elnarə Akimova 2 il əvvəl Xankəndidə keçirilən antiterror əməliyyatının vacibliyindən danışarkən deyib.
 
Onun sözlərinə görə, 2020-ci il Vətən müharibəsindən sonra bölgədə mövcud olmuş separatçı qüvvələrin törətdiyi təxribatlar dövlətin təhlükəsizliyinə ciddi təhdid idi: 

"Azərbaycan Silahlı Qüvvələri 2023-cü ilin 19-20 sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi və ətraf ərazilərdə separatçılığa son qoydu. Əməliyyatın cəmi bir gün ərzində nəticə verməsi dövlətin gücünü, dəmir iradəsini və regionda yeni reallıqların formalaşmasını təsdiqlədi”.

Millət vəkili qeyd etdi ki, əməliyyatdan az sonra dövlət başçısı, Prezident İlham Əliyevin Xankəndiyə səfəri Azərbaycan tarixi üçün dönüş nöqtəsi oldu:

"Prezidentin şəhərdə Azərbaycan Bayrağını ucaltması, həmçinin burada dövlət idarələrinin, infrastruktur layihələrinin, sosial obyektlərin açılışlarında iştirakı suverenliyin praktiki bərpasının rəmzinə çevrildi. Bu hadisə yalnız hərbi-siyasi qələbə deyil, həm də milli qürurun ən yüksək ifadəsi idi”.

Millət vəkili onu da vurğuladı ki, 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən və qısa müddətdə fəaliyyətə başlayan Qarabağ Universiteti təhsil ocağı deyil, həm də Xankəndinin gələcəyinin, yeni həyatının simvoluna çevrilib: 

"Prezident bu şəhərə son səfəri zamanı dedi ki, "Xankəndi tələbələr şəhəri olacaq”. Bu fikir bölgənin sosial-mədəni inkişaf konsepsiyasının əsasını təşkil edir. Qarabağ Universiteti həm yerli gənclərin, həm də ölkənin müxtəlif bölgələrindən gələn tələbələrin təhsil və mədəni həyat mərkəzinə çevriləcək.
Ümumiyyətlə, son iki ildə Azərbaycan dövləti Xankəndi və ümumilikdə Qarabağ regionunda sistemli şəkildə bərpa və reinteqrasiya işləri aparır:

- Dövlət idarələri tam fəaliyyətə başlayıb, hüquqi sistem bərpa edilib;
- Yeni yollar, sosial obyektlər, məktəblər və səhiyyə müəssisələri inşa olunub;
- Qarabağ Universitetinin yaradılması ilə gənclər üçün təhsil və inkişaf imkanları genişlənib;

Reinteqrasiya prosesinə cəmiyyətin bütün təbəqələri cəlb edilib, bölgədə sabitlik və normal həyat bərpa olunmaqdadır.
Xankəndidə antiterror əməliyyatından iki il sonra Azərbaycan artıq bölgədə dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub. Qısa müddətdə əldə edilən nəticələr ölkəmizin siyasi sabitliyini, hərbi gücünü və diplomatik mövqelərinin möhkəmliyini təsdiqləyir.
Xankəndidə Prezidentin iştirakı ilə həyata keçirilən açılışlar, Qarabağ Universitetinin fəaliyyətə başlaması və dövlət simvollarının ucaldılması bu reallığın təsdiqidir: Azərbaycan dövləti suverenliyini tam bərpa edib və Qarabağın bütün şəhərlərində milli bayraq əbədi dalğalanacaq”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->