"Dağlıq” Qarabağda hərbi əməliyyatların başlanması ilə dərhal bəyanatlar verildi ki, Moskva Bakının niyyəti barədə məlumatlandırılıb, lakin İrəvana xəbərdarlıq edilməyib. Bu, açıq-aşkar yalan və fərziyyədir.
Qaynarinfo xəbər verir ki, bu sözlər Rusiyanın İrəvandakı səfirliyinin Sputnik Ermənistanın sorğusuna cavabında yer alıb.
Şərhin tam mətnini təqdim edirik:
"Həqiqətən də, biz bu cür eyhamlara və onların məqsədyönlü şəkildə "təbliğatına” diqqət yetirmişik, lakin onların heç bir əsası yoxdur, yayılmasının arxasında kimin olmasından asılı olmayaraq, açıq-aşkar yalan və spekulyasiyadır.
Bununla əlaqədar, bir daha Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin şərhinə müraciət etmək istərdik ki, burada Rusiya sülhməramlılarının Dağlıq Qarabağda "antiterror əməliyyatı” barədə əvvəlcədən məlumatlandırılması barədə məlumatın reallığa heç də uyğun olmadığı vurğulanır.
Xüsusi vurğulamaq istərdik ki, Rusiya bu münaqişənin güc yolu ilə həlli cəhdlərinin qəti əleyhinə olub və indi də belədir. Məhz buna görə də Rusiya tərəfi dərhal münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa, siyasi və diplomatik həll yoluna qayıtmağa çağırıb.
Moskva məsul vasitəçi kimi həmişə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları əsasında regionda sülh yolu ilə nizamlanması üçün şərait və ilkin şərtlərin yaradılması yolunda hər şeyi edib və edir.
Tərəflərlə bütün istiqamətlər üzrə gərgin iş aparılır - regional nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sülh müqaviləsinin müddəalarının hazırlanması. Rusiya Cənubi Qafqaz regionunda ədalətli siyasi nizamlanmaya nail olmaq üçün İrəvan və Bakıya bütün lazımi yardımı davam etdirmək niyyətindədir.
Dağlıq Qarabağ nizamlanmasının bir hissəsi kimi Rusiyanın mühüm vəzifəsi Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və fundamental hüquqlarının təmin edilməsinə kömək etmək olub və olmaqda davam edir. Rusiya sülhməramlı kontingenti Qarabağda çox ağır şəraitdə fəaliyyət göstərir. RSK komandanlığı hazırda hərbi əməliyyatların dayandırılması və danışıqlar prosesinin başlanması üçün Xankəndi və Bakı ilə təmasda fəal səylər göstərir”.
Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirlərinə başlayıb.
Alpər
Şərhlər