Azərbaycanda geoloji kəşfiyyat işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsinin 15 min kvadratkilometrə çatdırılması nəzərdə tutulur.
Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramının “Hasilat və mineral-xammal bazasının inkişafı” istiqaməti üzrə müəyyənləşdirilən tədbirlərə əsasən, geoloji kəşfiyyat işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsinin 15 000 km²-ə çatdırılması planlaşdırılır.
Sənəddə qeyd olunur ki, bu istiqamətdə tədbirlər həyata keçirilərkən “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində əldə edilmiş nəticələr nəzərə alınacaq.
Geoloji kəşfiyyat ərazilərinin genişləndirilməsi ölkənin mineral-xammal ehtiyatlarının öyrənilməsi, yeni yataqların müəyyənləşdirilməsi və mövcud xammal bazasının inkişaf etdirilməsi məqsədi daşıyır.
Günay
Şərhlər