"ATƏT-in Minsk Qrupunun yaradılması, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri ilə bağlı 4 qətnamə qəbul etməsi Azərbaycanın haqlı olduğunu, öz suverenliyini qoruması üçün bütün mexanizmlərdən istifadə etmək hüququna malik olduğunu göstərdi. Amma sonrakı dövr göstərdi ki, bu mexanizm işləmədi".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ATƏT-in Minsk Qrupunun fəaliyyəti və 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasının münaqişənin uzun illər davam etməsinə təsirindən danışarkən deyib.
Onun sözlərinə görə, BMT-nin qəbul etdiyi qərarların icrasını təmin etmək üçün təsir imkanları məhdud olub:
"ATƏT-in Minsk Qrupu isə sadəcə diplomatik səfərlər etməklə öz fəaliyyətini başa çatmış hesab etdi. Bununla belə, Azərbaycan gördü ki, bu, dünyanın problemidir. Dünya bunu diqqətdə saxlamalıdır".

Aydın Mirzəzadə vurğulayıb ki, beynəlxalq birlik münaqişəni həll etmədiyi üçün Azərbaycan beynəlxalq hüquqa söykənərək hərbi yolla problemini həll edib:
"Tarix bizim haqlı olduğumuzu bir daha sübut etdi. Vaxtında böyük dövlətlər Ermənistanı işğalçı adlandırsaydılar, ona qarşı sanksiyalar tətbiq edərək torpaqlarımızdan çıxmasını tələb etsəydilər, münaqişə belə uzun çəkməzdi. 30 illik tarix bir əsrin üçdə biridir. Bu müddətdə nə qədər insan öz dədə-baba torpaqlarından didərgin düşdü, qaçqınlıq həyatı yaşadı. Nə qədər insan cəbhə xəttində düşmən gülləsinə tuş gələrək şəhid oldu”.
Deputat hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan müharibədə qələbə qazanaraq ərazi bütövlüyünü təmin edib.
Bahar Rüstəmli
Şərhlər