Xəbər lenti

Siyasət 01:59 29.07.2013

Rüstəm İbrahimbəyov vahid namizədlikdən imtina edir?

Milli Şuranın rəhbərliyinə daxil olan təxminən 15 nəfər siyasətçi Tiflis şəhərinə gedəcək.

Bu barədə Milli Şura ikincisi Eldar Namazov yerli mətbuata verdiyi açıqlamada danışıb. Politoloq onu da vurğulayıb ki, Milli Şuranın qərarı ilə Rüstəm İbrahimbəyovun Tiflisdən sonra 31 iyulda Bakıya gəlməsi təxirə salınıb:  “Rüstəm bəyin Rusiya vətəndaşlığından imtina ərizəsinə baxılması tam sürətlə getmir. Ancaq seçkilərə start verilənə qədər bu məsələ öz həllini tapmalıdır. Rusiya qanunvericiliyinə görə, bu prosedurda şəxsin fiziki iştirakı lazımdır. Ona görə də biz Milli Şura olaraq qərara almışıq ki, iyunun 30-da 15 nəfərdən ibarət heyətlə Gürcüstana səfər edək və Rüstəm bəylə seçki məsələlərini müzakirə edək. Əks halda hakimiyyət Rüstəm İbrahimbəyovun indiki şəraitdə Bakıya gəlməsindən istifadə edə bilər. Yəni, Rüstəm bəyin ölkəni tərk etməməsi baradə qərar verə və bunu qondarma cinayət işi ilə əlaqələndirə bilər. Ona görə də biz qərara gəlmişik ki, Rüstəm bəy əvvəlcə seçkilərdə iştirak etməsi üçün lazım olan vətəndaşlıqla bağlı sənədləri alıb, sonra Azərbaycana qayıtsın”.

Musavat.com-a isə Milli Şuradakı qaynaqlardan məlum olub ki, Bakıya gəlməməklə bağlı qərar əslində Mili Şuranın deyil, Rüstəm İbrahimbəyovun özünündür. Çünki son günlərdə Milli Şuranın nə rəsmi, nə də qeyri-rəsmi sessiyası olmayıb. Bu baxımdan, Milli Şura bu mövzuda qərar verə bilməzdi. Məlum olub ki, sadəcə, Rüstəm İbrahimbəyovun Bakıya gəlməmək qərarı barədə Eldar Namazov Milli Şura təsisçilərindən bir neçəsini məlumatlandırıb. Həm də məhz onun seçməsi ilə Milli Şura təsisçilərindən 15 nəfərlik heyət müəyyənləşdirilib. Heyətin bütün yol və otel məsrəflərini Rüstəm İbrahimbəyov öz üzərinə götürüb.

Maraqlı olan isə, ölkənin əsas müxalifət güclərindən sayılan Müsavat və AXCP-ni Tiflisdə kimlərin təmsil etməsidir. Məlum olduğu kimi, AXCP sədri Əli Kərimliyə iqtidar tərəfindən pasport verilmədiyi üçün o, Tiflis zirvəsinə getməyəcək. Cəbhəni Gürcüstan paytaxtındakı toplantıda iki nəfərin təmsil etməsi gözlənilir. Müsavat Partiyasında isə, Gürcüstana kimin gedəcəyi 29 iyulda, Divanın toplantısında məlum olacaq. Böyük ehtimalla, Müsavat başqanı bu səfərə gedəcək. Bu barədə musavat.com-u məlumatlandıran partiyadakı qaynaq deyib ki, Tiflisə Müsavatdan iki, ya da üç nəfərin gedəcəyi gözlənilir. Lakin partiya bəri başdan şərt qoyub ki, onlara aid bütün məsrəfləri Müsavat özü ödəyəcək. Musavat.com-a adaş partiyadan onu da deyiblər ki, Tiflisdə Müsavat başqanı ilə Rüstəm İbrahimbəyovun təkbətək görüşü də planlaşdırılıb: “Bu görüşün nəticəsindən ölkə siyasətinin bundan sonrakı şəkilləndirilməsi asılıdır ”. Lakin bütün bunlar hələlik yoxlanmamış məlumalardır və gerçəklik əmsalı 50 faizin üzərindədir.

Eldar Namazova yaxın olan qaynaqlardan isə deyiblər ki, Tiflisdəki toplantıda Rüstəm İbrahimbyovla bağlı vəziyyət yenidən dəyərləndiriləcək: “Görünən budur ki, cənab İbrahimbəyov seçkilərdə iştirak edə bilməyəcək. Onun özünün də gözləmədiyi halda Rusiya hakimiyyəti rejissoru ikili vətəndaşlıqdan azad etməyi ləngidir. Belə davam edərsə, aydın məsələdir ki, o, qarşıdakı seçkilərə qatılmaq şansını itirir. Buna görə də vəziyyət yenidən və bu ehtimal üzərindən dəyərləndiriləcək. Məndə olan məlumata görə, Rüstəm İbrahimbəyov təklif edəcək ki, onun iştirak edə bilməyəcəyi təqdirdə, Milli Şuranın vahid namizədi Eldar Namazov olsun. Artıq bunu heyətdəkilərdən bir çox bilir ”.

Musavat.com bu varianta baxışları  operativ olaraq öyrənməyə çalışıb. Belə məlum olub ki, Milli Şura təsisçiləri Eldar Namazov alternativinə isti baxmırlar. Onlardan bir neçəsi, adlarını açıqlamamaq şərti ilə, musavat.com müxbirinə deyiblər ki, bu halda Şuradakı neytral ziyalılardan birinin namizədliyi məsələsi gündəmə gələcək. Fikrini aldıqlarımızdan ikisi isə Turan agentliyinin rəhbəri Mehman Əliyevin adını çəkib.

Müsavatçı və onlara yaxın  Şura üzvləri isə deyiblər ki, bu variantda ən optimal yol Müsavat başqanının namizədliyinin Milli Şura tərəfindən vahid kimi qəbul olunmasıdır.

Musavat.com-a o da məlum olub ki, hər ehtimala qarşı, Milli Şura təmsilçiləri Tiflisə eyni nəqliyyat vasitələri ilə deyil, müxtəlif vasitələrlə  getməyə çalışacaqlar.

15 nəfərlik heyət içərisində  Sülhəddin Əkbərin, Əvəz Temirxanın, Zəfər Quliyevin, Köçəri Nağıbəylinin də adlarının olacağı gözlənləndir.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?