İdman 17:19 27.11.2021

"Sabah" qələbə qazandı

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində bu gün bir oyun baş tutub.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Sabah" Masazırdakı "Bank Respublika Arena"da "Keşlə"ni qonaq edib. Matç Murad Musayevin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah" hesabı 4-cü dəqiqədə Amin Seydiyevin qolu ilə açıb. Bundan cəmi 8 dəqiqə sonra meydan sahibləri daha bir qol vurub. Bu dəfə Aleksey İsayev fərqlənib. 

"Keşlə"nin isə gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa yetib. İkinci hissə başlar-başlamaz Sadio Tounkara fərqlənib.
 
Beləliklə "Sabah" xalların sayını 14-ə çatdıraraq 5-ci pillədə məskunlaşıb. "Keşlə" hazırda 10 xalla 7-ci pillədədir. Ancaq bu müvəqqəti ola bilər. Günün digər qarşılaşmasında "Neftçi"nin qonağı olacaq "Səbail" qələbə qazanacağı təqdirdə Sənan Qurbanovun komandası 8-ci pilləyə düşəcək. 

Azərbaycan Premyer Liqası

XII tur

27 noyabr (şənbə)

"Sabah” – "Keşlə” 2:1
(Amin Seydiyev, 4, Aleksey İsayev, 12 - Sadio Tounkara, 47)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bank Respublika Arena".

Səbuhi Həsənov