Sabir Rüstəmxanlı: “Mənə İlham Əliyevin salamını çatdırdı...”

Sabir Rüstəmxanlı: “Mənə İlham Əliyevin salamını çatdırdı...”

"Bu bayram ərəfəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev zəng edərək məni və rəhbərlik etdiyim partiyanın üzvlərini təbrik edib. Eyni zamanda Prezident İlham Əliyevin salamını çatdırıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrikindən danışarkən deyib. 
 
Sabir Rüstəmxanlı Prezidentin bu təbrikini milli birlik və sabitliyin möhkəmlənməsi üçün atdığını vurğulayıb: "Bu, Azərbaycan müstəqillik tarixində ilk dəfə olan hadisədir. Mən bunu prezidentin xoş niyyəti, xoş görüşü kimi ölkədə vətəndaş həmrəyliyi, milli birliyi üçün, sabitliyin möhkəmlənməsi üçün gərəkli bir addım hesab edirəm və bunu çox yüksək qiymətləndirirəm". 

Sabir Rüstəmxanlının sözlərinə görə, bu, dövlətin və Prezidentin apardığı siyasətdir: "Sonuncu parlament seçkilərindən sonra bu, aydın görünür. Müxalifət partiyaların sədrlərinin və nümayəndələrinin Milli Məclisdə komitə sədrilərinin müavinləri, Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsinin sədrin müavinlərindən biri seçilməsi ölkədə iqtidar-müxalifət münasibətində yeni bir dönəmin başlandığını göstərir. Təbii ki, buna ancaq xöş niyyətlə baxmaq və ölkənin xeyrinə olan bir addım kimi qiymətləndirmək lazımdır. Düzdür, həm prezidentin çıxışında, həm də bəzi partiya nümayəndələrinin çıxışında lazım olan qarşılıq yoxdur. Mənə elə gəlir ki, bu daimi ola bilməz. Prezident Aparatında partiyalarla iş şöbəsi yaradılıb. Bu şöbə şübhəsiz ki, müxtəlif siyasi partiyalarla əlaqələri möhkəmləndirmək, dialoq aparılmalı, narazılıqlar tədricən aradan qalxmalıdır. Müharibə bitməyib, Azərbaycan torpaqları işğaldan azad olunmayıb. Belə bir halda bizim vətəndaş və milli birliyə ehtiyacımız var. Biz bu məsələdə Prezidentin arxasında dayanmalıyıq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib. Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR