İdman 10:01 13.08.2022

Sadiqov “Neftçi”yə yol göstərdi: “Uğurun əsas sirlərindən biri budur” (MÜSAHİBƏ)

Avrokuboklarda 2 təmsilçimizdən birinin, "Neftçi”nin Konfrans Liqasında mübarizəni dayandırması, şübhəsiz, azərbaycanlı azarkeşlər üçün üzücü oldu. Amma yenə də ümid yerimiz, "Qarabağ” var. Çempionlar Liqasının növbəti, pley-off mərhələsində Çexiya çempionu "Viktoriya” ilə qarşılaşacaq Ağdam klubu qrupa düşmək uğrunda son addımını atacaq.  

Azərbaycanın tanınmış sabiq futbolçularından olan, həm "Neftçi”, həm də "Qarabağ”da çıxış etmiş Rəşad Sadiqov klublarımızın oyunlarına toxunub. Hazırda AFFA-nın "Elit məşq” layihəsi çərçivəsində çalışan, ölkə üçün futbolçu yetişdirən keçmiş yarımmüdafiəçi Qaynarinfo-ya müsahibəsində həm Azərbaycan Premyer Liqasının cari mövsümündən nə gözlədiyini, digər komandaların durumu, həm də özünün işi barədə fikirlərini bildirib.

- "Neftçi” və "Qarabağ”ın avrokuboklardakı çıxışı haqqında nə düşünürsünüz?

- İrəliləyiş yoxdur. Avropadan çox geri qalırıq. Amma deyərdim ki, "Qarabağ” doğrudan da möhtəşəm çıxış edir. "Ferentsvaroş”la oyunun ilk 40 dəqiqəsində "Qarabağ” elə çıxış edirdi, heç bəlkə də "Real” ÇL-in qrupunda belə oynamırdı. "Qarabağ” ümumiyyətlə bütün 90 dəqiqə boyunca keyfiyyətli oyun göstərdi. Çempionlar Liqasının pley-off mərhələsinə vəziqə qazanması da bunun sübutudur. "Neftçi”yə gəlincə, builki heyət bəlkə də son 3-4 ildəkindən daha yaxşıdır. Amma mərhələ adlamaqda əziyyət çəkirlər. Mənə elə gəlir, bunun əsas səbəblərindən biri səfərdə yaxşı oynamamalarıdır. Neçə ildir səfərdə qələbə qazana bilmirlər. Nadir hallarda heç-heçə edirlər, digər oyunlarda məğlub olurlar. Bu da sonda gətirib belə nəticəyə çıxarır. 

- "Neftçi” avrokuboklarda mübarizəni dayandırsa da, yeni baş məşqçi haqda müsbət fikirlər söyləyənlər var. Onun, daha yaxşı komanda formalaşdıra biləcək potensialda olduğunu deyirlər. Sizin fikriniz necədir?

- Açığı onu tanımıram. Çünki məşqlərini görməmişəm, komanda ilə necə danışdığını bilmirəm. Yalandan kiminsə haqqına girmək də istəmirəm. Ola bilər kimsə onun yaxşı məşq keçdiyini görüb. Hər məşqçinin xüsusiyyələri var. Yaxşı məşqçi həm də psixoloq olmalıdır. Çünki peşəkar futbolçulardır, onsuz da sən onlara nəsə öyrədə bilməyəcəksən. Yalnız taktikanı başa sala bilərsən. Qalanı futbolçularla münasibətindən asılıdır. Kənardan baxanda, o dərəcədə də yenilik görünmür. Samir Abasovun vaxtında da eyni futbolu oynayırdılar. Dəyişən yalnız futbolçulardır. Özünüz də görürsünüz, beş müdafiəçi ilə oynayır. Halbuki bizim dönəmimizdə "Neftçi” heç vaxt beş müdafiəçidən istifadə etməyib. Son 5-6 ildə bu sistemə keçiblər. Futbolçu alanda taktikana uyğun olub-olmadığını düşünməlisən. Elə futbolçu var illərdir başqa sistemdə oynayır. Belədə onun uyğunlaşması prosesi ən azı 3 ay davam edir. Futbolçunu əvvəlcədən alıb öz taktikana öyrətməlisən. Çempionat bitən kimi, alıb, təlim-məşq toplanışı keçib meydana buraxırsan. Bu üzdən uyğunlaşma prosesi çox ağır keçir.

- Bakıdan Avstriyaya 2:1 üstünlüklə yollanmışdılar. Nədə səhvə yol verdilər?

- "Rapid” o qədər də güclü, 10 il əvvəlki deyil. Hazırda deyərdim ki, "Neftçi” ilə eyni səviyyədədirlər. Son dəqiqələrdə qol buraxmasaydılar, komandanın motivasiyası daha yaxşı olardı. Həmin qol "Rapid”də özünəinam yaratdı. Əsas səbəb də "Neftçi”nin səfərdə yaxşı oynamaması, qələbə qazana bilməməsidir. Bundan əvvəlki qarşılaşmalarda da eyni vəziyyət idi.

- Statistika nə qədər önəmli rol oynayır?

- Heç vaxt statistikaya fikir vermirəm. Sadəcə, görünən odur ki, "Neftçi” səfərdə yaxşı oynaya, nəticə qazana bilmir. Bunun səbəbinin psixoloji durumla, ya nə iləsə əlaqədar olduğunu bilmirəm. Bu məşqçi deyil, digəri olsun. Görürdünüz ki, elə komandalar olurdu, "Neftçi” onlara 0:4 hesabı ilə uduzurdu. Statistikadan kənara çıxmaq, səfərdə yaxşı oynamaq lazımdır. Hər dəfə evdə kimisə məğlub edib mərhələ keçmək olmur. Komanda möhkəmlənməlidir ki, səfərdə də yaxşı nəticə qazansın. Uğurun əsas sirlərindən biri budur. "Qarabağ” neçə oyunlar olub ki, səfərdə nəticələr qazanıb. 

- Heyətdəki futbolçuları ayrı-ayrı analiz etsək, "Neftçi” Azərbaycan çempionatında necə mübarizə aparacaq?

- Bu heyətlə oynaya bilərlər. Çünki Azərbaycan çempionatında səfər yoxdur (gülür). Avrokuboklardakı təzyiq də yoxdur. Amma "Qarabağ”la başabaş mübarizə aparacaqlar ya yox, bu, sual altındadır. "Qarabağ”ın başı nə qədər ki, avrokuboklara qarışıb, "Neftçi” bundan istifadə edə bilər. İkinci, yaxud yarımçıq heyətlə çıxsalar xallar itirəcəklər. Qış fasiləsindən sonra "Qarabağ” toparlanmağa başlayanda, onları durdurmaq çətin olur.

- "Qarabağ”ın bu mövsüm ÇL-in qrup mərhələsinə düşmək şansı nə dərəcədə çoxdur?

- Mənə elə gəlir həddindən çoxdur. "Qarabağ” onlardan güclüdür, amma bu, o demək deyil ki, rahat keçə bilər. "Qarabağ”ın oynadığı futbol daha yaxşı, hücumameyillidir. Futbolçuların individual keyfiyyətləri doğrudan da yaxşıdır. Kadi, Zubir… Biri sağdan, digəri soldan hücuma gedəndə rəqib bilmir hansının qarşısını alsın. Mərkəz hücumçuları haqda hamı mənfi fikirlər söyləyirdi. Ancaq o, gücünü göstərdi. Komandaya kömək etdi, vacib qollar vurdu. "Viktoriya”nın oyunlarından fraqmentlərə, müəyyən hissələrə baxmışam. Pis komanda deyil. Amma mənə elə gəlir "Qarabağ” daha yaxşı komandadır.

- "Qarabağ”ın ilk dəfə Çempionlar Liqasına düşdüyü heyətlə indikini müqayisə etsək, hansı daha üstündür?

- Fərq yalnız futbolçulardadır. Hansısa gedir, əvəzinə başqası gəlir. Səviyyə baxımından ola bilər ki, iki heyət arasında hansısa futbolçuları fərqləndirək. Bu da yalnız individual keyfiyyətlərinə görə mümkündür. Məsələn, o vaxt Dino Ndlovu vardı, hamıdan üstün idi. O getdi, başqası gəldi. Yenə də "Qarabağ”ın oynadığı futbol dəyişmir. Çünki Qurban müəllim futbolçuları eyni sistemlə oynadır.

- Qurban Qurbanovun komandası özündən nisbətən güclü sayılan bir sıra rəqiblərlə başabaş oynayır, hətta qələbə də qazanır. Artıq yavaş-yavaş top-klublara qarşı oyunlarda da iddia irəli sürmək zamanı deyil? Bunun üçün daha nə qədər inkişaf etmək lazımdır?

- "Qarabağ” hər il avrokuboklarda, qrup mərhələsində oynayır. Bu, əslində, Azərbaycan üçün kifayət edir. Belə baxanda top-klublarla başabaş oynayır. Məsələn, "Atletiko” ilə oyunu gördük. Bakıda ötən il "Marsel”ə qarşı pis çıxış etmədilər. Durub desək ki, "Çelsi”yə, "Tottenhem”ə məğlub oldu… Deyirik ki, "Qarabağ” inkişaf edir. İndi siz düşünün, Avropa klubları necə inkişafdadır? Biz irəli 1 addım atırıqsa, onlar 10 addım atır. Onların önünə keçməyimiz inandırıcı deyil. Hamı bununla kifayətlənməlidir və sevinməlidir ki, komanda qruplara düşür. 10 il əvvəl klublarımız bir mərhələ keçəndə sevinirdik. 2000-ci illərdə hamı fikirləşirdi ki, heç olmasa bir mərhələ keçək, bəsimizdir. Bu inamı Azərbaycana "Qarabağ”, "Neftçi”, "Qəbələ” gətirdi. Deyir, iştah diş altındadır. Bunu ediriksə, niyə o birini də bacarmayaq? Lakin "Çelsi” kimi rəqiblərlə başabaş oynamağı istəmək çətindir. Oynaya bilərsən, ancaq bir yerə qədər. Qırılma nöqtəsindən sonra məğlub olursan. Bizim indi etdiyimizi, onlar 20 il əvvəl həyata keçiriblər. Biz bunu görüb sevinirik. Ancaq indi onlar başqa səviyyədədir axı. Çox geri qalmışıq. Gənc futbolçularımızın yetişməsi çətinləşib. Son 10 ildə "Qarabağ”dan Əfran İsmayılov, Rauf Əliyev, Maksim Medvedev, Qara Qarayev çıxdı. Həmin dönəmdən bəri onlar kimi futbolçular yetişdi? O səviyyədə oynayan başqaları oldumu? Söhbət 2009-2010-cu ildən bəri olan müddətdən gedir. Hansı ki, "Qarabağ” "Rusenborq”u keçmişdi. O dönəmdə heç olmasa 4-5 nəfər çıxmışdı. Həmin yaşda başqa klublarda Araz Abdullayev, Mahir Emreli, Ağabala Ramazanov oynayırdı. Kimlərsə sona qədər oynaya bilmirsə, bu, onun xarakterindən asılıdır. Sonra vəssalam, bitdi. Son 10 ildə kim var ki? Limit də qoydular ki, gəncləri məcburən oynatsınlar. Onlar da 23 yaşı keçəndən sonra klubunda 99 faiz oynamırdı. Futbolçunun istedadı yoxdursa, kluba lazım deyilsə, niyə onu məcbur oynatmalıyam? 

- Limiti ləğv etdilər, bunun faydası olacaq?

- Yəqin yadınızdadır, əvvəllər çempionluq uğrunda, "Bakı”, "Xəzər Lənkəran”, "Karvan”, "Neftçi”, "Qarabağ”, "Simurq” oynayırdı. Komandalar bir-birini "qırırdı”. Ən azı 7-8 komanda çempionluğa, qalanları avrokuboklara düşmək üçün mübarizə aparırdı. Limit yox idi. Heyəti legionerlərdən ibarət olan "İnter”i çıxmaq şərtilə, digər klublarda yerlilər forma geyinirdi. Pulun çox olan vaxtı idi. Kim hansı futbolçunu istəyirdisə, alırdı. Yenə də azərbaycanlılar çox idi. O zaman daha çox futbolçu yetişirdi, nəinki limit qoyulandan sonra. Limit inkişaf deyil. Hansısa futbolçunu məcbur oynadıramsa, bundan həm məşqçi ziyan çəkir, həm komanda. Yaxşı olsun, oynadım. Məcburən niyə oynatmalıyam? Roman Qriqorçuk ("Qəbələ”nin sabiq məşqçisi-red.) illərlə məhz bundan narazılıq edirdi. Özümdən misal çəkim, "Neftçi”yə gələndə əsas heyətdə oynatdılar. Həmin vaxt 19 yaşda idim, amma limit yox idi. Mənim kimi də digərləri əsas heyətdə yer qazanmışdılar. Məşqçilər də narazılıq etmirdi. Məcbur oynadılan futbolçu, limit bitəndən sonra heç kimə lazım olmurdu. 

- Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayıb. Nə gözləyirsiniz?

- Yenilik odur ki, iki rayon komandası qoşulub. Hər ikisinin də azarkeşi Bakı komandalarının azarkeşindən daha çox olur. Öz rayonlarında oyun olanda azarkeş gəlir. Yenə də azdır. Ən azı 16 komanda olmalıdır ki, azərbaycanlı futbolçular kənarda qalmasın. 8 komandalı çempionat əksər azərbaycanlı futbolçunun qarşısını aldı. Hər komanda 7-8 legioner götürəndə 24-25 yaşlı yerlilər kənarda qaldı. Birinci Diviziona, minifutbola, futzala getdilər. Hətta restoranlara da gedənlər oldu. Deyərdim ki, futbolçuların kökü kəsildi. Onsuz da futbolçu qıtlığı var. 5-6 nəfər azərbaycanlı oynatmalısan, eyni sayda futbolçu ehtiyatda yer almalıdır. 16 komanda olsa, futbolçular da diqqət mərkəzinə düşəcək. Bəllidir, bu mövsüm də çempionluq uğrunda iki komanda mübarizə aparacaq. Bu, büdcədən də asılıdır. Yaxşı futbolçular alırsan, yerlilərdən də bir neçə nəfər götürüb oynayırsan. Digərləri heç öz bazalarında yer tapa bilmirlər. 10 komandanın 7-si AFFA-dan maliyyə dəstəyi alır. Bu komandaları çempionluğa necə namizəd görmək olar?

- Digərləri ilə bağlı nə düşünürsünüz?

- "Sabah”ın oyununu izlədim. İkinci yerə ən real namizəd deyərdim ki, məhz bu komandadır. "Neftçi” və "Qarabağ”la oynaya biləcəyini deyirik, amma çempionluq bir qədər ağır məsələdir. 3-cü yer, kubok üçün doğrudan da pis heyətləri yoxdur. Mübarizə aparacaqlar. "Zirə”, açıq deyim, "Kəpəz”lə oyunda çox zülm çəkdi. Gəncə təmsilçisi pis oynamadı. Ofsayddan vurulan qolları oldu. Gəncədə çox adama başağrısı olacaqlar. Bu oyunu Gəncədə keçirsəydilər, "Zirə”dən rahat xal alacaqdılar. Gəncə səfəri rəqiblər üçün ağır olur. "Turan Tovuz”la "Qəbələ”nin oyununa baxmamışam. Sonradan soruşanda dedilər "Qəbələ” elə həminkidir. Eyni futbolu oynayır. "Turan Tovuz” da pis oynamır. Dedilər ki, qırmızı vərəqə olmasaydı, xal qazana bilərdilər. "Şamaxı” gənclərdən ibarətdir. Düzdür, "Neftçi”yə boy göstərdilər. Bunun səbəbi ilk növbədə "Şamaxı”nın meydançasının süni örtüklü olması idi. İkincisi, "Neftçi” Konfrans Liqasına görə ikinci heyətə üstünlük verdi. Diqqəti məhz oraya yönəltmişdilər. Yoxsa ki, özünüz də bilirsiniz, "Şamaxı” heyətinə görə o gücdə deyil. 

- Siz hazırda AFFA-nın "Elit məşq” layihəsindəsiniz?

- Bəli, gündəlik 2-3 məşq keçirik. Yaxşı futbolçular olur. Sadəcə, 14 yaşa çatandan sonra ya problemi olur, ya hansısa məşqlər düzgün keçilmir, bəzən də düz yola getmirlər. Başqa şeylərə üstünlük verirlər deyə inkişafdan geri qalırlar. Biz baxıb seçirik, sonra milliyə dəvət alırlar. Görək axırı necə olacaq (gülür). Amma çətin görünür. 

- Premyer Liqa klublarında çalışmaqda maraqlısınız? Təkliflər olur?

-  Hələ ki, gözləyirəm. Normal təklif olsa, işləyərəm. Klubların uşaq komandalarında da çalışa bilərəm. Məşqçilik üzrə "B” kateqoriyasını almışam. "A”nı da alsam, Premyer Liqada baş məşqçi kimi çalışa bilərəm. Amma bunun üçün hələ tezdir. Tam öyrənəndən sonra gedib çalışaram. Birdən-birə haradasa gedib baş məşqçi kimi işləmək istəmərəm. Çünki anlamadığın şeyləri etmək istəsən, özünü "yandıra” bilərsən. Təcrübə ayrı şeydir. "B”ni alandan dərhal sonra "A” üçün müraciət edə bilməzsən. Ən azı bir il keçməlidir.

Səbuhi Həsənov