Şamaxıda Məhəmməd peyğəmbərin səhabəsinin məzarının tapıldığı iddia olunur.
Qaynarinfo xəbər verir ki, bu iddiaya münasibət bildirən ilahiyyatçı Elşad Miri məzarın xəbərdə qeyd olunan şəxsə aid olmasını mümkünsüz hesab edir.
"Əgər bu iddia ərəblərin ölkəmizə gəlişi ilə əlaqəlidirsə, bu qədər əziyyətə ehtiyac yoxdur, çünki ərəblərin bura hansı məqsədlə "cihad" elan etdikləri turizm sahəsində çalışanlara məlumdur.
Əgər "Qaloş piri"ndən ilhamlanıb yeni pir açmaq arzusu varsa, buna da ehtiyac yoxdur. Çünki ölkədə "ilan piri", "xoruz piri" kimi pirlər çoxdur.
Əgər yeni biznes sahəsi olaraq düşünülürsə, o zaman bu yeni məkan dərhal Qafqaz Müsəlmanları İdarəsinə təhvil verilməlidir. Dini icma təsis edilərək Dini Komitədən qeydiyyatdan keçirilməli və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən də maliyyə ayrılmalıdır.
Maraqlı və xoşuma gələn cəhət odur ki, bu cür qəbirlər (İslamda olmadığı halda) şiə məzhəbinə mənsub olunan bölgədə tapılanda İMAMZADƏ adlandırılır, amma sünniliyin çoxluq təşkil etdiyi ərazidə olanda səhabə, Peyğəmbərin "silahdaşı" olaraq təqdim olunur. Həm də SİLAH - DAŞ... Niyə silahla əlaqələndirilir, bu da başqa məsələdir.
Nə Quranda, nə də Peyğəmbərə istinad edilən rəvayətlərdə Cərcis adlı peyğəmbərdən bəhs edilmədiyi halda ölkəmizdə, Beyləqanda, eyniadlı qəbir, daha doğrusu pir var.
Ağdaşın Kotavan kəndində ömründə bircə dəfə də olsun Azərbaycana ayaq basmayan Veysəl Qəraninin "qəbri" mövcuddur, daha doğrusu piri...
İndi də Şamaxıda Təmim əd-Dari adlı səhabə üçün qəbr ucaldılacaq. Qeyd edim ki, bu səhabə İslamın ilk xəlifəsi Əbu Bəkrin bacısı Ümmü Fərvə xanımla evli olub və 661-ci ildə Fələstində vəfat edib. Qüdslə Qəzzə arasındakı Beytulcibrin kəndində də dəfn edilib”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər