Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Qaynarinfo xəbər verir ki, "ASCO Arena"da "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəlib. Gənc baş hakim Kamal Umudlunun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 16-cı dəqiqədə "Qəbələ"nin yeni transferi Nikolas Raysel açıb. "Səbail" isə hər 3 qoluna fasilədən sonra imza atıb. 56-cı dəqiqədə Mirsahib Abbasov hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Rauf Əliyev yeni komandasında ilk qolunu vurub.
Bundan 5 dəqiqə sonra "qırmızı-qaralar"ın legioneri Fernan Lopes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Say üstünlüyü qazanan "dənizçilər" 82-ci dəqiqədə yekun nəticəni müəyyənləşdiriblər. Daha bir yeni transfer Hendrik Ekşteyn ötən tur olduğu kimi, yenə penaltini dəqiq yerinə yetirib.
Bu qələbə sayəsində xallarını 18-ə çatdıran "Səbail" yenə 7-ci pillədə qalsa da, son pillədəki "Qəbələ"dən 5 xal aralanıb.
Qeyd edək ki, turun ilk 2 oyununda "Qarabağ" səfərdə "Zirə"ni 6:0, "Sabah" isə "Sumqayıt"ı 2:1 hesabı ilə yenib. Tura saat 19:00-da başlanacaq "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər