Seçkiləri saxtalaşdıranları bu cəzalar gözləyir - həbs, cərimə, küçə süpürmək...

Seçkiləri saxtalaşdıranları bu cəzalar gözləyir - həbs, cərimə, küçə süpürmək...

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bunun ardınca isə fevral ayının 9-da parlament seçkiləri gözlənilir. Hər iki seçkidə iştirakla bağlı hüquqi qanunvericilik mövcuddur. Seçkilərdə saxtalaşdırma, qayda pozuntularına görə də sanksiyalar müəyyən edilib.

Bu barədə Modern.az-a danışan "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Cinayət məcəlləsində seçkilərin saxtalaşdırılması ilə bağlı ayrıca müddəalar mövcuddur. Onun sözlərinə görə, aydın şəkildə məsuliyyət nəzərdə tutulub və hətta ağır cəza kimi azadlıqdan məhrumetmə də sanksiyalar siyahısına daxildir:

"Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, namizədlərin, partiyaların, siyasi bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya onu pozma cəhdlərinə görə, iki min manatdan dörd min manatadək cərimə, yaxud dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək  azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmağa görə isə üç min manatdan altı min manatadək cərimə, dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər nəzərdə tutulur. Həmçinin bu müddəada bir ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılma mövcuddur.

Seçkilərdə əsas məsuliyyət müşahidəçilərin və nümayəndələrin üzərinə düşdüyünə görə, başqalarının əvəzinə səs verilməsinə şərait yaratmaq ciddi qanun pozuntusudur. Bu cinayət üç min manatdan altı min manatadək cərimə, iki ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Ə.Nuriyev onu da qeyd edib ki, seçki  komissiyalarının işinə müdaxiləyə görə də cəza nəzərdə tutulub. Onun sözlərinə görə, bu qanun pozuntusu iki min manatdan üç min manatadək cərimə, üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək islah işləri ilə cəzalandırılır:

"Eyni hərəkətlər ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə daha ağır cəzalar tətbiq edilir. Bu cinayət əməlləri dörd min manatdan yeddi min manatadək cərimə, iki ilədək islah işləri ilə cəzalandırılır. Qanun pozuntusunun daha ağır forması baş verərsə, üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Nəhayət, seçki  sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma maddəsi də Cinayət Məcəlləsində aydın göstərilir. Ə.Nuriyev söyləyib ki, bu maddəyə görə, iki min beş yüz manatdan beş min manatadək cərimə və ya iki ilədək islah işləri nəzərdə tutulub:

"Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması isə iki min beş yüz manatdan beş min manatadək cərimə və ya bir ilədək islah işləri ilə cəzalandırılır”.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR