Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
Dekabrın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universitetində Latın Amerikası ölkələri və Əlcəzairdən olan diplomatlara mühazirə deyib.
Diplomatlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş və işğal olunmuş Azərbaycan ərazilərindən erməni qoşunlarının tam, dərhal və qeyd-şərtsiz geri çəkilməsini tələb edən qətnamələrə əməl etməyərək Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayır, nəticədə isə ölkəmizdə olan məcburi daxili köçürülmə problemi öz həllini tapa bilmir.
Qeyd edilib ki, Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əlaqə xüsusi yer tutur. Bu ölkələrin beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəklədiyi nəzərə çatdırılıb. Latın Amerikası ölkələri, xüsusilə də Kolumbiya, Peru, Panama, Honduras, Paraqvay və Qvatemala qanunvericilik orqanları səviyyəsində Xocalı soyqırımı üzrə qətnamə qəbul ediblər.
Məlumat verilib ki, Azərbaycan dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ağır məhrumiyyətlərə düçar olmuş məcburi köçkünlərin sosial problemlərinin həllini daim nəzarətdə saxlayır. Prezident İlham Əliyevin məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi və maddi rifah halının yüksədilməsi ilə bağlı verdiyi tapşırıqlar ardıcıllıqla icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. Azərbaycan qaçqın və məcburi köçkünlərə dövlət qayğısına görə dünyada nümunə göstərilir və bu cür problemdən əziyyət çəkən digər ölkələrlə öz təcrübəsini bölüşməyə hazırdır.
Diplomatlara dövlət qurumları və beynəlxalq təşkilatların rəy və təklifləri, beynəlxalqtəcrübə nəzərə alınmaqla hazırlanmış "Böyük Qayıdış” proqramı haqqında da məlumat verilib. Bildirilib ki, bu sahədə artıq ilk təcrübə də var, bunlar Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi və Tərtər rayonunun Şıxarx qəsəbəsidir. Cocuq Mərcanlı kəndi eyni zamanda, post-konflikt reabilitasiya və regionda davamlı sülhün təmin olunmasının unikal modelidir. Məcburi köçkünlərin Cocuq Mərcanlı bərpa olduqdan sonra bura könüllü şəkildə, qayıdış hüququndan istifadə edərək köçməsi onların hər zaman doğma yurdlarına qayıtmaq istəyini nümayiş etdirir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası və "Böyük Qayıdış” proqramının tam olaraq icra edilməsi dövlətimizin qarşısında duran mühüm vəzifədir. Beləliklə məcburi köçkünlərin öz dogma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququ təmin ediləcək.
Daha sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
ADA Universitetində "Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi" proqramı çərçivəsində Meksika, Uruqvay, Çili, Ekvador, Qambiya, Argentina, Venesuela, Surinam və Əlcəzairdən olan diplomatlara təlim keçilib. Təlimlər 7-14 dekabr tarixlərini əhatə edir.
Şərhlər