"Həmişə Allahla görüş haqda düşünürdüm"
Təqdimatlardan tanıdığım, məndə səbəbini bilmədiyim hörmət və maraq yaradan Səlim Babullaoğlunu yaxından tanımaq üçün onunla görüşdüm. Müsahibə əsnasında yazara həm hörmətim, həm də marağım daha da artdı. Sonda isə göydən 3 alma düşdü: Babullaoğludan hədiyyə aldığım kitablar, otaqdan gələn qəribə kitab qoxusu, sakitlik və maraqlı söhbət. Biri sizin, qalanları mənim.
Beləliklə, yazar və şair Səlim Babullaoğlunun müsibəsini təqdim edirik:
- Ən sevdiyiniz və "yaxşı ki, bunu mən yazmışam” dediyiniz şeiriniz hansıdır?
- Onu deyə bilmərəm. Bunu oxucu deyə bilər. Yaxşı ki, mən bütün yazdığım şeirləri yazmışam.
- Uşaq olanda kim olmaq istəyirdiniz?
- Qəhrəman.
- Ola bildiniz?
- Yox, ola bilmədim. Qəhrəman Mübariz İbrahimov oldu. Mən yazıçı, şair oldum. Uşaq vaxtı xalam Almaniyadan alman dilində nağıl kitabları göndərərdi. Onda nə oxuya bilirdim, nə yaza. Alman dilini heç bilmirdim. Nənəmgilin mürəbbələr saxlanılan sirli "böyük otaq” adlı otaqlarında uzanıb saatlarla kitabdakı illustrasiyalara baxırdım. Orda bir qız illustrasiyası xoşuma gəlirdi. Saçından asmışdılar, ayağından da qan damlayırdı. Həmişə fikirləşirdim ki, o qızı xilas etmək, bunu ona edənlə isə dava etmək lazımdır. Bir də həmişə Allahla görüş haqda düşünürdüm.
- Daha dəqiq deyim, kiminsə qəhrəmanına çevrilə bildiniz?
- Vallah, bir az qəlizdir. Bunu mənə heç kim deməyib (gülür). Amma ümid edirəm ki, qəhrəman olmasam da, pis adam olmadım.
- Allahla görüş...
- Biz Allahla məcazi mənada hər gün görüşürük. Günəşin doğuşunda, yağışın yağmasında və s. Allah yaşadığımız hadisələrin dili ilə hər gün bizimlə danışır.
- Şairlər adətən təxəyyülün gücü ilə yazırlar. Burada şişirtmələr, yalanlar, pafoslar sonsuz olur. Günaha batmırsız?
- Batırıq. Hətta Quranda "şairlər surəsi”ndə bu haqda yazılıb ki, şairlərin söylədikləri yalandır. Yalnız o kəslərdən başqa ki, iman etdilər və zülmə uğradıqdan sonra öz haqları uğrunda mübarizə apardılar. Bizim peşəmizin xüsusiyyətləri məcazlar, təşbehlər, həqiqətlərdən yaratmaqdır. Ona görə də mən dediyiniz bu məqamı anladıqdan sonra özümü sığortalamaq üçün şeirlərimə "yəni, sanki, guya ki” sözcüklərini əlavə etməyə başladım. Çünki əminəm ki, bizimlə aldığımız hər nəfəsin, dediyimiz hər sözün hesabı aparılacaq.
- "Səlim bəyin Allahı” onları bağışlayacaq?
- Belə bir hədis var: Allah eşqi, mərhəməti yüz hissədən ibarət yaratdı. O bir hissənin hesabına valideyn övladı, övlad valideyni sevir; o bir hissə eşqin hesabına günəş çıxır, hər yeri işıqlandırır; atın balası onu incidəndə ayağını qaldırır balasını vurmağa, amma həmin o bir hissənin hesabına vurmur, kənara itələyir. Bütün bu şeylər bir parça eşqin, sevginin hesabına baş verir. Allah qalan o 99 hissə eşqi isə insanları bağışlayacağı günə saxladı. Ümid edirəm ki, şairlərə o eşqdən bir parça çatacaq (gülür).
- Gənclərə məsləhət: Kim kimi olmasınlar?
- Məsləhət vermək çox çətindir. Ona görə ki, onun məsuliyyəti çox ağırdır. Amma ədəbi-bədii nöqteyi-nəzərdən tövsiyə edərdim ki, dünya şairlərinin şeirini çox oxusunlar. Bizim şeirlərin vərdiş və "klişe”lərinin içərisində çox qalmasınlar. Bir dəfə ailəmlə xarici ölkələrin birində idim. Mətbəxlər müxtəlifdir. Yemək təklif etdim: "Yox, ata, mən bunu yemirəm, onu yemirəm”. Dedim, "a bala, nə bilirsən, bəlkə çox dadlıdır? Yəni yemədən necə bilə bilərsən?”. Ona görə də bilsinlər, oxusunlar, görsünlər.
- Gənc şairlərin, yazarların təqdimatında sizi tez-tez görürük. Tənqidlər var? Səhv etmirəmsə, demişdiniz ki, sevgiyə çox köklənirlər. Bəlkə yaşları bunu tələb edir?
- Hə, sevgidən çox yazırlar. Çünki onların təcrübəsində ancaq o var. Sevgi gözəl şeydir, amma sevgi oğlanın qıza, qızın oğlana sevgisi deyil. Qoy sevginin başqa şəkillərindən danışsınlar. Niyə ancaq "sən getdin, mən darıxdım, başımı divara vurdum?”, ya da "divar başıma vurdu”. Məsələn, dünya kinosunda çox baxılan filmlərdə erotik səhnələr çox olur. Mən bunun əleyhinəyəm. Fikrimcə, 2 göyərçini yanaşı, bir-biriylə dimdikləşən kimi verməklə qadın kişi münasibətini çox gözəl ifadə etmək olar. Sizə bir əhvalat danışım. Bir dəfə siqaret çəkdiyim vaxtlarda eyvana çıxmışdım. Gördüm eyvanda bir dişi, bir erkək göyərçin var. Erkək göyərçin çox iri, şahanə addımlarla dişi göyərçinə tərəf gedir. Qəfil dönüb məni gördü və geri çəkildi. Bir az arxaya dayandım və üzümü çevirdim. Fikir verdim ki, erkək göyərçin yenidən irəliləməyə başladı. Yenə dönüb məni gördü və yenə dayandı. Yəni heyvanlar belə utanır, biz utanmırıq. Dediyim odur ki, vulqarlıqdan qaçmaq lazımdır.
- Utanmaq. Ağla ilk gələn dəyişən dövran, müasirlik, azadlıqdır. Münasibətiniz necədir?
- Mən demokratiya, azadlıq və bu kimi başqa məhfumları qəbul etmirəm. Təbiətə diqqətlə baxmaq kifayət edir ki, demokratiyanın nə qədər şərti olduğunu görəsən. Qar yağır, gün çıxır onu əridir. Onda biz deyək ki, günəş qarın hüququnu pozur? Yox, sadəcə qanun budur. Mənim azadlığım sizin azadlığın sərhəddi ilə kəsişir. Bu o deməkdir ki, mən sizin azadlığınıza girə bilmərəm. İndi demokratiya odur ki, hamı hər şey deyə bilər. Məsələn, hamı Cavidi təhlil edə bilər. Niyə? Caviddən xoşum gəlir və ya gəlmir deyə bilərsən, amma irəli gedə bilməzsən.
- Yazıb üzə çıxarmadığınız şeiriniz var?
- Elə şeirim yoxdur, amma yazmağıma peşman olduğum şeir var. Və indi o şeir mənim yaddaşımda bilirsiniz necə qalıb? Nə vaxtsa, belə bir hadisə olub.
- Bu gün olmaq istədiyiniz yerdəsiniz?
- Bəli. Allaha şükür ki, mən heç vaxt istəmədiyim yerdə olmamışam. Olduğum yerdə mühit, insanlar məni sıxdıqda isə dərhal hər şeyi qoyub sakitcə getmişəm. Və əgər nə vaxtsa, buradan da sıxılsam, təzyiq hiss eləsəm, yığışıb sakitcə gedəcəyəm. Çünki bizim aqibətimiz getməkdir. Ona vərdiş etmək lazımdır: işdən, şər yerdən və s.
Nərmin Həsənli
Şərhlər