İdman 10:21 07.12.2021

Sənan Qurbanov: “Bu sualla bağlı əməlli-başlı baş sındırmalıyam”

Bu mövsüm "Keşlə”də həm heyət, həm də klub baxımından bir sıra dəyişiklikər gözlənilir. Bir müddət öncə klubun adının dəyişdiriləcəyi və Şamaxıya köçürülməsi qərara alınmışdı. Üstəlik komandanın qeyri-sabit çıxışı, turnir cədvəlindəki mövqeyi də bir sıra dəyişiklikləri gündəmə gətirib. Təbii ki, baş məşqçi Sənan Qurbanovun da "Keşlə”dəki karyerası ilə bağlı müəyyən suallar mövcuddur.

Bu suallara elə Qurbanovun özündən cavablar aldıq. 

- "Neftçi” üzərində qələbədən sonra komanda yenə qeyri-sabit çıxışına davam etdi. Hansı addımları atmağı düşünürsünüz?

- "Neftçi”dən sonra "Qarabağ”la oyunda məğlub olduq. "Sabah”la görüşdə gözləmədiyimiz nəticə gördük. Çalışırıq ki, komandada rəqabət güclü olsun. Apardığımız işlərin nə dərəcədə alınıb-alınmayacağını özümüz görürük. Son iki oyunumuz qalıb. Artıq beynimizdə bir proqram var. Bu oyunlardan sonra transfer məsələlərinə baxa bilərik.

- "Səbail”lə qarşılşamda qələbə qazanamaq şansınız çox olsa da, sonda matç 2:2 hesabı ilə bitdi.

- Düzdür, çətin oldu. Futbolçumuz qırmızı vərəqə aldı. 40 dəqiqə 10 nəfərlə oynamaq çox çətindir.

- Abanqa qırmızı vərəqə göstərən hakimin qərarına münasibətiniz necədir?

- Matçın ilk dəqiqəsində hakim sarı vərəqəni göstərməyə bilərdi. Epizodun təkrarına baxdıq. Durum sarı vərəqə göstəriləcək dərəcədə deyildi. Oyunun əvvəli idi, həm də futbolçuların ikisi də topa tullanmışdı. Açığı, güzəşt gözləyirdim. Hakim tez reaksiya verdi. İkinci sarı vərəqə ilə haradasa razıyam. 

- Düşünmək olar ki, sırf buna görə xal itirdiniz?

- Əlbəttə, hər şeyi hakimin üzərinə atmaq olmaz. Futbolçu ehtiyalı olmalı idi. Çünki ikinci sarı vərəqəni görə bilərdi. Amma 10 nəfər qalandan sonra hesabda 2:0 öndə olduğumuz halda, "Səbail” də təzyiqi artırdı. Azlıqda qalmağımızdan istifadə etdilər. Bu da sonda xal itirməyimizə gətirib çıxardı. 

- Qarşıdan kubok matçı gəlir, "Qaradağ Lökbatan”la qarşılaşacaqsınız. Birinci Divizion təmsilçisi ilə matç üçün komandanı nə dərəcədə kökləyə bilmisiniz?

- "Səbail”lə oyundan sonra komandaya istirahət vermişəm. Hazırda bərpa dönəmi keçirik. Həmişə oyunlardan sonra futbolçulara mikrozədələr yaranır. Həkim nəzarəti altında futbolçuları bu mikrozədələrdən azad etməyə çalışırıq. Sabahdan yeni günə, yeni işə başlayacağıq. Qarşıda iki oyunumuz var. Biri kubok, digəri çempionat matçıdır. Hər ikisinə çox ciddi şəkildə hazırlaşacağıq. 

- "Qaradağ Lökbatan”la matçda heyətdə dəyişikliklər gözlənilir?

- İstəyərik ki, hər iki oyunda meydana optimal heyətlə çıxaq. Şans istəyən futbolçular var. Çalışacağıq onlar da meydançaya çıxsınlar. Düzdür, Birinci Divizion komandasına qarşı oynayacağıq. Amma bilirik ki, belə oyunlarda aşağı dəstə təmsilçiləri Premyer Liqa komandalarına qarşı istəkli oynayırlar. Ona görə də səhv etməməyə çalışacağıq. Eyni zamanda futbolçuların durumu da bizim üçün çox önəmlidir. 

- Qış fasiləsi ilə bağlı hansı planları cızmısınız?

- İki vacib oyun qalıb. Əlbəttə, təlim-məşq toplanışı ilə bağlı proqramımız var. Bu haqda rəhbərliklə oturub danışacağıq. Bilirsiniz ki, komandamız Şamaxıya üz tutmalıdır. Qış fasiləsi zamanı həm çempionat, həm kubok oyunları müzakirə olunacaq. Rəhbərlik bizi məlumatlandıracaq. Ondan sonra qərarımızı verəcəyik.

- Təlim-məşq toplanışını harada keçirmək planlarınız var?

- Hələ ki, bununla bağlı danışığımız olmayıb. Bu məsələlərlə bağlı müzakirələri qış fasiləsinə saxlamışıq. 

- Ümumiyyətlə, Şamaxıya köçməyə münasibətiniz necədir? Bu, komandaya necə təsir edə bilər?

- Mənə elə gəlir, bölgələrdə futbolun inkişafı ilə bağlı yaxşı addımdır. Bizim komanda üçün yeni atmosferdə və stadionda çıxış emək yaxşı olacaq. Çıxışımızdan sonra tribunaları azarkeşlərlə doldura bilsək, bu bizim üçün üstün cəhət sayılacaq. İstənilən halda regionda futbolun ajiotajı tam fərqlidir. Orada oyunlar daha çılğın, maraqlı keçir. Bu üstünlüyümüz ola bilər. Fikrimcə, faydalı addımdır.

- Necə düşünürsünüz, daim Bakıda oynamış, orada məskunlaşmış "Keşlə”ni bölgəyə köçürmək, yoxsa Şamaxıda bir komanda yaradıb çempionata buraxmaq daha yaxşı addımdır?

- Bu, hazırda səkkiz komandalı çempionat üçün atılan addımdır. İnşallah, gələcəkdə komandaların sayı 10-a çatar. Başa düşürük, klubların əksəriyyəti Bakıda məskunlaşıb. Əlbəttə, azarkeşlərimiz var, bütün oyunlarda gəlib tribunadan bizi dəstəkləyirlər. Onlara "çox sağ olun” deyirəm. Mənə elə gəlir, Şamaxıda azarkeş toplamağımız və komandanın yaşaması üçün dəstəklərini əsirgəməyəcəklər. İndi Bakıda komanda sayı daha çoxdur, nəinki bölgələrdə. Ona görə də buradakı azarkeşlərimizi itirməmək şərtilə bölgəyə köçməyimiz daha məsləhətlidir. Azarkeşlərimiz çoxdandır, hətta komandanın adı "İnter” olandan bəri "Keşlə”ni dəstəkləyirlər. Uzun müddətdir belədir. Ona görə də onlar dəstəyini əsirgəyə bilməzlər. Bu klub onların ürəklərində yaşayır.

- Şəxsi fikirləriniz necədir, komandada hansı dəyişikliklərə ehtiyac duyulur?

- Bu suala açıqlama vermək istəməzdim, çünki sona qədər gözləyən adamam. Hər oyun mənim üçün çox vacibdir. Sonda bütün mövsümü təhlil edəcəm. Bəzi oyunlara yenidən göz gəzdirməyim lazımdır. Rəhbərlik qarşısında hesabat vermək vaxtı olacaq. Bütün bunlara hazırlaşıram. İki oyun bitəndən sonra bu sualla bağlı əməli-başlı baş sındırmalıyam. İndidən cavab verməyim düz çıxmaz.

- "Keşlə”dəki karyeranızla bağlı nə düşünürsünüz? Şamaxıya köçəndən sonra postunuzda qalıb-qalmamaq haqqında fikirləşmisinizmi?

- Klubla ilin sonuna qədər müqaviləm var. Müqaviləmi də sevə-sevə davam etdirməyə hazıram. Hələ heç nə haqda düşünmürəm. Komandada görüləsi işlər çoxdur. 

Səbuhi Həsənov