“Milli Şura Azərbaycan xalqı ilə bazarlıq edir”
“Mən əvvəlcədən də demişdim ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək”
“Rüstəm İbrahimbəyovun ətrafında birləşən qüvvələrin arasında bağlılıq yoxdur. Hamısı bir-birinə düşməndir. Məsələn, nə Rəsul Quliyev İsa Qəmbəri, nə Əli Kərimli İsa Qəmbəri, nə də İsa Qəmbər Lalə Şövkəti qəbul edir. Belə bir qurumla, hansı güc və qüdrət iki aya qələbəni təmin edəcək?”.
Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib.
O, Milli Şuranın xalqla oyun oynadığını iddia edib: “Bunlar hamısı absurd şeylərdir. Xalqla bir oyun oynanılır. Milli Şura Azərbaycan xalqı ilə bazarlıq edir. Əvvəlcədən də gözlənilən idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək. Çünki bundan əvvəl də buna bənzər bir problemi yaşamışıq. O vaxt Rəsul Quliyevin müdafiəsi üçün Milli Komitə yaratmışdıq. Rəsul Quliyev də ABŞ-da idi və oradan dəstək alırdı. Amma bildiyimiz kimi, o Azərbaycana gələ bilmədi. İndi hansı arqumentlə deyirlər ki, guya Rüstəm İbrahimbəyov gələcəkdi, o işi görəcəkdi, bu işi görəcəkdi? Mən bunu anlaya bilmirəm”.
ADP sədri bildirib ki, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməyəcəyi əvvəlcədən məlum idi: “Mən əvvəlcədən də demişdim ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək. Onun Azərbaycana gəlməməsi Milli Şura üzvlərində ruh düşkünlüyü yaradıbsa, bu o deməkdir ki, onlar ümumiyyətlə siyasətdən başı çıxmayan adamlardır. Bəzi adamlar deyir ki, siyasətlə məşğulam, amma siyasətin nə olduğunu bilmir. Azərbaycanda ən böyük faciələrdən biri də budur. Hamı bilir ki, nə Milli Şura Azərbaycanda real hakimiyyət dəyişiklikləri üçün nəzərdə tutulan qurumdur, nə də Rüstəm İbrahimbəyov Azərbaycan siyasi həyatında elə bir qeyri-adi gücə və potensiala malik adamdır”.
Sərdar Cəlaloğlu Rüstəm İbrahimbəyovun qalib gələcəyinə inanan Müsavat və AXCP üzvlərinə sual ünvanlayıb: “Onlar indiki şərtlər daxilində Rüstəm İbrahimbəyovun qalib gələcəyinə doğurdan da əmindirlərsə, onda bir suala cavab verməlidirlər. Necə olur ki, hakimiyyət öz əllərində olanda, Azərbaycanda heç bir ciddi müxalifət olmayanda, beynəlxalq ictimaiyyətin indiki kimi təsiri olmayanda Əbülfəz Elçibəy yalnız 58 faiz səs topladı və çox böyük çətinliklə prezident seçildi? İndiki halda hakimiyyətdə başqa qüvvələrdir. Eyni zamanda dünyanın əksər ölkələrinin Azərbaycanda maraqları var. Bu maraqlar Milli Şuranın maraqları ilə üst-üstə düşmür. Belə olan halda, bunlar necə inanırlar ki, Rüstəm İbrahimbəyov qalib gələcək? Onda belə çıxır ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqı üçün Əbülfəz Elçibəydən daha güclü, daha real liderdir?”
S. Cəlaloğlu qeyd edib ki, Milli Şura üzvləri fikirlərini nə təcrübə, nə də nəzəri baxımından əsaslandırmırlar: “Onlar sadəcə camaatı aldatmaq üçün fikir bildirirlər. Rüstəm İbrahimbəyovun heç bir siyasi təcrübəsi yoxdur. Siyasi hakimiyyət dəyişikliyinə rəhbərlik edən adamın müəyyən bir ölçüləri olmalıdır. Siyasi partiyası yox, siyasi təcrübəsi yox, özü də deyir ki, mən siyasəti bilmirəm”.
Şərhlər