Xırdalandan Bakıya və əks istiqamətdə hərəkətdə olan marşrut avtobusu kart sisteminə keçsə də, yolboyu balans yükləmə aparatlarının olmaması sakinlərin narahatlıgına səbəb olub.
Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, söhbət Abşeron rayonunun Xırdalan şəhərindən Bakıya və ya əks istiqamətdə hərəkətdə olan 135 saylı marşrutdan gedir.
Marşrutun əsas xətti Xırdalan şəhərindən, Bakı Mühəndislik Universitetinin qarşısından başlayır. Yol boyu karta balans yükləmə aparatlarının olmaması sərnişinlərdə narahatlıq yaradır. Sakinlər deyir ki, şəhərin bəzi ərazilərində aparatlar quraşdırılıb, amma işləmir.
Mövcud problem sürücüləri də narahat edir. Kartında balans olmayan sərnişinlərlə tez-tez mübahisələri də düşür. Hətta elə olur ki, bu səbəbdən xəttə gecikmələr olur.
Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, marşrut xətti nagdsız ödəniş sisteminə keçməzdən əvvəl bunun üçün uyğun şəraitin yaradılması, o cümlədən terminalların qoyulması ilə bağlı müəyyən təhlillər aparılıb. Nəticələrə uyğun olaraq aparatlar quraşdırılıb. Lakin sərnişinlərdən şikayət varsa, məsələyə təkrar baxılacaq və narahatlıq yaradan hal aradan qaldırılacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər