Dollarda illik 5% gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR istiqrazlarının sayca doqquzuncu faiz ödənişi edilib.
"SOCAR Capital” şirkətindən Qaynarinfo-ya verilən məlumata əsasən, bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11,250 mln. dollara yüksəlib. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR istiqrazları üzrə qarşıdakı rüblərdə daha 11 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 13,750 mln. dollar qazanmış olacaqlar (toplamda 25 mln. dollar.)
Hər istiqraz üçün 12,5 dollar olmaqla, ümumilikdə 1,250 mln. dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb və həmin vəsaitlər artıq bu gündən istiqraz sahiblərinin bank hesablarında olacaq.
Bildirilib ki, əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 mln. dolları ötüb və Bakı Fond Birjasında (BFB) ən çox alınıb–satılan qiymətli kağızdır – 2018-ci ildə 800-dən çox əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR istiqrazlarının market–meyker satış qiyməti 16 yanvar tarixində ilk dəfə 1045 dollara yüksəlib.
1 və 5 saylı ASAN xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24%, korporativ istiqraz bazarındakı payı isə 87% təşkil edib.
İstiqrazlar üzrə növbəti faiz ödənişinin 17 aprel tarixində baş tutacağı bildirilib.
Şərhlər