Ekonomiks 11:10 23.04.2021

SOCAR "SOCAR Enerqoresurs"un kapitalından çıxır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Antipinski neft emalı zavodu və zavodun törəmə şirkəti - NKNP MMC-yə məxsus yataqların idarə olunması üzrə layihədə iştirakını uğurla başa vuraraq "Sberbank" SC ilə birgə müəssisəsi olan "SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxır.

Qaynarinfo-nun SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR və "Sberbank"ın birgə bəyanatında bildirilir.

Məlumatda həmçinin deyilir ki, SOCAR "Antipinski NEZ” SC-yə məxsus mülkiyyətin iflas proseduru çərçivəsində satışında iştirak etməməyə qərar verib, çünki zavodun satın alınması şirkətin cari strategiyasına daxil deyil.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, "Sberbank" ilə tərəfdaşlığımız çərçivəsində belə bir mürəkkəb aktivlə işləmək bizim üçün böyük məsuliyyət yaradırdı. Biz bütün təcrübəmizi, biliklərimizi və səriştəmizi ortaya qoyduq və Rusiya ərazisində federal miqyaslı böyük istehsalatla işləmək sahəsində dəyərli təcrübə qazandıq. Göstəilən etimada və səmimi tərəfdaşlığa görə Sberbanka təşəkkürümüzü bildiririk. Ümid edirik ki, qarşıda bizi əməkdaşlığımızın yeni üfüqləri gözləyir”.

"Sberbank” isə SOCAR-ın Antipinski NEZ və NKNP yataqlarının səhmdarı olan "SOCAR Enerqoresurs” şirkətinin effektiv idarəçiliyində əvəzsiz rol oynadığını qeyd edib və Azərbaycan şirkətinə minnətdarlığını bildirib. "Sberbank”ın prezidenti və İdarə Heyətinin sədri German Qref deyib: "Tərəfdaşlarımızın səyləri sayəsində "Аntipinsk NEZ" iflasın ilkin mərhələsindən başlayaraq öz həyat yolunun çətin bir mərhələsini geridə qoydu, prosessinq mexanizmindən istifadə edərək effektiv fəaliyyətini davam etdirməyə müvəffəq oldu. Əməkdaşlığımız müddətində SOCAR özünü etibarlı, peşəkar və məsuliyyətli bir tərəfdaş kimi göstərdi. Ümidvarıq ki, bizim səmimi qarşılıqlı münasibətlərimiz başqa layihələrdə davam etdiriləcək”.

SOCAR "Antipinski NEZ"in aktivlərinin idarə olunması üzrə uğurlu təcrüəsini nəzərə alaraq, gələcəkdə, zavodun aktivlərinin satış proseduru başa çatdıqdan sonra qarşılıqlı fayda kəsb edən yeni kommersiya sazişləri bağlandığı təqdirdə müəssisənin əməliyyat idarəçiliyinə yardım etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, SOCAR 2019-cu ildə lazımi prosedurları keçdikdən sonra Rusiyada "SOCAR Enerqoresurs”un minoritar payçısı olmuşdu. "SOCAR Enerqoresurs” "Antipinski NEZ" və Orenburq vilayətində 45 milyon ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirirdi. SOCAR-ın bu layihədə əsas rolu "Antipinski NEZ"in idarəetmə səriştəsini təmin etməkdən ibarət idi. Sazişin strukturu baxımından SOCAR-ın "Antipinski NEZ"də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risk yaratmırdı.

İllik ümumi emal gücü 7,5 milyon ton təşkil edən "Antipinski NEZ"də dizel, vakuum qazoyl, nafta, benzin (A80 və A92), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.