"Azərbaycanda 11 nəfərin koronavirusa yoluxmasının dərhal deyilməsi yaxşı haldır. Bütün hökumətlər yoluxma halı olduqda 48 saat içində xəbər verməlidirlər".
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, xəstəliyin yayılmasının 3 mərhələsi var və Azərbaycan ilk mərhələdədir: "Azərbaycan hökuməti xəstəliyə yoluxma halını sərhəddə aşkarlaya bilir. Virusu içəri daxil etməməyə çalışırlar".
H.Harmancı qeyd edib ki, hər yerdə olduğu kimi Azərbaycanda da koronavirusdan ölüm halı ola biləcək: "Virus yayılıbsa, ölüm halınının olmamasını gözləyə bilmərik".
Hande Harmancı bildirib ki, dünən Azərbaycana gələn ÜST-ün ekspertləri tərəfindən koronavirusun müəyyənləşdirilməsi üçün daha 3000 test gətirilib: "Daha öncə də 1000 test gətirilmişdi. Azərbaycan hökuməti özü də laboratoriyalardan bu testlərdən alır. Bu testlərdən düzgün istifədə etmək lazımdır. Çünki heç bir şey limitsiz deyil. Testlərin də dünyada istehsal məsələsi var. Hazırda diaqnostik testlərlə bağlı dünyada bir problem yoxdur, amma diqqətli istifadə etmək vacibdir. Yaxın zamanda Azərbaycanda testlərlə bağlı problem yaşanacağını düşünmürəm".
ÜST rəsmisi bildirib ki, koronavirusla bağlı Azərbaycan hökumətinə kömək məqsədilə ÜST-ün Kopenhagen və Cenevrə ofislərindən ekspertlər Azərbaycandadır: "Onlarla birgə işləyirik. Dünən Səhiyyə Nazirliyində TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və AQTA ilə birgə görüş keçirildi".
Hande Harmancının sözlərinə görə, görüşdə Azərbaycandakı ümumi vəziyyətdən danışılıb: "Ekspertlər martın 13-nə qədər burda olacaqlar. Müxtəlif yerlərə gediləcək. Laboratoriyalara və xəstəxanalara baş çəkiləcək. Nəticədə Azərbaycan hökumətinin koronavirusla bağlı mübarizəyə dair 3-6 aylıq strateji planının hazırlamasına kömək edəcəyik. Ekspertlər getdikdən sonra hökumət tərəfindən ÜST-ün başqa mütəxəssisləri də dəvət oluna bilər".
Şərhlər