"Şübhəsiz ki, bu razılaşma potensial olaraq münasibətlərin normallaşmasına töhfə verə bilər. Hər iki ölkənin Suriyada toqquşmadan yayınmaq üçün qaynar xətt yaratması və əməliyyat sahələrinin müəyyənləşdirilməsi qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Bu, əvvəllər gərgin olan münasibətlərin praktik əməkdaşlıq səviyyəsinə keçməsini göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Bakıdakı danışıqlarda İsraillə Türkiyənin Suriyadakı hərbi aktivliyinə dair prinsipial razılığa gəlmələrini şərh edərkən deyib.
"Eyni zamanda hər iki ölkə Suriya ərazisində öz təhlükəsizlik prioritetlərini qorumağa çalışır, lakin birbaşa toqquşmadan da qaçmaq istəyirlər. Həm Türkiyənin, həm də İsrailin Suriyada maraqları var ki, bu razılaşma da maraqların sonrakı mərhələlərdə uzlaşdırıla bilməsi üçün potensial imkanlar yarada bilər. "Qaynar xətt" və qarşılıqlı prinsipial razılaşmalar göstərir ki, tərəflər artıq diplomatik və hərbi sahədə qarşılıqlı anlaşma zərurətini qəbul edib", deyə Vüqar Zifəroğlu bildirib.
Bununla belə, həmsöhbətimiz hesab edir ki, bu razılaşmanın tam normallaşmaya çevrilməsi üçün diplomatik, iqtisadi və ictimai sahələrdə hələ də əlavə addımlara ehtiyac var:
"Siyasi iradə olsa da, ictimai və ideoloji səviyyədə bəzi maneələr qalmaqdadır".
Ekspert qeyd edir ki, Azərbaycanın bu danışıqlardakı rolu strateji və diplomatik baxımdan diqqətəlayiq və önəmlidir:
"Razılaşma Bakıda aparılan danışıqlardan sonra əldə olunub. Bu Azərbaycanın regionda vasitəçi kimi qəbul edildiyini və həm Türkiyə, həm də İsrail ilə güclü diplomatik münasibətlərə sahib olduğunu göstərir. Bakı bu rolu ilə həm neytral platforma, həm də güvənli tərəfdaş obrazı yaradır. Balanslı münasibətlər Bakı üçün unikal diplomatik mövqe yaradır. Azərbaycanın bu cür danışıqlarda iştirak etməsi onu yalnız enerji və nəqliyyat dəhlizlərinin mərkəzi deyil, həm də regional sabitliyin təminatçılarından biri kimi göstərir".
Vüqar Zifəroğlu düşünür ki, bu razılaşma təkcə Suriyada mümkün hərbi toqquşmaların qarşısını almaqla kifayətlənməyəcək, həm də İsrail-Türkiyə münasibətlərində yeni bir səhifə aça bilər:
"Azərbaycanın danışıqlarda oynadığı rol isə regionda onun artan geosiyasi nüfuzunu və balanslı xarici siyasətinin nəticələrini nümayiş etdirir. Əgər bu üçtərəfli dinamika davam edərsə, gələcəkdə daha geniş regional əməkdaşlıq formatlarının ortaya çıxması mümkündür".
Qeyd edək ki, İsrail və Türkiyə hər iki ölkənin Suriyadakı hərbi aktivliyinə dair prinsipial razılığa gəliblər. Razılıq Bakıda bir neçə həftə əvvəl keçirilmiş danışıqlardan sonra əldə olunub. Bu barədə israilli mənbə "İsrael Hayom" nəşrinə məlumat verib.
Məlumata görə, tərəflər İsrail Müdafiə Ordusu (SAXAL) qüvvələri və Suriyanın şimalında fəaliyyət göstərən Türkiyə ordusu arasında hərbi toqquşmanın qarşısının alınmasına yönəlmiş bir neçə prinsipi razılaşdırıblar. Ölkənin cənubuna gəlincə, İsrail bu ərazinin silahsızlaşdırılmasında israr edir.
"Middle East Eye" portalı eyni zamanda bildirib ki, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında insidentlərin qarşısının alınması üçün "qaynar xətt" yaradıblar.
Portalın yazdığına görə, İsrail Türkiyənin tank və piyada bölmələri daxil olmaqla, qoşunlarını Suriya ərazisinə yerləşdirməsinə prinsipial olaraq etiraz etmir. İsrailin şərti ondan ibarətdir ki, Türkiyə Suriyada İsrail Hərbi Hava Qüvvələrinin hərəkətlərini izləyə biləcək hava hücumundan müdafiə sistemləri və radarlar quraşdırmayacaq.
Rüfət Sultan
Şərhlər