“Milyarderlər ittifaqı”nın üzvü Tiflisə gəlir
“Milyarderlər” Gürcüstanda gənclər hərəkatı yaradır; təşkilatı qurmaq üçün hər şey hazırdır: “Mən Rusiyada yaşayan bir neçə iş adamından xahiş etmişəm ki, hərəkatı maliyyələşdirsinlər”Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin keçmiş prezidenti Söyün Sadıqov Gürcüstanda azərbaycanlı gənclərdən ibarət hərəkat yaradır. Bu barədə o özü salamnews agentliyinin əməkdaşı ilə söhbətində deyib.
Eyni zamanda “Milyarderlər ittifaqı” kimi də məşhurlaşan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının üzvü olan S.Sadıqov bildirib ki, gənclər hərəkatı hazırda təşkilatlanma ərəfəsindədir və hərəkata dəstək verir. Hərəkatın təsis konfransı mayın 7-də Tiflisdə olacaq, S.Sadıqov özü də konfransda iştirak etməyi planlaşdırır. Onun sözlərinə görə, belə bir hərəkatın yaranmasının vaxtı çoxdan yetişib. “Azərbaycanlılar Gürcüstanın köklü xalqlarındandır. Konstitusiyaya görə onlar ölkənin qalan vətəndaşları kimi bütün hüquq və öhdəliklərə malikdir. Ona görə də azərbaycanlıların çoxmillətli Gürcüstan cəmiyyətinə inteqrasiyası, fəallaşması üçün gənclər hərəkatına ehtiyac var” deyə, o bildirib.
S.Sadıqova görə, Gürcüstanda azərbaycanlı gənclərin hərəkatının yaradılması onların ölkədə vətəndaş cəmiyyətinin inkişafında daha fəal rol oynamasına imkan verəcək: “Azərbaycanlılar seçkidə fəal iştirak etməli, seçilməlidir. Layiqli təhsil almalı, bütün hakimiyyət qollarında təmsil olunmalıdır. Bizim təşəbbüsümüz tamamilə şəffafdır və qanunlara uyğundur”. Hərəkatın maliyyələşdirilməsinə gəldikdə isə S.Sadıqov deyib ki, hazırda o şəxsən hərəkatı maliyyələşdirmir. Ancaq Gürcüstandan olan və Rusiyada yaşayan bir neçə azərbaycanlı iş adamına bu barədə müraciət edib. “Mənim tövsiyəm əsasında artıq bir neçə rusiyalı sahibkar - Gürcüstan əsilli azərbaycanlılar hərəkata kömək edir, onun fəaliyyətini maliyyələşdirir. Gələcəkdə maliyyə yardımı və dəstək daha da artacaq” deyə, o bildirib.
“Milyarderlər ittifaqı”nı təşkil edənlərdən biri olan və bu səbəbdən Bakıdakı hakimiyyət dairələrinin, YAP funksionerlərinin dəfələrlə ən ağır formada tənqid etdiyi S.Sadıqovun Gürcüstanda azərbaycanlılardan ibarət gənclər hərəkatı yaratması ilk baxışdan qeyri-adi görünməyə bilərdi. Xüsusən onun özünün də əslən Borçalıdan olduğu nəzərə alınarsa. Lakin ilin əvvəllərində Azərbaycanda hakimiyyətə bağlı bəzi KİV-lər S.Sadıqovun Gürcüstanda azərbaycanlılardan ibarət separatçı hərəkat yaratmağa başladığı, hərəkatın “müstəqil Borçalı” ideyasını ortaya atmağa hazırlaşdığı haqda xəbərlər yaydılar. Bu xəbərlərdə deyilirdi ki, hərəkat artıq “müstəqil Borçalı” xəritəsi də hazırlayıb. Bildirilirdi ki, S.Sadıqovun bu hərəkatı yaratması Kremlin Azərbaycana və Gürcüstana qarşı planlarının bir hissəsidir. O vaxt S.Sadıqov bu iddiaları qəti şəkildə təkzib etdi. Ancaq indi o, Gürcüstanda azərbaycanlı gənclər hərəkatını yaratdığını təsdiqləyib. Baxmayaraq ki, hərəkat onun bildirdiyi kimi tamamilə qanuni vəzifələr üçün yaradılır.
Əslində S.Sadıqovu heç Gürcüstan hakimiyyətində də xoşlamırlar. Bu ilin mart ayında prezident Mixail Saakaşvili Bakıya səfərdən dönən kimi Tiflisdə jurnalistlər qarşısında demişdi ki, Rusiya Gürcüstan ssenarisi üzrə Azərbaycanda da hakimiyyət dəyişikliyi hazırlayır və bu məqsədlə “Gürcüstandan olan hansısa Sadıqovu” tapıblar, həmçinin LukOil prezidenti Vahid Ələkbərovu bu işə qoşublar. O vaxt S.Sadıqov Saakaşvilinin onun adını hallandırmasına qəzəbli reaksiya verdi, o cümlədən Bakının ünvanına sərt tənqidlər səsləndirdi. Eyni zamanda Saakaşviliyə zəng vurub nədən belə açıqlama verdiyini onunla dəqiqləşdirməyə çalışsa da, cəhdi baş tutmadı. S.Sadıqov demişdi ki, əvvəllər Saakaşvilinin onunla münasibətləri normal olub.
Digər ilginc məqam budur ki, “Milyarderlər ittifaqı”nın rəhbəri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasov da bu ərəfədə gənclərə üz tutub. O, Moskvada Rusiya və Azərbaycandan olan azərbaycanlı gənc fəallarla görüş keçirib. A.Abbasov gənclərin qarşısında etdiyi çıxışda onları “ölkənin gələcəyi naminə birləşməyə” çağırıb. Habelə Qarabağ problemindən danışıb və xəbər verildiyi kimi, onun gənclərlə görüşü, etdiyi çıxış Bakıda hakimiyyətə bağlı çevrələr tərəfindən aqressiv qarşılanıb.
musavat.com
Şərhlər