Qərb mediasının yazdığına görə, Əfqanıstanda hakimiyyətə gələn "Taliban” rejimi avqust ayında Özbəkistana hərbi müdaxilə edəcək. Siyasi araşdırmaçıların fikrincə, bu yaxınlarda Əfqanıstandan Özbəkistan istiqamətinə atılan 5 raket də bir növ xəbərdarlıq hesab edilə bilər.
Vurğulayaq ki, son zamanlar Mərkəzi Asiya bölgəsində də gərginlik xeyli artıb. Bu ilin yanvarında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvətilə KTMT qüvvələri həmin ölkəyə müdaxilə etdi. Lakin sonradan Tokayev Rusiyaya münasibətdə sərt mövqe sərgiləməyə başladı. O, ölkəsinin Ukraynadakı separatçı rejimləri tanımayacağını bəyan etdi.
Görünür, Rusiya Qazaxıstanda yol verdiyi səhvlərdən nəticə çıxarıb. Belə ki, Kreml artıq Özbəkistanı hədəf seçib. Bu ölkə rəhbərliyinin yeni strategiya sərgiləməsi rəsmi Daşkəndə olan təzyiqləri artırdı. Özbəkistan Prezidenti Şövkət Mirziyoyev separatizm meyllərini önləmək üçün Qaraqalpakıstanın muxtariyyətini ləğv etmək kursu götürdü. Lakin bu, həmin bölgədə ciddi etirazlara gətirib çıxardı. Nəticədə Daşkənd etirazları yatırsa da, müəyyən qədər geri çəkilməyə məcbur oldu. Görünür, Özbəkistan rəhbərliyini hələlik tam şəkildə ram etmək mümkün olmayıb. Ona görə də bəzi xarici qüvvələr bu istiqamətdə artıq "Taliban” rejimindən istifadə etmək niyyətinə düşüblər. Ona görə də "Taliban”ı indi də Özbəkistan istiqamətində aktivləşdirməyə çalışırlar.
Bununla bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev düşünür ki, "Taliban”ın Özbəkistana hücum edəcəyilə bağlı yayılan məlumatlar Moskvanın Daşkəndi öz istədiyi şərtlərə razı salmaq cəhdidir:
"Bu daha çox Rusiyanın öz "arxa baxçası”ndakı rejimləri tamamilə ram etmək siyasətinin bir hisssidir. Bunun isə iki yolu var. Ya həmin ölkə rəhbərləri Rusiyaya qeyd-şərhsiz tabe olmalı, ya da onların Moskvaya sadiq şəxslərlə dəyişdirilməlidir. Belə vəziyyətlə öncə Belarus üzləşdi. İğtişaşlardan sonra Lukaşenko Rusiyanın dediklərini etməyə məcbur oldu. Ukraynanı daxildən çevriliş yolu ilə çalxalamaq mümkün olmadıqda, bu ölkə işğala məruz qaldı. Qazaxıstanda da çevrilişin şahidi olduq.
Moskva üçün Qərblə müharibə dövründə yaxın ətrafının ona tabe olması vacibdir. Bu fonda da hazırda Qazaxıstan və Özbəkistana qarşı yeni təzyiq dalğası formalaşdırılır. Tokayev yanvardan fərqli olaraq, indi Rusiyaya xoş gəlməyən addımlar atır. Özbəkistan Türkiyə ilə hərbi baxımdan da yaxınlaşır, birgə hərbi təlimlər keçirirlər. Ona görə də Moskva Daşkəndi cəzalandırmaq qərarına gəlib. Bu zaman Moskva ənənəvi metodundan istifadə edir və separatizmə dəstək verir.
İkinci amil kimi isə Əfqanıstandan gələcək təhlükəni qabardırlar. Hələ sovet dönəmindən cari əsrin əvvəlinə qədər Əfqanıstanın şimalında birbaşa Rusiyaya bağlı özbək əsilli silahlı qüvvələrdən ibarət "Şimal Alyansı” fəaliyyət göstərirdi. İndi də Moskvanın onlar üzərində müəyyən nəzarəti var. Bu fonda "Taliban”ın Özbəkistana hücum edəcəyilə bağlı yayılan məlumatlar da Moskvanın Daşkəndi öz istədiyi şərtlərə razı salmaq cəhdidir. Onun əvvəlcədən elan olunması da böyük ehtimalla Özbəkistanı Moskvanın şərtlərini qəbul etməyə vadar etməyə yönəlib”.
Rüfət Sultan
Şərhlər