"Taliban” terror təşkilatı Mərkəzi Asiyanın postsovet ölkələri üçün ciddi təhlükə yaratmağa başlayıb.
Son vaxtlar adıçəkilən terror qruplaşmasının Türkmənistanın və Tacikistanın Əfqanıstanla sərhədində fəallaşması bunu bir daha təsdiq edir. Tacikistan və Türkmənistanla sərhəddə "Taliban” qruplaşmasının 15 min nəfərlik dəstələri cəmləşib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Qərargah rəisi Anatoli Sidorov keçirdiyi mətbuat konfransında belə deyib.
Siyasi ekspertlərin fikrincə, sözügedən təhlükənin aradan qalxması ABŞ-la "Taliban” hərəkatı arasında 2020-ci ilin mart ayının 12-də Qətərin paytaxtı Dohada keçirilmiş danışıqlar üzrə əldə olunmuş razılaşmadan çox asılıdır. Əgər qarşılıqlı razılaşmada nəzərdə tutulduğu kimi ABŞ 2021-ci ilin may ayına qədər özünün 8500 əsgər və zabitini Əfqanıstanda çıxararsa, o zaman "Taliban” təhlükəsinin sovuşmasından danışmaq olar. Eyni zamanda tərəflər şəriət qanunlarının qorunması və qadınların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra bağlı məsələlərdə vacib anlaşma əldə ediblər. Lakin həmin danışıqlar Donald Tramp administrasiyası ilə taliblər arasında gedib.
Artıq ABŞ-da yeni prezident seçilib və Co Baydenin xarici siyasət strategiyası Trampdan xeyli fərqlənir. Ona görə də "Taliban”ın gələcək fəaliyyəti Bayden administrasiyasının Doha danışıqlarına münasibətindən çox asılı olacaq. Ancaq Baydenin öz vəzifəsinin icrasından dərhal sonra baş verən hadisələr göstərir ki, terrorçularla dil tapmaq ABŞ üçün heç də asan olmayacaq.
NATO-nun Baş katibi Yens Stoltenberq fevralın 4-də "Taliban”dan "Əl-Qaidə” terror qruplaşması ilə əlaqələrini kəsməsini və zorakılığa son qoymasını tələb edib. Elə həmin gün Konqresin təşəbbüsü ilə yaradılan Əfqanıstan Tədqiqat Qrupu yeni Amerika rəhbərliyinə ABŞ əsgərlərinin Əfqanıstandan çıxmasını təxirə salmaq üçün "Taliban” ilə danışıqları təcili olaraq bərpa etməyi təklif etdi.
Bundan bir gün əvvəl, yəni fevralın 3-də Almaniyanın Xarici İşlər naziri Haiko Maas rəsmi Berlinin mövqeyini açıqladı: "NATO qoşunlarının Əfqanıstandan çıxarılması Əfqanıstan danışıqlarında irəliləyişdən asılıdır və müəyyən tarixə bağlı deyil”.
Eyni zamanda NATO-nun mətbuat xidməti isə may ayının əvvəlinə qədər Əfqanıstandakı 10 min nəfərə yaxın hərbi kontingentində heç bir azalma olmayacağını bəyan edib. Bütün bunlar ABŞ və NATO-nun Donald Trampın Amerika hərbçilərini 2021-ci il mayın əvvəlinə qədər Əfqanıstandan çıxarılması planından imtina etmək niyyətində olduğunu göstərir. Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xəlilzadın əvvəllər Dohada Taliban nümayəndələri ilə əldə etdiyi razılığa görə, bundan sonra Kabildə rəsmi hökumət ilə sülh danışıqları başlamalı idi. Lakin "Taliban” fevral ayında verilən açıqlamaları Qərbin onlarla razılaşmadan imtina etməsi kimi şərh edib və xarici işğala qarşı silahlı mübarizələrini davam etdirəcəklərini bildirib. Müasir Əfqanıstanın Araşdırılması Mərkəzinin əməkdaşı Andrey Serenkonun fikrincə, Heiko Maas tərəfindən səsləndirilən formul ABŞ-ın Co Bayden dövründəki strategiyasının mahiyyətini təşkil edəcək. Əgər əvvəllər qoşunların geri çəkilməsi əvvəlcədən planlaşdırılırdısa və sonra Taliban rəsmi Kabil ilə danışıqlara başlaması güman edilirdisə, indi, əvvəlcə "Taliban”a hökumətlə sülh razılığına gəlmək təklif edilir və yalnız bundan sonra NATO qoşunlarının geri çəkilməsinə başlayacaq”.
Ekspert hesab edir ki, strategiyadakı bu dəyişiklik Mərkəzi Asiyadakı ölkələrinə təsirsiz ötüşməyəcək. BMT-nin Əfqanıstandakı xüsusi siyasi missiyasının keçmiş direktoru Taalatbek Masadıkov isə qeyd edir ki, son illər bölgənin bütün respublikaları "Talibanla” müxtəlif dərəcədə intensiv münasibət qurur. "Aşqabad BMT-nin himayəsi altında öz danışıqlar platformasını təklif edib. Daşkənd "Taliban”la danışıqlar aparıb və onların razılığa gəlməsinə kömək etməyə çalışıb”.
Mərkəzi Asiya ölkələri öz təhlükəsizlik maraqlarına əsaslanaraq Əfqanıstanda sabitlik istəyir. Əfqanıstanda bütün bu ölkələrdə dünyəvi hökumətləri devirməyi xəyal edən bir neçə beynəlxalq radikal qrupun təlim düşərgələri və komandirləri var. "Taliban” həm TAPİ qaz kəmərinin, həm də Özbəkistan-Əfqanıstan-Pakistan-Hind Okeanı dəmir yolu marşrutu kimi böyük iqtisadi layihələrin həyata keçirilməsinə mane olur. Masadıkovun sözlərinə görə, Əfqanıstandakı münaqişə həll olunmayana qədər bu layihələrin reallaşması ehtimalı azdır. Ancaq diplomat bildirib ki, NATO-nun Əfqanıstandan çıxmağa tələsməməsi nizamlanma prosesinə töhfə vermir. "Böyük dövlətlər çox vaxt Əfqanıstanda onun daxili problemlərini həll etmək adı ilə deyil, öz siyasi təqvimlərindən asılı olaraq fəaliyyət göstərirlər. Bölgə ölkələri üçün Əfqanıstanın qaynamaması, orada terror qruplaşmalarının olmaması vacibdir.
Andrey Serenko vəziyyəti fərqli qiymətləndirir. Ekspertin rəyinə görə, "Taliban”la danışıqlar prosesi xəyaldır. Çünki onlar Əfqanıstanda hakimiyyəti heç kimlə paylaşmaq fikrində deyil və İslam əmirliyi modelinə əsaslanan dövlət qurmaq üçün onu güc yolu ilə ələ almaq niyyətindədir. "Bölgə ölkələrinin bu layihədən məmnun qalmaları ehtimalı azdır. İndi onlar yenidən ABŞ-ın rolu artdıqca, rolu genişlənən NATO-ya yönələcəklər. Əfqanıstanın iştirakı ilə həyata keçirilən nəqliyyat layihələrinə gəlincə, bunlar Taliban olmadan həll edilə bilməz. Ancaq Trampla "Taliban” arasındakı razılaşmada belə, bu layihələr üçün yaxşı perspektivlər görmədim. Çünki çünki Əfqanıstandakı vətəndaş müharibəsi bu razılaşma ilə ləğv edilmədi”-Serenko belə deyib "Düşənbədə, Nur-Sultanda, Daşkənddə, Aşqabadda və Bişkekdə ABŞ-ın Əfqanıstandan qəflətən çıxmayacağını öyrəndikdə rahat nəfəs alacaqlar.
Bu paytaxtlarda "Taliban”la əlaqələr hər ehtimala qarşı saxlanılacaq. Ancaq orada başa düşürlər ki, həqiqətən bir şeyin "Taliban”la müzakirəyə çıxarılması lazımdırsa, bunun üçün taliblərin operatoru olan İslamabaddakı ordu və kəşfiyyat komandanlığının yanına getmək lazımdır”- Müasir Əfqanıstanın Araşdırılması Mərkəzinin əməkdaşı qeyd edib. Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistanın xüsusi xidmət orqanları Pakistandakı həmkarları ilə sabit əlaqə qurur.
"İslamabad Hindistanın iştirak etdiyi layihələrə və Hindistan xüsusi xidmət orqanlarının bölgədə kommunikasiya qurmaq cəhdlərinə qarşı çıxmaq da daxil olmaqla Mərkəzi Asiyada fəaliyyət göstərməkdə maraqlıdır-deyə Almaniyanın "DW” nəşri yazır. Mənbə qeyd edir ki, Pakistanın Mərkəzi Asiyadakı fəaliyyəti bundan artıq deyil. Səbəb isə Pakistanın iqtisadi böhranla üzləşməsidir. Son aylar TAPİ layihəsinin maliyyələşdirilməsinin həyata keçirildiyi Aşqabaddakı ən böyük nümayəndəliyi də daxil olmaqla, "Bank of Pakistan”ın bölgədəki ofisləri bağlanıb.
"Bu kontekstdə ABŞ-ın strategiyasına yenidən baxması İslamabad üçün pis əlamətdir. Söhbət ABŞ-ın iqtisadi sanksiyalar tətbiq etməsindən gedir, beləliklə Pakistan "Taliban”ı sülhə məcbur etmək üçün daha intensiv töhfə verəcək. Pakistanın "Taliban"ı sülhə məcbur etməyə daha fəal yardım göstərmək üçün ABŞ tərəfindən iqtisadi sanksiyaların tətbiq olunmasından gedir. Sanksiyalar bir tərəfdən, "Taliban” daha sözəbaxan olmağa vadar edə bilər, digər tərəfdən İslamabadın Mərkəzi Asiya ilə bağlı böyük layihələrdə iştirak etmək imkanlarını azalda bilər”-Serenko bildirib.
Mənbə: Cebhe.info
Şərhlər