"Tərtərdə atamın adına küçə var. Şəhid adına olan küçələrin abadlaşdırılması üçün sərəncam imzalananda təmir olunası küçələrdən biri də Famil Qulami küçəsi idi”.
Qaynarinfo xəbər verir ki, bunu Ümid Partiyası sədrinin müavini Tamilla Qulami deyib. O, bildirib ki, küçənin girişində atasının (bütün şəhidlər kimi) barelyefi qoyulmalı idi, icra başçısı Müstəqim Məmmədov icazə verməyib:
"Heç bir zaman bu məsələnin qabardılması yönündə nəsə deməmişdim, etməmişdim. Çünki Famil Qulami artıq tək mənim yox, torpaqlarımızın ərazi bütövlüyünün qorunması üçün müharibəyə könüllü gedərkən Azərbaycan oğlu idi, hər kəsin atası olmağı seçmişdi...
İndi niyə bunu yazıram... Bugünlərdə Famil Qulami küçəsində yaşayan sakinlərdən biri telefon etdi ki, küçəmizdə şəhidimizə bulaq tikmək istəyirəm. Öz hesabıma! Amma və lakin... İcra başçısı min bəhanələr gətirərək dedi ki, bunun üçün ancaq paytaxta "aidiyyatı qurum"a müraciət etməlisiniz, ona görə də icazə verə bilmərik...
ŞƏHİDİN MÜXALİFƏTİ DƏ OLURMUŞ... (Anam elə inciyirdi ki... Sadəcə yaxşı ki, bu hakimiyyətin mahiyyətini bilirdi... Bilirdi ki, bu ölkədə diriyə sevgi, sayğı yoxdu, o ki, qaldı torpaq altında uyuyanlara olsun... Heyf, bu nadanlıqlara veriləcək cavabları görməyə ömrü yetmədi... Əminəm ki, dəyişəcəyik, ruhları duyacaq...)
İndiyədək ancaq və ancaq haqqı tapdanan insanların haqqını müdafiə etdim, heç bir məsələyə şəxsi pəncərəmdən yanaşmadım. Məncə bu qədəri fazla oldu... Çünki sən - Müstəqim Məmmədov, bu dəfə də yanlış etdin!
Zaman daralır... Narahat olmağa başla...
Bir küçədə bulaq tikintisi bu qədərmi böyük problemdir? Bəlkə bu işə də ölkə başçısı qərar verir, bilmirik?!
Hələ sayılası çox məsələlər var. Famil Qulami adına idman yarışı keçiriləcəkdi, sonradan Mübariz İbrahimovun adına dəyişmişdilər. Şəhid şəhiddir, hər biri baş tacımızdır, amma qərəzli, kin, nifrət dolu hərəkətlərin mütləq bədəli olacaq...”
Şərhlər