İdman 14:52 08.03.2023

Tanınmış futzal mütəxəssisi: “Belə oyunla növbəti mərhələdə çətin olacaq”

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində millimiz son matçını Polşaya qarşı keçirdi. Jose Alesionun rəhbərlik etdiyi komanda bu görüşdə 2:7 hesabı ilə məğlub olaraq mərhələni qrup ikincisi kimi tamamladı. Düzdür, hələ yunanlarla keçirilən görüşdə elit-raunda vəsiqə qazanmış millimiz DÇ-2024-də mübarizəni davam etdirəcək. Bu mərhələdə isə qarşıya qrupu lider kimi tamamlamaq məqsədi qoyulmuşdu. Ancaq Polşaya məğlubiyyət hələ komandada xeyli boşluqlar olduğundan xəbər verir. 

Azərbaycanın tanınmış futzal mütəxəssislərindən olan Elman Ələkbərov da bu problemlərdən danışıb. O, Qaynarinfo-ya açıqlamasında yığmanın hazırkı durumunu dəyərləndirib, o cümlədən, baş məşqçi Alesionun sistemindən danışıb. Ələkbərov xüsusən də yerli futzalçı qıtlığından bəhs edib:

"Düzdür, ikinci yerlə növbəti mərhələyə çıxdılar. 100 faiz uda bilərdilər. Amma alınmadı. Yerli futbolçulara şans verilmədiyinə görə bir qədər əsəbiləşirəm. Yunanıstanla oyunda da gördüm, yaxşı, gənc futbolçularımız var. Alesio niyə onları meydana buraxmır, bilmirəm. Nə gözləyir, nə istəyir. Məsələn, Xəzər Alızadə braziliyalılardan qat-qat güclü oynayır, həm də ağıllıdır. Yığma hazırlıq keçməmişdi. Futzal elədir ki, bir dəqiqənin içərisində hər şey dəyişə bilər. Oyunun gözəlliyi də budur. Hesab tez-tez dəyişir. 2:7 uduzublar, amma əsas odur ki, ikinci yerlə çıxıblar. Görünən odur ki, hazırlıq yoxdur. 5-6 məşqdən sonra oyuna çıxıblar”.

Ələkbərov heyətdəki braziliyalılarla bağlı düşüncələrini bölüşdü: 

"Elə də faydaları yoxdur. Heytədə güclü braziliyalı görmürəm. İndividual şəkildə yaxşı ola bilərlər. Amma kollektiv oyunda belə deyil. Futzal elədir ki, hazırlıq ən azı bir ay olmalıdır. Demək istəyirəm ki, yenilik görmürəm. Əvvəllər yığmna üzvləri bir-birinə baxmamış ötürmə verirdilər. Bilirlər ki, onların ötürmə etdiyi yerdə oyunçu olacaq. İndikilər topla pis oynamırlar, "korpus” edə bilirlər. Amma bu, qələbə qazanmaq üçün çox azdır. Polşa bunları necə məğlub etdi? Bir oyunçu 5 qol vurdu. Bu, necə ola bilər? Görürsən ki, yaxı oynayır, məsələn, Çovdarova tapşır ki, yapşsın ondan, buraxmasın. Niyə hazırlıq olmayıb? Bizimkilər bilmir ki, həmin 5 qol vuran oyunçu Polşa çempionatında bombardirdir. Niyə internet vasitəsilə onu izləmirsən? Rəqibi yaxşı analiz etməyiblər. Ancaq onlar peşəkardırlar. Baxıb görürlər ki, bizdə ən yaxşı oyunçu kimdi, onu "bağlayırlar”.

O, Alesionun yığmamızdakı işi ilə də bağlı danışdı:

"Onun haqqında danışmaqdan yorulmuşam. Orada Futzal Federasiyasının prezidenti Zaur Axundov var. Yaxşı işləyir. Bunlara nə lazımdır? Vəziyyətdən çıxmaq. İkinci yeri tutub növbəti mərhələyə çıxıblar və heç kim bir söz deyə bilməz. Fərq etməz heç-heçə yaxud məğlubiyyətlə çıxıblar. Ancaq belə oyunla növbəti mərhələdə çətin olacaq. Vaxt var, işləmək lazımdır. Toplanış təşkil edilməli, yoldaşlıq matçları keçirilməli, maliyyə ayrılmalıdır. Potensial var. Amma nələrsə çatmır. Ölkədə futzal çempionatı var. Baxırsan, komandalar aşağıda yerləşib. Futzalçılar elə oynayırlar ki. Düzdür bu, 5-10 dəqiqə davam edir. Sonra gücləri çatmır. Minifutbol sirk kimidir, şoudur. Bundan istifadə etmək lazımdır. Baş məşqçi dəyişikliyinə gəlincə, indiki zamanda bu, heç bir effekt verə bilməz. İndiki durumda Alesio vəzifəsində qalmalıdır. Çünki gecdir. Digər tərəfdən o, Azərbaycandan getsə, hansı komanda götürər ki? Çünki buarada yaxşı ad qazanıb. Lakin Zaur müəllimin zəhməti ondan da çoxdur. Alesio Qazaxıstana getdi, götürmədilər. Hansı komanda götürər ki? Çünki başqaları peşəkardır. Baxırlar və görürlər ki, Alesio onlara lazım deyil. Azərbaycanda kifayət qədər yerli məşqçilər var. Mən gənc futzalçılardan ibarət komandanı götürsəm, məsələn, "Araz-Naxçıvan”a daha az hesabla məğlub olaram. Baxmayaraq ki, səviyyə fərqi böyükdür. Alesio da zəif komanda götürsün, görək bir il ərzində futzalın səviyyəsini yüksəldə bilərmi? Yerlilərə də şans vermək lazımdır. Braziliyalılar götürmüsən, nəticə üçün oynadırsan. Futzalı inkişaf etdirmək lazımdır. Yəqin ki, yunanlarla oyunda gördünüz, qol vurulur, azarkeşlər sevinir, alqışlayır, vəssalam. Maraq yoxdur. Amma məsələn, 8 nəfər yerli gənc futzalçı olsaydı, tribunalar dolardı. Çünki ən azı o uşaqların qohumları gələrdi, azarkeşlik edərdi. Bizim vaxtımızda Camal Məmmədov, Namiq Məmmədkərimov, Seymur Məmmədov hamısı gənc idi. Təkcə Seymura görə oyuna ən azı 30 nəfər azarkeş gəlirdi. İlqar Abdulovun xeyli sayda, 100-dən çox qohumu vardı, hamısı tribunaya gəlirdi. İndi yerlilər qalıb kənarda, 8 braziliyalı oynayır. Qol vururlar, sevindirirlər, amma azarkeşlər oyuna elə-belə baxır. Baxın, İspaniyada da braziliyalılar oynayır. Ancaq onların yanında ən azı 30-40 ispan oynayır. Düzdür, Azərbaycanla İspaniyanı müqayisə etmək olmaz, eyni deyil. Çünki orada 2000 dənə futzal komandası var. Lakin yerliləri də inkişaf etdirirlər”.

Mütəxəssis Azərbaycanda yerli futbolçulara güvənilmədiyini də dedi:

"Baxın, bir uşaq 6 yaşından futbolla məşğul olmağa başlayır. 16 yaşına gələndə uşaq oynamağa hazır olur. Maliyyə dəstəyi versinlər, getsin irəli. Ancaq bunlar nə edir? Axtarıb onun mövqeyinə Eddi İsrafilovu gətirirlər. Nə üçün, kimə görə? Komanda üçüncü yerdədir. Təkcə "Neftçi”dən söhbət getmir. "Qarabağ”a baxın. İstənilən vaxt legioner gətirmək mümkündür. Ancaq yerlilər də güclüdürlər. Azərbaycanda Abbas Hüseynov kimi müdafiəçi var? Tural da inkişaf edir. Musa Qurbanlıya baxın. Sağ olsun Qurban Qurbanov, onu oynadır. Bir ildən sonra, görün, necə futbolçu olacaq. Riskə getmək, futbolçulara güvənmək lazımdır. Bu cür "açar” oyunda kim Musanı meydana buraxardı? Amma Qurbana afərin, bunu etdi. Məğlubiyyətin eybi yoxdur. Başqa oyunlar da var.  Xatırlyıram, bir dəfə Portqualiyaya oynamağa getmişdik. Seymuru meydana buraxdım, gənc idi, həyəcandan yıxılmışdı (gülür). Ancaq minifutbol yığmamız Avropa çempionu olanda finalda qolu məhz o vurmuşdu. Mahir Emreli necə futbolçu oldu? "Qarabağ”la birlikdə Fransaya getdi, oynadı və qiyməti qalxdı. Emin Mahmudov əvvəl necə idi? Ortabab futbol oynayırdı. Ancaq indi "Neftçi”nin, millinin ən yaxşılarındandır. Qiyməti də qalxıb, hamı onu öz komandasında görmək istəyir. Risk etməlisən, gənclərə şans verməlisən, əks halda inkişaf mümkün deyil”.

Səbuhi Həsənov