Şərif Ağayar
Adamlar münasibətinin yaxınlığını ifadə edərkən adətən “Qardaş kimiyik!” ifadəsini işlədirlər. Bəs bizə doğrudan-doğruya qardaşdan yaxın və doğma olan insanlar barədə nə deyək? Hansı epiteti işlədək? Mənim belə dostlarım, təbii ki, çox az olub. Amma bu siyahının başında Zahir Əzəmət gəlib həmişə... Ona az qala Tanrı qədər inanmışam. Heç vaxt yalan danışdığını, yarındığını, mənafeyi üçün həqiqəti dandığını, gözardı etdiyini görməmişəm.
O, yeganə qələm adamıdır ki, istedadından asılı olmayaraq heç kimi qısqanmayıb. Zərrə qədər! Özündən aşağı olan dostlarını da özündən yuxarı təqdim edib həmişə. Bu gün yazılarını sevə-sevə oxuduğunuz, hətta bəzən Zahirin özündən məşhur olan qələm sahiblərinin çoxunu ədəbiyyata o təqdim edib! Elə böyük ürəklə, elə inanaraq, elə içdən edib ki, ədəbiyyatın “yox” deməyə üzü gəlməyib.
Zahir həyatın dibindən ən ciddi uğurlara qədər istənilən insana nümunə göstəriləcək ömür yolu keçib. Onun enerjisi və qətiyyəti qarşısında baş əymədəm edəmirəm. Yüz dəfə məğlub olsa belə kürəyini yerə qoymaz! Yalnız irəli! Qələbə çalana qədər!
Zahir mənim tez ruhdan düşməyimi həmişə lağa qoyub. Mən ovqat adamıyam. O, belə deyil. Ona görə bəzən zarafatla deyirəm ki, sənin əsəblərin “tros”dandır! Eşi Sevinc Çılğın buna həmişə sevinir, deyir, bəxtim gətirib. Bir dəfə dedim, ay pirolmuş, o əsəblə Zahir hamımızı yola salacaq, sonra da evlənəcək! Sevinc diksinib barmağını dişlədi. Sonra eşitdim arada Zahiri əsəbləşdirir ki, çox da cavan qalmasın!
Zahir kiməsə, nəyəsə bütün varlığı ilə inanır və qəti şəkildə əmindir ki, onu heç vaxt darda qoymaz. Bu Allahdır, Allah deyil dəqiq bilmirəm. Məncə, bu, ən çox Zahirin özünün təmiz əqidəsidir ki, Allahla bağlı məsələdir.
Onu yəhudilərə bənzədirəm. Öz dəqiqliyi və soyuq məntiqi ilə almanların qabağına “kozır” qoyar! Di gəl, bu “praqmatik dünyadan”, məsələn, “Talış kəndi” kimi şedevr çıxa bilir.
...Qoca zaman
Sevir yaman
Təsbeh çevirməyi...
Zahir Əzəmət mən də daxil bütöv bir ədəbi nəslin “başqan”ı, abisi olub. Metro üçün jetonpulu tapmayanda da, “Ulduz” metrosundakı ağdamlı Famil dayının balaca kafesində nisyə yeyib içəndə də Zahirin işığı bizi pessimist olmağa qoymayıb. Pessimist adamları görməyə gözü yoxdur. İtdən alıb itə verir o saat! Zahirə görə ümidsiz insan avaradır!
Bütün ciddiyyəti və reallıq hissi ilə bahəm onu çəkinmədən bir ədəbiyyat fədaisi hesab etmək olar. Məsələn mən yazmaq və mütaliə vaxtımdan kəsib ədəbi mühit üçün, başqaları üçün bu qədər çalışmaram heç vaxt. Zahir buna görə pul da xərcləyir, vaxt da, əsəb və sağlamlıq da!
Mənə elə gəlir, onun taleyini yazanda Tanrı istedadını sınaqdan keçirirmiş. Bütün cəhdi ilə çalışırmış ki, maraqlı, qeyri-adi, hardasa inanılmaz bir insan yaratsın.
Yaşlanırıq...
Bu gün artıq 39-u qeyd edir Zahir. Peyğəmbər yaşına qədəm qoyur... Amma təbii ki, qarşıda hələ uzun bir yol var. Bu yolun başlanğıcı çox ağır, çox maraqlı, çox şərəflidir. Arzum budur ki, mənim qardaşdan yaxın dostum qalan yolu əziyyətlərinin bəhrəsini daha çox görsün. Yaradıcılıqdan, ictimai fəaliyyətdən tutmuş, biznesə, pul-para qazanmağa qədər.
Ad günün mübarək, gözəl dost!
İyi ki varsan!
kulis.az
Şərhlər