Xəbər lenti

Tanrıdan qabaq yaranan qarğa... - Bələdçi
Sənət 10:27 17.10.2019

Tanrıdan qabaq yaranan qarğa... - Bələdçi

Qaynarinfo Mənsur Rəğbətoğlunun "Bələdçi” hekayəsini təqdim edir:

O, necə gecəydi, necə! 

İdbar bir qarğa qanadlarını sallayıb çinar ağacının çılpaq budağında oturmuşdu. Gecənin ölülər dirilən vaxtı və oyaq bir qarğa. Xarabalıq sükunəti.
Tanrılar sanki dünyanı lənətləmişdi, işıq gələn tərəf yox idi. Mənzillərin pəncərələri də içəridən dünyaya nifrin püskürürdü. İşin içinə yuxu qarışmışdı – Tanrı dünyadan xəbərsiz, dünya özbaşına – Yer üzündə oyaq kimsə qalmamışdı o idbardan başqa...

Dibsiz zülmət əbədi diksinmə duyğusu oyadırdı. Sanki qaranlıq dünyanı insanlardan alıb boşaltmış, bu idbar məxluqu dünyanın sonuncu sakininə çevirmişdi. Hər yer boş və soyuq görünürdü. Qarğa bu sonsuz boşluğun ortasından sallanan çinar ağacının çılpaq budağında otrumuşdu. Nəhəng heçliyin ortasında...

Sakitlik – bu bir əlamətdir.

Süləngi bir zülmət dolaşırdı şəhərin başı üstündə, dünya qara yorğana bürünmüşdü. Binaların dibinə qədər çöküb səmanın parça-parça tökülmüş cansız bədəni... Qansızlıqdan qaralmış göy üzü. Sanki dünya heç vaxt yerli-dibli olmamışdı.

Elə bil sükunət və kimsəsizlikdən həzz alan bu qara quş tanrıların hələ yaratdıqlarını tamamilə yox etmədiyinin yeganə bələdçisi idi. Sükunətə hökm verən, tanrıların səltənətindən gələn işıq dəliyinə dimdiyini soxan bələdçi – hələ heç nə başlamamışdı, hər şey qabaqda idi.

Qalxıb uçmağa qanadlarında taqəti qalmayan bu qara quşun tükləri yolunub. Tez-tez qanadlarının altını dimdikləyir, heç nə tapmır, özünü qanadlarına bükəndə uzun boğazı bədəninə çəkilir. Dişsiz yaşlı adamın dodaqları kimi.

Səssizlik pozulur - uzaqdan külək uğuldayaraq gəlir, qabağına zir-zibili qataraq. Tufan qalxır, soyuq iynə kimi sancılır qarğanın bədəninə - külək ayaz gətirir. Qarğa bürünməyə bir az da qanad axtarır, külək onu yerindən tərpədə bilmir. Gözünü öz içinə zilləyib deyəsən, heç nə görmür. Varlığını bürümüş bir sakitliklə harasa baxır.
Sanki o, dünyadan əvvəl vardı, insanı yaradan xaosdan – təlatümdən lap əvvəl, deyəsən, hələ Tanrı da yox idi onda. 

Əbədi həyat qarğaya bircə danışmağı öyrətməmişdi, amma küləyin qarşısında necə dayanmağı öyrətmişdi. Heykəl kimi donmuşdu yerində, tərpənmirdi. Lələklərindən bir qıl belə tərpənmirdi. Hələ bir oyaq da qala bilirdi. Tənbəl-tənbəl baxır, insan kimi baxır - tozanaq qalxanda gözlərini yumur, sonra yenə harasa zillənir, gözlərinə dolan tozu qanadıyla silirdi.

Sonra haradansa qara rəngli bir fetr şlyapa uçub gəldi, bir dəst də qara rəngli smokinq və dirijor çubuğu. Qanadları əllərə çevrilib bu çubuqdan yapışır, başında şlyapa, əynində smokinq - yalavac köpək kimi ulayaraq özünü ora-bura çırpan küləyə hökm verməyə başlayır. Mənzillərin pəncərələri açılıb çırpılır, mənzillərdən ilan dili kimi uzanan pərdələr sanki binaları kəfənə bükür. Bəyaza bürünüb binalar, içində də adamlar.

Külək sürət götürüb elektrik məftillərini gitara simləri kimi dilləndirir – qarğa çubuqla tanrıların əyləncə məclisindən eşidilən musiqini müşayiət edir.
Adam qaraltısı görünür küçədə...

Qışqıraraq qaçır küçə boyu, səntirləyə-səntirləyə, ayaqları çuxurlara ilişərək. Arxasınca da bir köpək... Adam qışqırır, köpək hürür, qarğa əllərinə güc verir - külək daha şiddətlə uğuldayır. Adam qışqırır, qışqırır – uzaqdan külək fit verir. Qaçır, qaçır, qışqırır, qışqırır – ilk döngənin arxasında yoxa çıxır. Bir azdan geri qayıdır qaça-qaça, köpək qabaqda qaçır. Adam köpək kimi hürür, köpək adam kimi qışqırır, hər ikisi qaçır, boş prospekti yarıb keçirlər, səsləri eşidilmir.

Buludun əyri çatlağından bulanıq mavi işıq süzülür, qarğa çubuğun ucundan göy üzünə zillənib narazılıqla qarıldayır. Külək hökmə baş əyib bu çatlağı bağlayanda işıq yoxa çıxır, qarğa razılıq əlaməti olaraq başını yelləyir.

Gələnlər var...

Küçənin ortasındakı yeganə gecə lampasının altında dörd nəfər peyda olur – çiyinlərində də tabut. Zülmətdən dibi görünməyən gecə lampası sanki havadan asılı qalıb yellənir. Tabut daşıyan adamlar işıq gələn yerə sürünür. Tabutu yerə qoyub xorla oxuyurlar:

Bu bir əlamətdir,
Hələ çox çəkəcək bu zülmət.

Qarğa çubuq tutan əlini qaldırıb tabuta tuşlayır, zərblə əllərini qaldırıb-endirməyə başladıqca xor səsini yüksəldir, küləyin səsi eşidilməz olur. Görünməz dalandan adam və köpək çıxıb xora qoşulur. Köpək qalxıb tabutun üstündə oturur, xor başa çatanda qarğa çubuğu küçənin qaranlıq tərəfinə uzadıb "get” əmri verir. Əmrə tabe olan dörd adam çiyinlərinə güc verərək tabutu götürüb küçə boyu addımlamağa başlayır – zülmətin gecə lampasının işığını udan yerə qədər görünür, sonra yoxa çıxırlar.

Uzaqdan getdikcə öləziyən səsləri eşidilir:

Tanrıdan əvvəl vardı bu qara qarğa
O, bir fəlakətdir.

Buludlar yenə çatlayır, qarğa narazılıqla başını bulayıb səmaya boylanır - külək buludları süpürməyə başlayıb - Ay görünür. Soyuq adamın iliyinə işləyir. Fetr şlyapa, smokinq, çubuq yoxa çıxır, əllər qanada çevrilir. Qarğa Aya doğru qanad çırpır, işıq onu udub yoxa çıxarır - Aydan yerə uzanan süd yolu maviyə çevrilir.

...Adam gözlərini açıb yuxudan ayılanda televizorun mavi rəngli ekranına zilləndi, qarğalar ölü camış cəmdəyinin yanında vurnuxurdu. Pəncərə açıq qalıb, külək əsir, pərdələr yellənir. Adam qarnının üstündə ağırlıq hiss edir, baxır, köpəkdi, yuxuya gedib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->