Yanvarın 29-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında AMEA-nın Tarix İnstitutunun 2019-cu ildə nəşr olunan kitablarının kitabxanaya təqdimetmə mərasimi keçirilib.
İnstitutdan Qaynarinfo-ya verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq deyib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu "ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib. Bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında bildirib ki, 2019-cu ildə elmi müəssisədə 43 adda yeni kitab nəşr olunub. O qeyd edib ki, ötən il "Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), "Real tarix və "Böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), "Saxtakarların yalançı elmi, yaxud ermənisayağı "tarix”, "Tiflis əmirliyi”, "Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, "Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)”, "İngiloylar: zorakı xristianlaşdırmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən” və digər kitablar çap olunub.
Tarixçi alimlər Güntəkin Nəcəfli, Rəşad Mustafa, Kamran İsmayılov və Şahin Fazil bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. İnstitutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədi gətirilib.
Sonda Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müştərək elmi əsərlər çap ediləcək, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, qarşılıqlı olaraq elektron kataloqdan istifadə ediləcək. Həmçinin Milli Kitabxana Tarix İnstitutunun nəşrlərini dünya kitabxanalarına göndərəcək.
Şərhlər