"Dünya tarixçilərinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb”.
İnstitutdan Qaynarinfo-ya verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında deyib.
Yaqub Mahmudov bildirib ki, soyqırımla bağlı əlaqələndirmə mərkəzinin yaradılması barədə qərar "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları və deportasiyalar” mövzusunda Qusarda keçirilən V Beynəlxalq elmi konfransda qəbul olunub: "Prezident İlham Əliyev soyqırımı probleminə həsr olunmuş beynəlxalq elmi konfransların fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır. Soyqırımı problemini daha dərindən araşdırmaq üçün dünyanın müxtəlif ölkələrindən olan alimlərin tədqiqatlarının əlaqələndirilməsi zəruridir”.
Elmi Şuranın qərarına əsasən mərkəzdə soyqırımı və deportasiyalar problemi üzrə tədqiqatlar aparan tanınmış mütəxəssislər fəaliyyət göstərəcək.
Akademik deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri ermənilərin törətdikləri soyqırımlarını ifşa edən əvəzolunmaz tarixi mənbədir.
Mərkəz dünyanın, o cümlədən türk-müsəlman ölkələrinin soyqırımları və deportasiyalarla məşğul olan tədqiqatçıları arasında səmərəli elmi əlaqə yaradacaqdır.
Şərhlər