Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı "Qarabağ Ermənistanındır” şüarının qaldırılması İranda yaşayan azərbaycanlılar arasında böyük narazılıqla qarşılanıb.
Lent.az-ın İrandakı mənbələrdən əldə etdiyi xəbərə görə, ən böyük narazılıqlar qədim Təbriz şəhərində yaşanır.
İlk hədəf Təbriz ermənilərinin "Ararat” klubunun ofisi olub. Bu gün səhər Təbriz sakinləri ofisin divarlarında "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarının yazıldığının şahidi olublar. Maraqlıdır ki, şüar fars əlifbasında deyil, latın qrafikalı Azərbaycan əlifbasında yazılıb. Bu gün cümə namazı olduğunu nəzərə alaraq, məscidlərdə Ermənistan əleyhinə etirazları önləmək üçün Təbriz müsəllası önündə İranın ali dini lideri Seyid Əli Xamneyinin "Qarabağ İslam torpağıdır” ("Qarabağ xake-İslam əst”) şüarı asılıb. Narazılıqların böyüməməsi üçün Təbrizdə fəaliyyət göstərən və hakim rejimə yaxınlığı ilə tanınan saytlarda bu şüarın fotosu dərhal tirajlanıb və "əgər Qarabağ Tehranda Ermənistan torpağı kimi qəbul edilirsə, Təbrizdə müsəlman torpağı kimi tanınır” fikri xüsusi vurğulanıb.
İran xüsusi xidmət orqanlarını narahat edən başlıca məqam ondan ibarətdir ki, bu gün Təbrizin "Traktorsazi” futbol komandasının "Sepahan” komandası ilə oyunu keçiriləcək. Bildiyimiz kimi, "Traktorsazi”nin oyunları, adətən, İrandakı türk millətçilərinin rejimə etiraz meydanına çevrilir. Bu dəqiqələrdə "İnstagram”da yerləşdirilən videodan da görünür ki, oyun başlamamış Təbriz stadionunda "Qarabağ bizimdir, bizim olacaq” şüarı səslənməyə başlayıb.
Şərhlər