Siyasi didişmələrə sözardı
Vahid Qazi
1993-cü ilin iyun ayı idi. Surət Hüseyov qiyamını etmişdi.
Qiyamdan bəhrəsini götürən götürmüşdü.
Ölkə başçısı da başını götürüb getmişdi. Başçısız qalan prezident aparatında isə hamı başını itirmişdi.
İşlədiyim ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə müşavirliyimizdə sovetdənqalma əməkdaşlarda arxayın tövr, çevriliş (inqilab da deyirik) dalğasının bura atdığı biz gənclərdə isə ümidsiz hal vardı.
***
"Real” öncüllərindən Erkin Qədirlinin neçə gündü müzakirə olunan "Hakimiyyət bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplaya bilsin” fikri 25 il əvvəlin həmin günlərində olmuş bir söhbətini yadıma saldı.
O iyun günlərinin birində müşavirliyin eyni adlı şöbəsinin müdir köməkçisi Əfruz Niftiyev sifətimdə gözü nə almışdısa təsəlli verirmiş kimi təxminən belə bir söz işlətmişdi: "Etiraf edək ki, təcrübəsizik. Gedək, kitab oxuyaq, dil öyrənək, təcrübə toplayaq, sonra yenə gələrik”.
Getməyinə getdik, amma oxuyub, öyrənib, təcrübələnib qayıtmadıq!
Qayıtmaq bir yana, hələ də bilmirik ki, sən demə, hakimiyyətə gəlmək, onu saxlamaq üçün gərəkən iki şey varsa, biri xaricilərin, o bir də öz xalqın dilində danışmağı öyrənməkdi.
Başqalarını bilmirəm, 25 ilin "təcrübəsi” mənə onu öyrətdi ki, ingilis dilində danışmaq hələ ingilisin, amerikalının dilində danışmaq deyil.
Heç Azərbaycan türkcəsində bülbül kimi ötmək də Azərbaycan xalqının dilini bilmək sayılmır.
25 ilin təcrübəsi onu da göstərdi ki, ABŞ-ın, Avropanın dilini ən yaxşı bilən ömründə ingiliscə bir kəlmə kəsməyən Heydər Əliyev imiş. Sən demə, Azərbaycan dilində rus aksentində danışsa da İlham Əliyev öz xalqının dilini bütün siyasətçilərdən gözəl bilirmiş. Yoxsa, 15 ildən sonra daha 7 il də seçməzdi onu bu xalq.
***
Son vaxtlar siyasi gündəmi tutan didişmələr, bir-birinin sözünü həzm etməyib düşməncə davranmalar adamı 25 il əvvəlin havasına kökləyir. Ruhdan salır, inamsızlıq aşılayır. Bunu bizə ancaq düşmən arzulayar!
Ürək ağrıdan odur ki, bu gün cəmiyyətdə "birləşdir, yönəlt” yox, "parçala, hökm et” əxlaqı hakimdi.
Azərbaycan cəmiyyəti heç vaxt bu günkü qədər param-parça olub hissəciklərə, qrupcuqlara, zərrəciklərə bölünməyib.
Özü də böyrümüzdə düşmənimizin birləşib yumruq halında meydanlara çıxdığı bir vaxtda. Təzə erməni lideri dünyanın 84 ölkəsindən liderləri Yerevana toplayıb rəqs elədiyi zamanda.
Nə deyirdim?
Topalaşa bilməyi öyrənək! Topalaşıb bir-birimizlə danışmaq təcrübəsi qazanaq!
Sonra dünyanın da, xalqın da dilini tapmaq asan olacaq.
…tələsmək lazımdı, çox gecikmişik.
Şərhlər