Son məlumatlara görə, Çində geniş yayılan insan metapnevmovirusu (hMPV) Qazaxıstan və Qırğızıstana da keçib. Yayılan virus tənəffüs yollarını zədələyir və əsasən birindən digərinə damcı yolu ilə ötürülür. Virus xüsusilə uşaqlar və immuniteti zəif olan şəxslər arasında sürətlə yayılır.
Mövsümi xarakter daşıyan virusun simptomları əsasən özünü nədə biruzə verir?
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, metapnevmovirusu (hMPV) pnevmovirus ailəsinə aiddir:
"Yuxarı tənəffüs yollarının qripəbənzər iltihabını törədir. Əlamətləri buruntutulma, asqırma, öskürmə, halsızlıq, zəiflik, baş və bel ağrıları, qızdırmadır. Qrip kimi hava-damcı yolu yoluxur".
Adil Qeybulla sözügedən virusun uşaqlar arasında yayıldığını vurğulayıb:
"Bu uşaqlar arasında gərginlik yaradır. Hazırda virusun qardaş Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda yayılması Azərbaycan üçün də narahatlıq doğurur. Biz hər an buna hazır olmalıyıq. Azərbaycan lazımı tədbirlər görməlidir".
Adil Qeybullanımn fikirincə, virusun Azərbaycan ərazisində peyda olması hər an baş verə bilər:
"Biz qloballaşan dünyada yaşayırıq. Çinlə də həm ticarət, həm də digər əlaqələrimiz var. Virusun burada peyda olması mümkündür. Vəziyyətin ciddi olmasının fərqində olmalıyıq. Amma bu virusun pandemiya yaratmaq şansı aşağıdır, bu, gözlənilmir".
Professor bütün bunlara baxmayaraq, mümkün qədər çox adamların xəstələnməməsi üçün maarifləndirici tədbirlər görülməlidir.
Bahar Rüstəmli
Şərhlər