Xəbər lenti

Tevanyan impiçment deyir, Çalabyan erməniləri şəhəri iflic etməyə, MTN isə “ağıllı olmağa” çağırır
Siyasət 23:21 19.09.2023

Tevanyan impiçment deyir, Çalabyan erməniləri şəhəri iflic etməyə, MTN isə “ağıllı olmağa” çağırır

"Ana Ermənistan” müxalifət blokunun lideri Andranik Tevanyan siyasi qüvvələri Ermənistanın baş naziri Nikol Paşinyanın impiçment yolu ilə istefaya göndərilməsi proseduruna başlamağa çağırıb. 

Qaynarinfo xəbər verir ki, Tevanyan bunu Respublika meydanında keçirilən etiraz aksiyası zamanı mövcud vəziyyətdən çıxmaq üçün "yol xəritəsi” təqdim edərkən bildirib.

"Bizim hakimiyyət dəyişikliyini həyata keçirə bilməmiz üçün bütün siyasi qüvvələr, o cümlədən parlamentdənkənar qüvvələr səy göstərməlidir”, - Tevanyan bildirib.

O, bütün qüvvələri, o cümlədən parlamentdənkənar qüvvələri birləşməyə və hakimiyyətin dəyişdirilməsi, Nikol Paşinyanın istefaya göndərilməsi və yeni milli hökumətin formalaşdırılması üçün səy göstərməyə çağırıb.
Tevanyan vətəndaşları məqsədlərinə çatmaqda onlara qoşulmağa çağırıb.

O xatırladıb ki, onların tələbləri arasında Praqada əldə olunmuş razılaşmaların rədd edilməsi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması və Dağlıq Qarabağ xalqının təhlükəsizliyinin təmin edilməsi öhdəliyini nəzərdə tutan Müstəqillik Bəyannaməsinə sadiqlik daxildir. Növbəti addımlara yeni hökumətin, eləcə də parlament vasitəsilə yeni hökumətin formalaşdırılması daxildir.

"Ayakve” təşəbbüsünün həmtəsisçisi və koordinatoru Avetik Çalabyan isə İrəvanda Respublika meydanına toplaşanları sentyabrın 20-dən etibarən bütün şəhəri iflic vəziyyətinə salmağa çağırıb.

"Bu gün kritik məqamdır, Dağlıq Qarabağ atəş altındadır. 25-dən çox ölü, 100-dən çox yaralı var. Biz bu binada oturan şəxsə (hökumət - red.) güvəndiyimiz üçün bu günə düşdük", - Çalabyan bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyətdən yeganə çıxış yolu hakimiyyət dəyişikliyidir. Çalabyan hesab edir ki, Dağlıq Qarabağı və Ermənistanı əl-ələ verib müdafiə etmək lazımdır. Əks halda Dağlıq Qarabağda baş verənlər Ermənistanda da təkrarlana bilər. Çalabyan izah edib ki, bugünkü mübarizə yaşamaq hüququ uğrunda mübarizədir.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, respublikada konstitusiya quruluşunun qorunması üçün qanunla nəzərdə tutulmuş təsirli tədbirlər görəcək. Bu barədə Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Milli Təhlükəsizlik Xidməti respublikada kütləvi iğtişaşların təşkili təhlükəsinin real olduğunu qeyd edir və ölkədə daxili təhlükəsizliyə xələl gətirmək üçün real ilkin şərtlər yarada bilən nifrət və zorakılığa çağırışlardan çəkinməyə çağırıb.

MTN konstitusiya quruluşunun qorunması, dövlətin və vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsi, Ermənistan Respublikasında təhlükəsizliyi pozan istənilən hərəkəti neytrallaşdırmaq üçün bütün tədbirləri görəcəyini bildirib.

Xidmət bir daha vətəndaşları təxribat xarakterli hərəkətlərə əl atmamağa və ölkədə daxili sabitliyi pozan təxribat xarakterli çağırışlara uymamağa çağırış edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->