"Apple" şirkəti istehsalın bir hissəsini Hindistana köçürməyi planlaşdırdığı bir vaxtda, ABŞ prezidenti Donald Trampdan təhdid xarakterli açıqlama gəlib. Tramp bildirib ki, ABŞ-da satılacaq "iPhone" modelləri ABŞ ərazisində istehsal olunmalıdır. Əks halda, şirkət məhsullarına ən azı 25% gömrük vergisi tətbiq olunmalıdır.
Qaynarinfo xəbər verir ki, Tramp sosial media üzərindən verdiyi açıqlamada bu tələbi "Apple"ın baş direktoru Tim Kuka çox əvvəl çatdırdığını vurğulayıb: "Amerikada satılacaq "iPhone"ların Hindistanda və ya başqa ölkələrdə deyil, Amerikada istehsal olunmasını gözləyirəm. Əgər bu mümkün olmayacaqsa, ən azı 25 faiz gömrük vergisi tətbiq edilməlidir".
"Apple" hazırda istehsalını Çindən uzaqlaşdırmaq üçün Hindistandakı istehsal gücünü artırmaq istiqamətində addımlar atır. Şirkət bu yolla mümkün vergi yüklərindən yayınmaq və tədarük zəncirini şaxələndirmək istəyir. Lakin Trampın mesajı Ağ Evin bu strategiyanı dəstəkləmədiyini göstərir.
Çindəki asılılıq və ABŞ istehsalı nə qədər realdır?
Aprel ayında "Apple" Çindən idxal edilən məhsullara tətbiq edilən 145%-lik yüksək vergi dilimindən azad edilmişdi. Buna baxmayaraq, şirkət digər vergi və xərclərlə qarşılaşmaqdan qaça bilməyib.
Şirkətin keçmiş mühəndislərindən biri daha əvvəl verdiyi açıqlamada qeyd etmişdi ki, "iPhone"ların ABŞ-da istehsalı olduqca böyük miqyas tələb edir. Onun sözlərinə görə, bu cür istehsalı həyata keçirmək üçün demək olar ki, Boston böyüklüyündə bir şəhərin tamamilə "iPhone" yığımına ayrılması lazımdır.
"Apple"ın illik istehsal gücü təxminən 200 milyon ədəd təşkil edir. Bu istehsalın böyük hissəsi Çinin Çjenqjou şəhərində yerləşən nəhəng zavodlarda həyata keçirilir. Bu zavodlarda 300 mindən çox insan çalışır.
Tutaq ki, "Apple" yalnız Şimali Amerika bazarı üçün istehsal edəcək və bu rəqəm ildə bir neçə on milyon ədəd "iPhone" ilə məhdudlaşacaq. Bu halda belə, yüz minlərlə amerikalının işə qəbul edilməsi, təlim keçməsi və çalışdırılması tələb olunur. Həmçinin, bu işçilərə ödəniləcək əməkhaqqı Asiyadakı fabriklərlə müqayisədə xeyli yüksək olacaq.
ABŞ istehsalı üçün də idxal zəruridir
Daha bir çətinlik isə ondan ibarətdir ki, "iPhone"un əksər komponentləri hələ də ABŞ-dan kənarda istehsal olunur. Hətta istehsal ABŞ-a köçürülsə belə, çiplərdən tutmuş ekran panellərinə qədər bir çox kritik hissə yenə də idxal ediləcək. Alternativ olaraq bu komponentlərin ABŞ-da istehsalı üçün əlavə zavodların qurulması tələb olunur ki, bu da böyük sərmayə və işçi qüvvəsi deməkdir.
Bu mürəkkəb mənzərədə "Apple" üçün əsas çətinliklərdən biri də istehsal xərcləridir. İstehsalın ABŞ-a keçirilməsi və ya yeni gömrük rüsumları səbəbilə "iPhone" qiymətlərində artım qaçılmaz görünür. Onsuz da "iPhone 17" seriyasının qiymətlərinin artacağı gözlənilərkən, bu inkişaf qiymətlərə əlavə bir bahalaşma dalğası gətirə bilər.
"Apple"ın hansı yolu tutacağı hələ ki qeyri-müəyyəndir. Lakin Trampın sərt mövqeyi, şirkəti istehsal strategiyasını yenidən nəzərdən keçirməyə vadar edə bilər.
Aydın
Şərhlər