Deyir ki, qazandığı uğurlara görə göydə Allaha, yerdə valideynlərinə, bir də həyat yoldaşına borcludur...
Atası Oqtay Kərimov psixologiya elmləri namizədidir. Bakı Dövlət Universitetində kafedra müdiri işləyib. Hazırda təqaüddədir. Anası Tahirə xanım isə uzun illər indiki Bakı Musiqi Akademiyasında çalışıb, sənətşünaslıq elmləri namizədidir. Ömür-gün yoldaşı Ertan Sarı ixtisasca kimyaçıdır. Ankarada Enerji Bakanlığında işləyir. İki övladı vardır. Oğlu Alim 15, qızı Ülviyyə Könül isə 11 yaşındadırlar...
Haqqında söhbət açdığım Pərvin xanım Kərimova-Sarı Bakıda dünyaya gəlib. Orta təhsilini 1995-ci ildə Bakı Xoreoqrafiya məktəbində başa vurub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblında işə başlayıb. Eyni zamanda, Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Bir il UNİCEF-in layihəsi üzrə Sabirabad rayonunda treninqlərdə iştirak edib. 1996-cı ildən Türkiyənin Samsun şəhərində məskunlaşıb...
Pərvin xanım Samsuna gələndən sonra dörd il studiyaların birində balet və rəqs müəllimi işləyib. Müəyyən təcrübə toplayandan sonra qərara gəlib ki, özəl studiya təsis etsin. Həyat yoldaşının dəstəyi ilə buna nail olub. 2000-ci ildə "Art Center Study” adlı studiya yaradıb. Hazırda həmin studiyanın həm direktoru və həm də müəllimidir. Burada balet və rəqslə yanaşı, piano kursları da fəaliyyət göstərir. Balet və rəqs kurslarını özü aparsa da, piano kurslarını anası Tahirə xanım aparır. Üstüstə gələndə 120-dən çox uşaq bu studiyada təlimlər keçir. Bundan əlavə studiyada eyniadlı ansambl da fəaliyyət göstərir. 24 nəfərdən ibarət olan bu ansambl indiyədək bir sıra Avropa ölkələrində keçirilən müsabiqələrdə qalib gəlib, müxtəlif mükafatlara layiq görülüb...
Çox bacarıqlı, işgüzar xanmdır. Məqsədə doğru əzmlə irəliləməyi bacarır. Daim öz üzərində işləyərək yeni-yeni nailiyyətlərə imza atır. Bakı Xoreoqrafiya məktəbində mükəmməl təhsil verdiklərinə görə, müəllimlərinə minnətdarlığını dilə gətirir. Tətbiqi sənətlə məşğul olmağı xoşlayır. Rəhbərlik etdiyi ansmbldakı rəqqasların geyimlərinin eskizlərini özü çəkir. Mütaliədən yorulmur. Ailəvi səyahət etməkdən zövq alır. İndiyədək Amerikada və bir sıra Avropa ölkələrində səfərdə olub...
Arzuları çoxdur. Bütün analar kimi arzularının əksəriyyəti övladları ilə bağlıdır. Ən böyük istəyi isə Türkiyədə özəl sənət liseyi yaratmaqdır. Əzmlə bu istəyinə doğru addımlayır.
Əlbəttə ki, qismətində varsa o, buna da nail olacaq...
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Şərhlər