İdman 20:19 18.02.2020

UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı

UEFA "AVRO-2020"nin final mərhələsinin iştirakçılarının turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmaların da yoxlama görüşlərinin vaxtı və yeri müəyyənləşib.

Türkiyə milllisi qitə çempionatına hazırlıq məqsədi ilə 4 yoxlama oyunu keçirəcək. İlk oyun martın 27-də Lyublyanada Sloveniyaya qarşı olacaq. Qardaş ölkə millisi 3 gün sonra Vyanada Avstriya ilə qarşılaşacaq. "Ay-ulduzlular" mayın 26-da Azərbaycan millisi ilə qarşılaşacaq. Bu görüş Antalyada baş tutacaq. Şenol Güneşin baş məşqçisi olduğu kollektiv "AVRO-2020"yə hazırlığı iyunun 1-də Osiekdə Xorvatiyaya qarşı keçiriləcək oyunla yekun vuracaq.

Qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmalardan İsveçrə də 4 oyun keçirəcək. İsveçrəlilər martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteynlə qarşılaşacaq.

Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.