Xəbər lenti

Ukrayna böhranı: Türkiyə iki barışmaz qütb arasında – Ankara oyundan xeyirlə çıxa biləcəkmi?
Azər Rəşidoğlu
Siyasət 14:16 01.09.2022

Ukrayna böhranı: Türkiyə iki barışmaz qütb arasında – Ankara oyundan xeyirlə çıxa biləcəkmi?

Ukrayna böhranı dünyanı iki barışmaz qütbə ayırdı – Rusiya tərəfdarları və anti-Rusiya qüvvələri. Dünyanı idarə edən güc mərkəzləri konkret mövqe tələb edir – kiminlə bir sıradasan? 

Kiçik dövlətlərə mövqe sərgiləmək və hansısa gücün tərəfinə keçib, məşhur lətifədə olduğu kimi "şirə söz deyənin anasını ağladaram” demək asandır. Lakin Türkiyə kimi bir ölkəyə, geostrateji önəmə malik dəniz və boğazlara nəzarət edən dövlətə açıq kartlarla oynamaq çətindir. Bu baxımdan, Ukrayna böhranı zamanı ən maraqlı mövqeyi Türkiyə nümayiş etdirdi. Bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü tanıyan Ankara digər tərəfdən Rusiyanı sansksiyalardan qorumaq üçün bütün addımları atdı. Ankara Moskvaya qarşı olan sanksiyaları sarsıdır, bütün dünyada "izqoy” elan edilmiş Rusiya şirkətlərini və iş adamlarına Türkiyənin qapılarını açır, digər tərəfdən Krımı Ukraynanın ərazisi adlandırır, Rusiyanın işğal etdiyi əraziləri Kiyevin nəzarətinə keçməsini arzulayır, dağılmış infrastrukturun bərpasında Ukraynaya kömək edəcəyinə söz verir. Lakin belə davranış uzun müddət davam edə bilməz. Qərb Ərdoğanın "ikili diplomatiyası”na nə qədər dözəcək? Qarşıdan prezident seçkiləri gəlir. Dərinləşən inflyasiya fonunda narazılqılar artır və AKP iqtidarı Qərbin dəstəyindən asılı vəziyyətə düşə bilər. Ərdoğanın böhrandan çıxmağa gücü yetəcəkmi? Rusiya bu məsələdə AKP hakimiyyətinə yardım etmək imkanına malik deyil. Moskvanın özünün kifayət qədər problemləri mövcuddur.

Ərdoğanın riskli gedişləri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm dövlət xadimi və nüfuzlu siyasətçi kimi xarakterizə edilir. Türkiyə prezidenti Ukrayna limanlarından taxıl daşınmasına nail ola bildi. Ərdoğan Kiyev və Moskva arasında vasitəçilik etdiyinə görə tərifə layiqdir. Lakin Qərbi narahat edən odur ki, Ərdoğan Moskva ilə mühüm iqtisadi əlaqələri inkişaf etdirir. Türkiyə lideri riskli oyun oynayır. Ərdoğan və Putinin Soçidə konkret nəyi razılaşdırdıqları hələ də qaranlıq qalır. Birgə bəyanatda ticarət və enerji əlaqələrinin genişləndirilməsi, nəqliyyat, sənaye, maliyyə və tikinti sahələrində əməkdaşlığın dərinləşdirilməsindən bəhs edilib. Kənar baxışla görünən budur ki, Ankara Qərbin Moskvaya qarşı sanksiyalarını sarsıdır. Türkiyə sanksiyalarla bağlı qərarda iştirak etməyib və yeganə NATO üzvüdür ki, ona qoşulmayıb. İqtisadi baxımdan Türkiyə prezidenti Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə güzəştə gedir. Putin iqtidarı Ankaranın yardımı ilə iqtisadi cəhətdən nəfəs ala bilir. Ərdoğandan mövqe tələb edirlər. Lakin Türkiyə lideri Rusiya-Ukrayna münaqişəsində kimin tərəfində olduğuna qərar verməyəcək. İndi çoxlarını belə bir sual düşündürür - Qərb Ərdoğanı Moskvaya qarşı sanksiyalar tətbiq etməyə razı sala bilərmi? 

Türkiyənin mövqeyi digər NATO ölkələri arasında ən müəmmalı olanıdır. Lakin Ankara bəyan edir ki, Türkiyə Ukrayna ordusuna "Bayraktar” pilotsuz uçuş aparatları və "Kipri” zirehli maşınları verməklə əməli yardım edir. Bu addımı ilə Ankara özünü Kiyevin tərəfdarı kimi göstərir.

Ərdoğan çevik diplomatiya yürüdür, lakin əvvəl-axır mövqe sərgiləmək lazım gələcək. AKP iqtidarı buna hazırdırmı?

Türkiyəyə axışan rus kapitalı

Rəsmi məlumatlara görə, rus biznesmenləri İstanbul və Antalyada daşınmaz əmlaka milyardlarla dolları yatırıb. Rusiya Federasiyası vətəndaşlarına məxsus şirkətlərin sayı Türkiyədə fantastik dərəcədə artıb. Rusiyanı tərk edən Qərb şirkətlərinin yerini isə türk iş adamları tutmağa başlayıb. 2022-ci ilin aprelində ruslar Türkiyədə 1152 mülk alıb və əsas xarici əmlak alıcıları olub. Rusiya türk biznesi üçün böyük və sərfəli bazardır, Türkiyə də rus iş adamlarının ən rahat işlədiyi ölkədir. Ruslar Qərbin sanksiyaları qarşısında bu ölkədəki sərmayələrdən etibarlı sığınacaq kimi istifadə edirlər, ona görə də səlahiyyətlilər Rusiyanın Türkiyədəki aktivlərinə heç bir həbs qoymur. Biznesin siyasətə təsirini nəzərə alsaq, bu amilin nə qədər böyük önəm daşıdığını anlaya bilərik. 
Ərdoğan Türkiyəsi və Putin Rusiyası iki ölkəni bir-birinə möhkəm iplərlə bağlayır və bir qədər keçdikdən sonra Rusiyada türk, Türkiyədə rus dilində danışmağa başlayacaqlar.

Ərdoğan bəyan edir ki, Rusiya aparıcı qaz təchizatçılarından biridir və Moskva ilə münasibətlər pozularsa, Türkiyənin sənayesi iflic ola bilər. 

Rusiya ilə əməkdaşlığı gücləndirən Türkiyə lideri bir anda bir neçə taktiki gedişlər edir və düşünür ki, atdığı addımlar ona seçkilərə əlavə siyasi divident qazandırmağa imkan verəcək. Ankaranın rublla ödənişlərə keçidi də Kremlə əməli yardım kimi dəyərləndirilir. Unutmaq lazım deyil ki, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Ərdoğan özü də ABŞ sanksiyalarına məruz qaldı - Vaşinqton bu sövdələşməni qınadı. Yeri gəlmişkən, isveçlilərin və finlərin NATO-ya qəbulunu ləngidən Türkiyənin mövqeyi də bununla bağlıdır. Ərdoğan bunu qətiyyən Moskvanın xoşuna gəlmək istəyi ilə etmir. O, Qərbə elementar sövdələşmə təklif edir: "sanksiyaları aradan qaldırın - iki şimal ölkəsinin alyansa daxil olması üçün yaşıl işıq yandıracağam”. İsveçdəki kürd döyüşçülər tələb irəli sürmək üçün sadəcə bir bəhanədir.

Ərdoğanın iqtisadi təcrübələri

2021-ci ildən başlayaraq Türkiyənin iqtisadiyyatı ciddi problemlərlə üzləşir. İnflyasiya 80% səviyyəsindədir. Qaz və neftin qiyməti dollarla ödənilir, dollar isə 40% çox bahalaşıb. Türkiyənin Sənaye Satınalma Menecerləri İndeksi ilin əvvəlindən 52-dən 47-yə düşüb. Bu indeks iqtisadi böhranının əsas göstəricisidir. Hesab olunur ki, göstərici 50-dən aşağı düşəndə müəssisələrin fəaliyyəti azalır. İqtisadi uğursuzluqlar fonunda Ərdoğanın reytinqi düşməyə başlayıb. Bir ildən sonra Türkiyədə prezident seçkiləri keçiriləcək. Ərdoğan 2023-cü il üçün iqtisadi strategiyasının icrası barədə hesabat verməlidir. Lakin infilyasiya Ərdoğanın bir çox planını pozur. Ərdoğan bilir ki, seçici üçün onun geostrateji addımlarından daha çox iqtisadi göstəricilər önəmlidir. Bu səbəbə Ərdoğan iqtisadiyyatı dirçəltmək və xal qazanmaq üçün hər fürsətdən istifadə edir. Məsələn, ucuz lirə sayəsində Türkiyəyə daha çox turist gəlir, onlar valyuta xərcləyərək, tədiyyə balansını doldururlar. İnflyasiya səbəbindən bir il ərzində tikinti xərcləri iki dəfə artsa da, ucuz milli valyuta xaricdən çoxlu alıcı cəlb edir. Daha çox alıcı isə Rusiyadan gəlir. Türkiyəyə milyardlarla dollara başa gələ biləcək sıx Türkiyə-Rusiya əlaqələri bir çox risklərlə doludur. 

Yunanıstan və Türkiyə arasında yeni savaş alovlanır

Ankara son günlər Yunanıstanla ciddi problemlər yaşayır. 2023-cü ildə seçkilər zamanı Egey dənizindəki mübahisəli adaların taleyi də mühüm rol oynayacaq. Gələn il Lozanna Sülh Müqaviləsi imzalanmasının 100-cü ildönümündə, bu adaların gələcək taleyi həll ediləcək. Bu gün Ankara Yunanıstanı ittiham edir və adanın türk əhalisinin hüquqlarının pozulduğunu bildirərək, hər an savaşın başlaya biləcəyinə işarə edir. Ankaranın Avropa və ABŞ-a meydan oxumalı olacağı bu münaqişədə Türkiyənin daha güclü arxa plana ehtiyacı var və Ərdoğan anlayır ki, İsrail ilə münasibətlər normallaşmasa, Türkiyəni ciddi şəkildə təhdid edə biləcək bir düşmən onu arxadan vura bilər. Bu baxımdan, Ərdoğan İsrail ilə barışmaq üçün əlindən gələni edir.

Ərdoğan Əsədə əl uzadacaqmı?

Suriyadakı vəziyyət Ərdoğanın siyasi gələcəyinə birbaşa təsir edir. Ərdoğan bəyan edir ki, kürd separatçılarına qarşı sona qədər mübarizə aparacaq və buna görə də bufer zona yaratmaq üçün Suriyanın şimalında hərbi əməliyyat keçirməkdə israrlıdır. Rusiya, ABŞ və İran buna qarşıdır. Türkiyə prezidenti Dəməşqə xüsusi təsiri olan Rusiya ilə hansısa yolla razılığa gəlməyə çalışır. Putin bu amildən istifadə edir və Ankaraya Ukrayna böhranı ilə bağlı şərtlərini diktə edir. Putin Ərdoğan və Bəşər Əsədi barışdıra biləcəyini nümayiş etdirir. Lakin illər boyunca Ərdoğan Əsədi lənətləyib. İndi Əsədə əl uzatmaq elə də asan deyil. Düzdür, Ərdoğan makiavellizmi gözəl mənimsəyən bir siyasi xadimdir və onun üçün belə mənəvi əngəllər mövcud deyil. Əsədə qucaq açacağı təqdirdə Ərdoğan bunu millət və Vətən üçün etdiyini bəyan edəcək və tərəfdarları onu uzun sürən, gurultulu alqışlara qonaq edəcəklər.

Seçkinin taleyini soyuducu həll edəcək

Ərdoğan kifayət qədər güclü seçki meneceridir. O istəyir ki, həm Türkiyə xalqı, həm də bütün dünya görsün ki, prezident təkcə regional lider deyil, bu və ya digər şəkildə bir çox ölkəyə təsir edən, ağır və qlobal böhranları həll edən qlobal liderdir. Seçkidə Ərdoğanın yeganə avantajı da buna hesablanacaq. Lakin unutmaq olmaz ki, son illər Ərdoğanın mövqeyi kəskin şəkildə pisləşib. 2021-ci ildə Rəcəb Tayyib seçicilərin yalnız 40,8%-i tərəfindən dəstəkləndi. Eyni zamanda, Ərdoğan hökumətinə qarşı olanlar 10,3% çox olub. Burada əsas məsələ türk lirəsinin çöküşü olub. Ərdoğanın tənqidçiləri hesab edirlər ki, inflyasiya AKP-nin geosiyasi ambisiyaları ucbatından başlayıb. AKP-nin vətəndaşlara ünvanladığı "çətin günlərə dözmək üçün milli birliyi qorumaq” çağırışları əks reaksiya verir. İnsanlar ərzaq təhlükəsizliyi barədə düşünürlər, onların geosiyasi bulmaca həll etməyə vaxtları və həvəsləri yoxdur... 

Azər Rəşidoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->