Dünya 21:24 14.05.2022

Ukrayna rus əsgərlərinin cəsədlərini soyuducularda saxlayır: "Təhvil verməyə hazırıq" (FOTOLAR)

Ukraynada Kiyev və Çerniqov vilayətlərində gedən döyüşlərdən sonra toplanan rus əsgərlərinin cəsədləri soyuducu vaqonlarda saxlanılır.

"Reuters"in xəbərinə görə, Ukraynanın hərbi-mülki əməkdaşlığının rəhbəri Vladimir Lyamzin bildirib ki, bununla ölkə beynəlxalq hüquq normalarına uyğun hərəkət edir və cəsədləri Rusiyaya qaytarmağa hazırdır.

"Ukrayna beynəlxalq humanitar hüquq normalarına ciddi şəkildə əməl edir, münaqişənin aktiv fazası başa çatdıqdan sonra tərəflər başqa ölkənin hərbçilərinin meyitlərini qaytarmalıdır. Biz meyitləri təcavüzkara qaytarmağa hazırıq”, - deyə o bildirib.

Lyamzinin sözlərinə görə, Ukraynanın müxtəlif bölgələrində rus işğalçılarının cəsədlərinin saxlanıldığı bir neçə soyuducu vaqon var. Xüsusilə, bir neçə yüz cəsəd də Kiyevin kənarındakı obyektdə saxlanılır.

"Bu soyuducu vaqonda bir neçə yüz rus işğalçısının cəsədi var. Onların əksəriyyəti Kiyev vilayətindən gətirilib, Çerniqov vilayətindən də var, başqa bölgələrdən də var”, - deyə Lyamzin bildirib.

mayın 13-də cümə günü Reuters Ukrayna tərəfinin Rusiya hərbçilərinin cəsədlərini Kiyevdə soyuducu vaqonlara necə doldurması ilə bağlı fotoreportaj dərc edib.
 
Nizami Bağırov