Dünya 10:44 11.04.2022

Ukraynalı qaçqınlar üçün 10 milyard avro toplandı

Polşanın paytaxtı Varşavada keçirilən Ukraynaya dəstək fandreyzinq kampaniyası çərçivəsində bu ölkədən olan qaçqınlar üçün 10.1 milyard avro pul toplanıb. 

Qaynarinfo bu barədə "Euractiv" saytına istinadən xəbər verir.

Ukraynalı qaçqınlar üçün dəstək kampaniyası Avropa Komissiyası, Kanada höküməti və Qlobal Vətəndaş Təşkilatı tərəfindən təşkil edilib. 

Kampaniya ilə bağlı konfransa Avro Komissiyanın rəhbəri Ursula von der Leyen, Polşa Prezidenti Andrej Duda, onlayn formatda Ukrayna Prezidenti Volodimir Zelenski və Kanada Baş naziri Castin Trudo qatılıb. 

"Bu tədbir beynəlxalq birliyin növbəti nümunəsidir. Bu gün biz Ukrayna üçün birləşdik, eyni zamanda Ukrayna da bizim üçün ayaqdadır. Ukraynalılar təkcə öz azadlıqları üçün deyil, həm də bizim azadlığımız üçün də vuruşurlar” deyə Andrej Duda bildirib.

Von der Leyen bildirib ki, fandreyzinq təkcə özü 9.1 milyard avro pul toplayıb. Əlavə 1 milyard avro Avropa Komissiyası, 1 milyard avro isə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılır. Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı 1 milyard avro birbaşa yardım kimi qeydə alınıb.

Təşəbbüsə Stiv Vonder, Farel Vilyams, Elton Con, Billi Eliş kimi dünya şöhrətli sənətçilər də qoşulub. 

Təbdirin sonunda von der Leyen müharibənin ilk günündən ukraynalı qaçqınları qəbul etdiyi üçün Polşaya təşəkkür edib. 

Qeyd edək ki, Polşa ümumilikdə 2.5 milyon ukraynalı qaçqın qəbul edib. 

Nurlan Hüseynov