Mutizm latınca "mutis"- "lal" sözündən götürülüb və ağır psixoloji pozuntudur.
Selektiv mutizm zamanı xəstə bəzi sosial toplumlarda, məsələn, məktəbdə və ya qonaqlıqda danışmaqdan imtina edir, daha düzgün ifadə etsək, danışa bilmir. Ailədə və dostlarının əhatəsində isə rahat ünsiyyətə girir. Həmin patologiyaya daha çox uşaq yaşlarında rast gəlinir və onların danışıq aparatında heç bir qüsur olmur. Vacib olan odur ki, xəstə sadəcə danışmaqdan imtina etmir, əksinə danışmaq istəsə də, bunu bacarmır və sözlərin qırtlaqda "donub qaldığını" hiss edir. Zaman keçdikcə mutizmli uşaqlar həmin situasiyanın yaranmasına səbəb olan halları əvvəlcədən hiss edir və ondan qaçmağa çalışır.
Uşaq psixoloqu Kamal Camalov AZƏRTAC-a verdiyi müsahibədə deyib: "Selektiv mutizm təxminən hər 150 uşaqdan birində təsadüf edilən psixoloji haldır və əksər ibtidai məktəblərdə ən azı bir mutizmli uşaq olur. Tədqiqatçıların araşdırmalarına görə, qızlar arasında etnik qrupların uşaqlarında və ya başqa ölkədən gələnlərdə mutizmə daha çox rast gəlinir.
Mutizm adətən erkən uşaqlıqdan inkişaf etsə də, onun ilk əlamətləri uşağın ailədənkənar ünsiyyətləri yarananda, daha çox uşaq bağçasına və ya məktəbə getdiyi dövrdə üzə çıxır. Adətən uşaq bir neçə ayda vəziyyətdən çıxır, lakin korreksiya olunmayanda yetkin yaşlarda da davam edir.
Selektiv mutizmli uşaqların müxtəlif qorxuları və sosial sıxıntıları olur. Onlar həmsöhbətinin gözlərinə baxmaqda çətinlik çəkir, ətrafdakıların nəzərində əsəbi, hədsiz utancaq və qorxaq, çox ciddi, tərs və isterik, bəzən də tormozlanmış təəssüratı yaradır.
Mutizmli uşaqlar daha çox jestlərlə ünsiyyət saxlayır, hər hansı suala cavab verərkən başını və ya çiyinlərini tərpədir, bəzən bir-iki qırıq kəlmə ilə reaksiya verir, səsini dəyişdirərək və ya pıçıltı ilə danışır. Psixoloqlar bəzi xəstələrin ictimai ayaqyolundan istifadə etməkdən qorxmasını sidik ifrazı zamanı yaranan səsin başqaları tərəfindən eşidilməsindən çəkinmələri ilə izah edirlər".
Selektiv mutizmin səbəbləri barədə psixoloq deyib: "Onu heç də həmişə aydınlaşdırmaq olmur, lakin narahatlıq və həyəcan halı çox vaxt irsən ailə üzvlərindən keçir. Bəzi uşaqlarda inteqrasiyanın sensor disfunksiyası adlanan hal aşkar olunur və onlar güclü küy və gurultu kimi bəzi səsləri qəbul etməkdə çətinlik çəkirlər. Elə həmin səbəbdən də onlar səs-küylü yerdə gərginlik keçirir və danışa bilmirlər. Uşaqlara qarşı sərt davranış və psixoloji travmaların mutizmin yaranmasında birbaşa rolu sübut olunmayıb, lakin bəzi uşaqlarda xəstəlik məhz həmin hallardan sonra meydana çıxır. Mutizm haqqında ən geniş yayılan yanlışlıq uşaqlarda danışıq istəyinin olmamasını autizmlə əlaqələndirilməsidir. Mutizm və autizm tamamilə müxtəlif təbiətli xəstəliklərdir, lakin eyni uşaqda həmin psixi patologiyaların hər ikisinə rast gəlinməsi də mümkündür".
Onun dediyinə görə, selektiv mutizmin müalicə olunmaması özünəinam hissinin aşağı olmasına, sosial həyatda sıxıntıların yaranmasına və xəstənin yeniyetməlik və yetkin vaxtında da həmin halların davam etməsinə səbəb olur. Xəstəlik nə qədər erkən yaşda aşkar olunsa, onun müalicəsi o qədər asan gedir və uşaq psixikasında olan "dağınıqlıq" qısa zamanda aradan qalxır. Mutizm ailə, məktəb və həkimlərin birgə səyi nəticəsində uğurla müalicə oluna bilər.
Psixoloq daha sonra deyib: "Mutizmə diaqnoz qoymaq üçün bir neçə kriteriyə diqqət yetirmək lazımdır. Uşaq konkret situasiyalar zamanı, məsələn, dərsdə və cəmiyyət içində və özünü rahat hiss etdiyi şəraitdə - evdə, boş sinifdə sərbəst danışırsa, danışa bilməsi cəmiyyət içində özünü aparmasına mənfi təsir edirsə, danışa bilməməsi iki aydan artıq davam edirsə, nitqin pozulması başqa hərəki, psixi və koqnitiv patologiya ilə izah olunmursa, selektiv mutizm diaqnozu qoyulur.
Müalicə xəstəlik üzərində dayanmaqla deyil, uşağın cəmiyyətlə ünsiyyət zamanı hiss etdiyi həyəcanı aradan qaldırmaqla aparılmalıdır. Müalicənin gedişində bir neçə nüans diqqətdə saxlanılmalıdır. İlk növbədə uşağın vəziyyətinə görə qayğılı və həyəcanlı olduğunu ona hiss etdirməmək, özünü hazır hiss edəndə danışacağına inandırmaq, hər xırda sevincdən zövq almağı ona öyrətmək, bütün səylərinə görə tərifləmək və ya qrup oyunlarına qoşulmağa təhrik etmək, əvvəlcə danışıb sonra susanda təəccüblənməmək lazımdır.
Müalicədə ən səmərəli koqnitiv-davranış terapiyası üsulu arzu olunan davranışın möhkəmləndirilməsinə və arzu olunmayanın kənarlaşdırılmasına yönəldilir. Bu müalicə mutizmli xəstələrə özləri, ətrafdakılar və həyat haqqında nə düşündükləri və həmin düşüncələrin onların fikir və hisslərinin təsiri üzərində dayanmağa yardım edir.
Müalicəni sürətləndirmək və həyəcanlı halı aradan qaldırmaq üçün antidepressant təsirli dərman və bitkilərdən istifadə olunur".
Şərhlər