Vəkillərin təcridxana və cəzaçəkmə müəssisələrində müvəkilləri ilə görüşünə tətbiq edilən məhdudiyyət hələ aradan qaldırılmayıb.
Qaynarinfo xəbər verir ki, Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitovanın məsələ ilə bağlı açıqlamasına baxmayaraq, vəkillər yenə də çətinlik çəkir. Aynur Sabitova bildirmişdi ki, penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və başqa şəxslərə əlverişli şərait yaratmaq üçün Ədliyyə Nazirliyi pulsuz PCR testinin verilməsini təşkil edib.
"Eyni zamanda, buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspress test verməklə içəri daxil ola bilərlər”, deyə Aynur Sabitova əlavə etmişdi.
Vəkillərin müvakilləri ilə görüşünə qoyulan məhduidyyətlə bağlı Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı məsələ qaldırıb. O, yanvarın 11-də yazdığı həmin statusda karantin qaydaları adı altında vəkillik fəaliyyətinə süni maneə yaradıldığını bildirib.
Aynur Sabitovanın məlum açıqlamasından sonra isə sonra Anar Qasımlı daha bir status yazaraq problemin həll olunduğunu deyib. Lakin sonradan bəlli olub ki, problem nəinki həll olunub, əksinə daha da dərinləşib.
Anar Qasımlı Qaynarinfo-ya açıqlamasında deyib ki, ölkədə sərt karantin elan olunduğu vaxtlarda belə vəkillər müvəkkilləri ilə görüşündə bu cür problemlə üzləşməyib:
"Bir müddət şüşə arxasında görüş verilirdi. Daha sonra yenidən adi qaydada proses davam etdi. Təbii ki, karantin qaydalarını gözləmək şərtilə. Bura tibbi maska, sosial məsafəni gözləmək daxil idi. Təcridxanalara daxil olarkən həkim tərəfindən müayinə olunurduq. Hərarətimiz ölçülürdü və hər şey qaydasında olurdusa, təcridaxanaya, yaxud cəzaçəkmə müəssisəsinə buraxılırdıq.
Yanvarın 11-də müvəkkilimlə görüşə getmişdim. Bəlli oldu ki, yeni qaydalar tətbiq edilib. Yeni qaydalara görə ekspress test verməliyik. Təbii ki, bu qaydadı və biz də buna etiraz etmədik. Amma bəlli oldu ki, testdən öz vəsaitimiz hesabına keçməliyik. Bu barədə əvvəlcədən məlumatlandırma olmadığına görə fakt qarşısında qalmmışdıq. Mən də məsələni sosial şəbəkə hesabımda işıqlandırdım. Eyni zamanda kollegiya rəhbərliyinə müraciət etdim. Rəhbərlik də müraciətimə adekvat cavab verərək, müvafiq qurumlarla danışıqlara başladı. Bizə bildirildi ki, problem həllini tapacaq. 5 gün sonra Ədliyyə Nazirliyinin sözçüsünün məlum açıqlaması yayıldı. Biz də sevindik ki, problem həll olundu. Amma təcridxana və cəzaçəkmə müəssisələrinə gedəndə əksini gördük”.
Anar Qasımlının sözlərinə görə, Aynur Sabitovanın açıqlamasına rəğmən, vəkillərdən ekspress test yox, analiz vermələri tələb olunur:
"Yəni söhbət, adi qaydada verilən testlərdən gedir. Özü də vəkillər testi Ədliyyə Nazirliyinin tibb məntəqəsində verməlidir. Təsəvvür edin, hər gün onlarla vəkil təcridxana və cəzaçəkmə müəssisəsinə gedir. Deməli, hər gün onlarla vəkil Ədliyyə Nazirliyinin həmin tibb məntəqəsində test verməlidir. Bu, faktiki olaraq vəkillərin işini çətinləşdirməkdir. Axı elə vəkil var ki, rayondan gəlir və gün ərzində bir neçə cəzaçəkmə müəssisəsinə getməlidir. İndi o, test vermək üçün növbəyə dayanıb, vaxt itirməlidir, xərcləri artmalıdır və s. Hələ mən testin cavabının bir gün sonra verilməsini demirəm”.
Testin pulsuz olmasına gəlincə, vəkil bunları deyib:
"Pulsuz heç nə olmur, vəkillər də pulsuz fəaliyyət göstərmir. Test bizim üçün pulsuzdursa, o demək, deyil ki, bu ümumiyyətylə pulsuz başa gəlir. Heç şübhəsiz bu addım dövlət vəsaiti hesabına atılır. Ədliyyə Nazirliyi kommersiya qurumu deyil ki, nəyisə pulsuz etsin. Biz deyirik ki, bir halda ki, testlər pulsuzdur, o zaman niyə bunu mərkəzləşdirilmiş qaydada edirlər? Məsələn, Bakı, Sumqayıt və ölkənin digər iri şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələri niyə prosesə cəlb olunmur? Axı bu halda vəkillərin də işi asanlaşar. Tutaq ki, kimsə həbs olunub və mən vəkil olaraq dərhal onunla görüşməliyəm. İndiki qaydalarla bu mümkün olmayacaq və beləliklə, şəxsin həbs olunduğu andan müdafiə hüququ faktiki olaraq pozulacaq. Bizim narazılığımız bu məqamlarla bağlıdır. Koronavirusla mübarizə vacibdir. Amma bu mübarizə elə aparılmalıdır ki, başqalarına problem yaranmasın”.
Seyid
Şərhlər