Xəbər lenti

Ölkə 12:15 11.09.2020

"Vicdanlı adamlara kimlər mane olursa, mənə də onlar mane oldular" (MÜSAHİBƏ)

Qaynarinfo-nun bu dəfəki müsahibi gənc hüquq eksperti Şamil Paşayevdir. 

Şamil Paşayev 1988-ci ildə Şuşa şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Sumqayıt Apellyasiya məhkəməsində hakim köməkçisi, Respublika Prokurorluğunun müxtəlif strukturlarında prokuror köməkçisi, prokurorun böyük köməkçisi vəzifələrində çalışıb. APA TV-nin "Hüquq vaxtı" verilişinin moderatoru, "Hadisədən sonra" verilişinin ekspertidir.

- Şamil, salam, necəsən? Layihə çərçivəsində olan müsahibələrin ilk sualı hamı üçün eynidir. O cümlədən sənin üçün də. Karantin necə gedir, sərtləşdirilmiş rejimin sənə hansı müsbət və mənfi tərəfləri oldu? Mənə elə gəlir, işindən dolayı elə də çətinlik çəkmədin.. 

- Salam. Yaxşıyam. Karantin bütün dünyada olduğu kimi bizdə də müəyyən çətinliklər yaratdı, durğunluqlar oldu. Amma bu durğunluq da müəyyən fürsətlər verdi, müsbət işlər də oldu. "Norma” Hüquq Şirkətini yaratdıq. Hüquq konsultasiyası ilə məşğul olacağıq. Sürücülərə hüquqi dəstəklə bağlı online layihəmiz olacaq, tezliklə anons edəcəyik, ölkədə ilk belə layihədir. Düşünürəm, yaxşı işlər görəcəyik.  

- Şamil, ixtisasca hüquqşünassan, bir müddət prokurorluq orqanlarında çalışmısan. İndi isə jurnalist, aparıcı kimi fəaliyyət göstərirsən. Səbəb nə idi? Səni qane etməyən nə oldu orqanda? 

- Mən jurnalist və ya aparıcı işləmirəm, hüquqşünasam. Hüquq maarifləndirməsi sahəsində ekspert olduğum verilişlər var. Yəni, hazırda da fəaliyyətim hüquq üzrədir. Bəli, prokurorluq orqanlarında uzun müddət işlədim. Mən ora böyük ümidlərlə daxil olmuşdum. Ora 109 nəfər daxil olmuşduq, cəmi 9 nəfər əla qiymət almışdı, biri də mən idim. O 9 nəfərin də əksəriyyəti işdən ayrıldı, o cümlədən də mən. 2018-ci ilin oktyabr ayında ərizəmi təqdim elədim. Özümü orada görmədim, açığı. 

- Konkret səbəbi var idimi bu addımın?

- Səbəbsiz heç nə olmur.  Bir cümlə ilə ifadə etsəm, özümü bu vəziyyətlə orada görmədim. 

- Özün baş prokuror olsan, ilk olaraq nəyi dəyişərsən? Hazırda ən böyük problem nəyi görürsən?

- Bu çox böyük bir konsepsiyadır, prokurorluq orqanlarında ciddi struktur islahatlara, ümumən prokurorluğa baxışın dəyişməsinə ehtiyac var. Qanunlara görə, prokurorluq çox səlahiyyətli orqandır, reallıqda bunu təmin etmək lazımdır. Bununla bağlı geniş və silsilə təhlillərim olub və bir çox saytlarda yayılıb. Yeni baş prokuror təyin olunanda yazmışdım. Yeri gəlmişkən, yazdıqlarımdan bəziləri də reallaşdı.

- Bəs, qayıtmaq fikrin varmı? Peşmanlıq hissi oldumu çıxandan sonra?

- Yox, bayaq dedim, özümü orda görmürəm. İndiki şərtlərlə heç nə dəyişməyib. Amma prokurorluq orqanlarında işi sevirəm, mənimçün hadisə yerinə baxmaq, cəlb qərarı yazmaq zövqlü bir işdir. Bəlkə çoxlarına qəribə gələ bilər. Amma sevdiyim işdir. Lakin indiki vəziyyətdə orda olamq vaxt itkisi və əlavə stress, əsəbdən başqa bir şey deyil.

- Prokurorluqda işləyəndə özün qanun pozuntusu etmisən? 

- Xarakter etibarilə qanunu pozmağı sevən adam deyiləm. Amma heç kim ideal deyil, o cümlədən də mən. 

- Bir ara vəkil olmaq üçün imtahan verdin. Amma deyəsən, sənə qarşı haqsızlıq olmuşdu. Sosial şəbəkədə paylaşmışdın. Nə idi məsələ? İctimaiyyət səni savadlı hüquqşünas, vicdanlı adam kimi tanıyır. Bəs, vəkil olmağa nə mane oldu?

- Vicdanlı adamlara kimlər mane olursa, onlar mane oldular. İmtahanda 25 dəqiqəyə 80 bal toplamışdım. Zaman etibarilə ən yaxşı nəticə məndə idi. Müsahibədə isə qəsdən problem yaratdılar. Problem yaratdılar ifadəsi də məsələni həll etmir, sadəcə, digər savadlı, sözünü deyə bilən, təcrübəli hüquqşünaslar kimi məni də kənarda qoydular. Mən də məsələ ilə bağlı məhkəməyə müraciət etmişəm. Yaşayaq, görək.  

- Şamil, ədəbiyyatla aran yaxşıdır bildiyim qədəri ilə. Həm də çox yaxşı. Hazırda kimi oxuyursan? 

- Ədəbiyyatdan daha çox fəlsəfə sevirəm. Mən daha çox filosofları və hüquq nəzəriyyəçilərini oxuyuram. Oxuduğum bədii əsərlər də olub və var. Amma mütəmadi olaraq bədii ədəbiyyat oxumağı sevmirəm. Mən, adətən bir neçə kitabı eyni vaxtda oxuyuram. İndi Volter və Bottonu oxuyuram. 

- Bir zamanlar araşdırdığın cinayət işlərindən ibarət kitablar yazmaq fikrin varmi? Bu cür bestseller də olmaq olar. Dedektiv əsərlər yaza bilərsən.

- Yox, heç vaxt. Heç gələcəkdə də araşrıdığım cinayət işini yazmayacam. Çünki mənə görə, cinayət işi və ya müvəkkilin sənə etibar etdiyini hamıya danışmaq olmaz. 

- Çingiz Abdullayev var məsələn, dedektiv əsərlər yazır, yaxşı da oxunur…

- Çingiz Abdullayev yazıçıdı, onu bəyənmək və ya bəyənməmək olar. Mən bəyənmirəm, məsələn. Hesab edirəm ki, onun çox oxunması da ədəbi təhkiyyəsi ilə bağlı deyil. Hər halda bu Çingiz Abdullayevin yoludu, indi Şamil olaraq mən də düşünürəm ki, ədəbi əsər yazmaram. 

- Bizə 3 ən sevdiyin klassik Azərbaycan əsərinin adını de. 

- Əslində xeyli yaxşı, sanballı nümunələr var. Azərbaycan ədəbiyyatında və ictimai fikrində Axundovun imzası danılmazdı, Axundovun bütün əsərlərini oxumaq lazımdı, məncə. Amma əgər 3 əsər seçmək şansımız varsa- Axundovun  "Kəmallüddövlə məktubları”, Çəmənzəminlinin "İki od arasında” romanı və Cəlil Məmmədquluzadənin "Anamın kitabı”nı seçərdim. 

- Bəs, xarici ədəbiyyatdan?

- Hüqonun "Səfillər”i,  Tolstoyun "Hərb və sülh”ü, Harper Leenin "Bülbülü öldürmək”. 

- Şamil, vicdanlı olmaq lazımdır, yoxsa ədalətli?

- Vicdanı olmayan adamın ədaləti olmaz. Vicdandan kənar heç nə yoxdur. Nə ədalət, nə də hüquq. Sən ədalətin yanında olmalısan, amma o da vicdanla. 

- Ümumi olaraq dövlət quruculuğunu necə görürsən? Məsələn, Platon müəyyən zümrələrə bölür, bilirsən. Aristotelin dövlət anlayışı da var  Sən necə istəyərdin? 

- Çörçill deyir ki, demokratiyadan pis quruluş yoxdur. Amma cəmiyyət hələ ki, bundan yaxşısını da tanımır. Aristotel Platonun tələbəsi olub, amma yanaşma fərqlidi. O, deyir ki, demokratiya yoxsulların hakimiyyətdir. Bu, düzgün deyil. Həm də deyir ki, dövləti ədalətli çar idarə etməlidir.  Eyni fikirlər Nizaminin də əsərlərində var. Mənə görə də cəmiyyətin və dövlətin idarə edilmə sistemi demokratiyadır. Bütün hallarda və dövrlərdə çoxluqla dalaşmaq olmayıb. 

- Hər xalq necədirsə, lideri də elədir, ona layiqdir. Razısanmı bu fikirlə?

- Xeyr, gözümüz önündə Koreya nümunəsi var. Eyni xalq şimalda çox avtoritar və totalitar, cənubda isə demokratik idarəçilik altında yaşayır. Amma xalq eynidir, genetik kod da eynidir. İndi Sizin misalla, Koreya xalqı hansı rəhbərə layiqdir? 

- Azərbaycan xalqı qanunsevər xalqdırmı?

- Birmənalı olaraq, bəli. Biz bir günün içində maşında kəmər taxdıq, piyada keçidindən keçməyi öyrəndik. Uzun illər məhkəmədə, prokurorluq orqanlarında işləyən adam kimi deyirəm, Azərbaycan xalqı qanunsevər xalqdır. 

- Şamil, müasir Azərbaycan ədəbiyyatı necə? Səni qane edirmi? Kimləri oxuyursan? Sevdiyin müəllif var? 

- Tanıdıqlarımızın, imzası olanların hamısının əsəri, hekayəsi qarşıma çıxanda baxıram. Səni, Aqşin Yeniseyi, Şərif Ağayarı, Kəraməti, Ayxanı, Orxan Həsənini, başqalarını da oxumuşam. Məni düşündürən həmişə bu olub ki, bizim ədəbiyyatımız məhəllidir, bəşəri səviyyəyə çıxa bilmir.   Pasifist və kosmopolit ideyalara açıq görünürlər, halbuki, onlar da tam deyil. Amma başqa heç bir ideyalara açıq deyillər. Oxucu kimi mən əsərdə iki suala cavab axtarıram. Bu əsər nədən bəhs edir və necə bəhs edir. 

Məsələn, Kəramət, Şərif, Aqşinin təqdimatı çox yaxşıdır. Onlar yazdıqları hadisə barədə necə bəhs etməyi, necə təqdim etməyi yaxşı bilirlər. Amma bəhs etdiləri mövzular, yəni nədən yazırlar sualı da var. Şəxsən mənim üçün onların mövzuları az maraqlı və çəkici olur. İnsan həyatını, duyğularını, yaşantılarını, hadisələri və düşüncəni daha qlobal təqdim etmək mümkündür. Qlobal düşünə bilsək, qlobal yazacağıq, məncə. 

- Hazırda ən sevdiyin gənc müəllif kimdir?

- Sərdar Amin. Məncə, Sərdar mənim dediyim o iki suala da cavab vermək istəyir. Mənə görə, fəlsəfə və nəzəriyyəyə dayanmayan ədəbiyyat sadəcə söz oyunu, təhkiyə göstərişidir. 

- Özünü bizə bir cümlə ilə izah et. 

- Haqq və hüquqla, zövqlə və mədəniyyətlə…

- Müsahibəni oxuyanlara hansı hüquqi məsləhəti vermək istərdin?

- Hüquq bir gün hamıya lazım olur.

Söhbətləşdi: 
Orxan Saffari

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->