Xəbər lenti

Vüsal Şilderin qatili 13 il sonra Azərbaycana ekstradisiya edildi
Ölkə 19:19 10.04.2026

Vüsal Şilderin qatili 13 il sonra Azərbaycana ekstradisiya edildi

Azərbaycanda 13 il əvvəl baş verən qətlin sifarişçisi kimi beynəlxalq axtarışa verilən şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq ölkəyə ekstradisiya edilib.

Bu barədə Qaynarinfo-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib:

"Belə ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda xarici vətəndaş olan Vüsal Şilderin qəsdən öldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərov vasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Əlizadə Xəyal Məzahir oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
 
Adıçəkilən şəxsin Birləşmiş Ərəb Əmirliklərində olması ehtimalı nəzərə alınaraq, 2023-cü ildə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlər həmin dövlətə göndərilib. Aparılan mütəmadi danışıqlardan və həmin şəxs həbs edildikdən sonra onun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin dövlətimiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir".

Bildirilib ki, Əlizadə Xəyal Məzahir oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Qeyd edək ki, 2013-cü ilin may ayında Bakıda Almaniya vətəndaşı, "Mercedess Benz” şirkətinin Azərbaycandakı təmsilçisinin oğlu Vüsal Şilder aldığı iki bıçaq xəsarəti ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölüb. Əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb.

Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder Adolf əslən azərbaycanlı olub. Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vusal Şilder Adolfu Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Qətlinin sifarişində təqsirləndirilən Xəyal Məzahir oğlu Əlizadə beynəlxalq axtarışa verilib.
--> -->