Böyük Britaniyada ABŞ-a münasibət son aylarda nəzərəçarpacaq dərəcədə dəyişib. Yeni sorğular göstərir ki, britaniyalıların əhəmiyyətli hissəsi artıq Vaşinqtonu qlobal miqyasda mənfi təsirə malik qüvvə kimi qiymətləndirir və böhran vəziyyətlərində bu ölkəyə güvənin azaldığını düşünür. Analitiklər bunu Yaxın Şərqdəki gərginlik və transatlantik münasibətlərdə artan fikir ayrılıqları ilə əlaqələndirir.
Qaynarinfo-nun "Public First"ə istinadən məlumatına görə, britaniyalıların 53 faizi ABŞ-ı dünyada mənfi rol oynayan ölkə hesab edir. Bu göstərici ötən ilin dekabr ayında 35 faiz idi. Eyni zamanda, ABŞ-ın müsbət təsirə malik olduğunu düşünənlərin payı 41 faizdən 29 faizə düşüb.
3–7 apreldə keçirilən sorğuda Böyük Britaniya ilə yanaşı Kanada, Fransa və Almaniyadan 2000-dən çox respondent iştirak edib. Nəticələr Böyük Britaniyanın baş naziri Keir Starmer hökumətinin ABŞ və İsrailin İrana zərbələrini dəstəkləməməsi fonunda transatlantik münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir.
Araşdırmaya əsasən, respondentlərin təxminən 65 faizi hesab edir ki, ABŞ digər ölkələr üçün problemlər yaradır. Bu, dekabr ayı ilə müqayisədə 19 faiz artım deməkdir. Əksinə, ABŞ-ın problemlərin həllinə kömək etdiyini düşünənlərin payı 22 faizə enib ki, bu da ötən illə müqayisədə ciddi azalma kimi qiymətləndirilir.
Bundan əlavə, sorğuda iştirak edənlərin 57 faizi ABŞ-ın müttəfiqlərinə qarşı etimadsız yanaşdığını bildirib. Yalnız 27 faiz respondent Vaşinqtonun müttəfiqlərini dəstəklədiyini düşünür. Bu göstərici də əvvəlki aylarla müqayisədə xeyli aşağıdır.
Diqqət çəkən əsas məqamlardan biri isə böhran vəziyyətlərində ABŞ-a etimadın azalmasıdır. Belə ki, britaniyalıların 49 faizi artıq belə hallarda ABŞ-a güvənməyin mümkün olmadığını bildirir. Bu rəqəm ötən ilin dekabrında 36 faiz idi.
Uzun illər ərzində ABŞ-la "xüsusi münasibətlər”i ilə seçilən Böyük Britaniya əvvəlki dövrlərdə Fransa, Almaniya və Kanada ilə müqayisədə daha müsbət mövqe sərgiləyirdi. Lakin son sorğu nəticələri göstərir ki, bu tendensiya dəyişir və Londonun ictimai rəyi digər müttəfiq ölkələrin yanaşmasına yaxınlaşır.
Bu arada, Böyük Britaniyanın baş naziri Keir Starmer enerji qiymətlərinin qlobal siyasi qərarlardan asılı olaraq dəyişməsini sərt tənqid edib. O, xüsusilə Donald Tramp və Vladimir Putin kimi liderlərin addımlarının britaniyalı ailələrə və biznesə mənfi təsir göstərdiyini vurğulayıb.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp bəzi müttəfiqlərini sərt şəkildə tənqid edərək onları "problemlər yaradan şəxslər” adlandırıb. Bu açıqlamalar isə həm ABŞ daxilində, həm də beynəlxalq arenada fikir ayrılıqlarının daha da dərinləşdiyini göstərir.
Ekspertlər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, bu, uzun illər formalaşmış transatlantik münasibətlərə ciddi təsir göstərə və beynəlxalq siyasi balansda yeni dəyişikliklərə yol aça bilər.
Günay
Şərhlər