İyun ayının 21-də Xalq Bankın Baş ofisində Xalq Əmanəti layihəsinin on səkkizinci nəşrinin təqdimatı keçirilmişdir. Növbəti nəşr böyük Azərbaycan şairi, mütəfəkkiri, marifçi-pedaqoqu Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunub.
Qaynarinfo xəbər verir ki, tədbirdə ölkəmizin elm və mədəniyyət xadimləri iştirak etmiş və görülən işi yüksək qiymətləndirmişlər. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Millət vəkili, akademik İsa Həbibbəyli "Xalq Əmanəti” layihəsinin Mirzə Şəfi Vazehin yaradıcı irsinə müraciət etməsini mədəniyyətimizə böyük hədiyyə olaraq qiymətləndirdi və bu kitabın şairin yaradıcılığını tədqiq etmək üçün fundamental vəsait olduğunu xüsusi vurğuladı. Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov Xalq Əmanəti layihəsinin növbəti nəşrini təqdirəlayiq və vaxtında atılmış addım olaraq dəyərləndirdi və Mirzə Şəfi Vazehlə bağlı bir çox mətləblərə işıq saldığını söylədi. Tanınmış ictimai xadim, yazıçı, publisist, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisinin Mədəniyyət komitəsinin sədri akademik Rafael Hüseynov "Xalq Əmanəti” layihəsini və layihə çərçivəsində görülən işlər yüksək qiymətləndirdi, və işıq üzü görən nəşrlərin hər birini xəzinə adlandırdı. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Mirzə Şəfi Vazehi əsərləri bütün xarici dillərə çevirilmış ilk Azərbaycan şairi olduğunu bildirdi və böyük rus yazıçısı Lev Tolstoyun öz məktublarında Vazehin əsərlərinə yüksək qiymət verdiyini söylədi.
Tədbirə dəvət olunmuş xarici qonaqlar, kitab üzərində uzun müddət çalışmış Almaniyadan professor Orxan Aras, rus şairi Mixail Sinelnikov və nəşrin tərtibçisi Səlim Babullaoğlu Vazehin yaradıcılığından, iş prosesində yaranan çətinliklərdən və kitabın Azərbaycan ədəbiyyatı tarixi nöqteyi nəzərdən əhəmiyyətindən söz açdılar.
"Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu 1794-cü ildə Gəncədə doğulmuşdur. Erkən yaşlarında mədrəsədə dinin əsaslarını öyrənmiş Mirzə Şəfi təhsilini başa vurduqdan sonra Azərbaycan və şərq ədəbiyyatı, sufilik fəlsəfəsi ilə dərindən maraqlanmışdır. Gənc şair yazdığı əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edirdi. Vazeh qələmindən çıxan "Yusif və Züleyxa”, "Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri dövrü üçün çox cəsarətli nümunələr idi. Lakin şairin yaradıcılığı, onun tədris və maarifçilik sahəsində səyləri din xadimlərinin ürəyincə deyildi. Böyük təzyiqlər altında Mirzə Şəfi 1840-cı ildə doğma şəhərini tərk edərək, o vaxt Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçməyə məcbur olur. Mirzə Şəfi Tiflis məktəbində mükəmməl bildiyi "nəstəliq” xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdan dərs deyirdi. Şair öz evində "Divani-Hikmət” ədəbi məclisi yaratmışdı. Dövrünün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar. Eyni zamanda Mirzə Şəfi Azərbaycan poeziyasının ilk müntəxəbatını yazır və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" tərtib edir (İ.Qriqoryevlə birgə).
Mirzə Şəfi Vazehin ədəbi məclisinin dinləyicilərindən biri Qafqazın tədqiqatçısı, alman tərcüməçi, ondan bir neçə il ərzində şərq dilləri dərsi alan Fridrix Martin fon Bodenştedt olmuşdur. Bodenştedtin sözlərinə görə vətəninə dönərkən Vazeh ona öz əlyazmalarını verir, Bodenştedt isə müəlliminə əlyazmaları tərcümə edib nəşr edəcəyini və bir nüsxəsini müəllifə göndərəcəyini vəd edir. Bodenştedt 1850-ci ildə "Şərqdə min bir gün” adlı kitabını dərc edir və həmin kitabda azərbaycanlı müəllimi, şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır. Kitab böyük uğur qazanır və 1 il sonra həmin kitabın məzmunu genişləndirilərək "Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca şeir toplusu kimi dərc edilir. 23 il keçəndən sonra Bodenştedt "Mirzə Şəfinin irsindən” adlı daha bir toplu nəşr etdirir ki, bu kitabda o artıq şeirlərin əvvəlki kitablarda söylədiyi kimi Mirzə Şəfiyə deyil, ona məxsus olduğunu iddia edir. Vazehin "nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı 40 il ərzində 145 dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmışdı. O dövrün reallığı nəzərə alınarsa Mirzə Şəfinin Avropadakı şöhrətinin miqyasını təsəvvür etmək çox çətindir. Dövrünün böyük musiqiçisi, rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfidən seçdiyi 12 şeir əsasında silsilə romanslar bəstələmişdi ki, bu əsərləri 1855-ci ildə böyük Avstriya-macar bəstəkarı Ferens List bəyənmiş və nəşrinə kömək göstərmişdir. "İran motivləri” adı ilə populyarlıq qazanan romansları sonradan digər böyük rus bəstəkarı Pyotr Çaykovski alman dilindən rus dilinə tərcümə etmiş, dünya opera sənətinin əfsanələrindən biri Fyodor Şalyapin isə onları uzun illər uğurla ifa etmişdir. 1887-ci ilin noyabr ayında isə Berlinin küçələrini Fridrix Vilhelm teatrında Emil Polun librettosu və bəstəkar Karl Milyokerin "Mirzə Şəfinin şərqiləri” operettasının afişaları bəzəyirdi.
Mirzə Şəfi Vazehin "Bütün əsərləri” Xalq Əmanəti” kollektivinin təcrübəsində ən mürəkkəb işlərdən biri olmuşdur (kitabın "Ön söz”ündə bu haqda geniş məlumat verilir). Beş ildən çox müddət ərzində üzərində müxtəlif ölkələrin çoxsaylı mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq üç dilə tərcümə edilən külliyyatın Gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və alman dilərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer almışdır.
Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa 351 şeirdən ibarətdir. Şairin əsasən N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu şeirlərin yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 100-ü ötməyib.
Yaradıcı qrup ilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirdi. Bu şeirlər Mirzə Şəfinin Azərbaycan və rus dillərində indiyədək mövcud şeirləri (tərcümələri) ilə tutuşduruldu və hər üç dildə çatışmayan şeirlər müəyyənləşdirildi. Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlandı. Eyni zamanda Azərbaycan və rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirildi - Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri hazırlandı.
Bu prosesdə alman dilinin tanınmış mütəxəssisləri, alimlər və eləcə də Mirzə Şəfi yaradıcılığının azərbaycanlı tədqiqatçıları prof. Akif Bayram, prof. Fəxrəddin Veysəlli, Vilayət Hacıyev, Yusif Savalan yaxından iştirak etmişlər. Almaniyadan tərcüməçi-ədiblər Orxan Aras və Karl H.Kiel mətnləri əski alman əlifbasından yenisinə keçirimiş və alman dilində bədii tərcümələri hazırlamış, görkəmli rus şairi Mixail Sinelnikov, istedadlı şair-tərcüməçilər - Nicat Məmmədov və Alina Talıbova mətnləri rus dilinə çevirmişlər. Adları çəkilən rus dili tərcüməçilərinin işləri ilə yanaşı kitaba əsasən N.Qrebnev və L.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov, S.Nadson, İ.Prodan, İ. və A.Txorjevskilər, P.Çaykovksi, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov və V.Luqovskoyun tərcümələri salınıb.
Oxucular Mirzə Şəfi Vazehin "Bütün əsərlərini” Azərbaycan dilində, ana dilimizdə olan orijinal şerlərdən başqa, Xəlil Rza Ulutürk, Balaş Azəroğlu, Aslan Aslanov, Azad Yaşar, Pünhan Əzimli və Yusif Savalanın tərcümələrində oxuyacaqlar.
Tərcümə və mətnlər üzərində işlər bitdikdən sonra şeirlərin sıralaması, yaxud Mirzə Şəfi Vazehin ilk "Bütün əsərləri”nin tərtibi prinsipləri müəyyənləşdirməli idi. 4 şərti kitabda toplanan şeirlərin, I kitabında əlbəttə ki, Vazehin ana dilində, sonra isə fars dilində olan şeirləri yer alıb. II kitabda Mirzə Şəfinin "Şərqdə min bir gün” kitabına daxil edilmiş (şairin şeirləri toplanmış və Almaniyada çap olunan ilk kitabdır) şeirləri toplanıb. Bu kitabın ilk nəşrində şeirlərin sayı 40-dan artıq olsa da sonradan həmin şeirlərin böyük hissəsi Bodenştetdin nəşr etdiyi digər kitablara salındığı nəzərə alınaraq bu hissəyə yalnız 18 şeir daxil oldu. III kitaba "Nəğmələr”dəki şeirləri, IV kitabda isə "Mirzə Şəfinin irsindən” kitabındakı şeirləri daxil edilib. Həm Azərbaycan, həm rus dillərindəki versiyalarda silsilələr və ya yarımbaşlıqlar alman versiyasında olduğu kimi saxlanılıb.
Əlamətdardır ki, kitabın nəşri şairin anadan olmasının 225-ci ildönümünə təsadüf edir.
"Xalq Əmanəti” layihəsi ASC "Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Ələkbər Rzaquliyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri” kitabı və üçcildlik "Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görmüşdür.
Şərhlər