Azərbaycan bir sıra mühüm regional nəqliyyat layihələrində iştirak edir. Bunlardan biri də Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsidir.
Bəs, Azərbaycan bu layihənin realaşmasında hansı rola malikdir və dəhlizin perspektivləri nədir?
Məsələni "Report"a şərh edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Araşdırmalar İnstitutunun baş elmi işçisi Andrey Kazantsev Azərbaycanın "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin qərb hissəsinin əsas marşrutu olduğunu bildirib:
"Dəhliz ilk növbədə Hindistan ilə ticarət kontekstində vacibdir və burada üstünlüklər aşkardır. Azərbaycan mövcud geosiyasi vəziyyətdə "Şimal-Cənub”la bağlı malik olduğu müqayisəli üstünlükləri istifadə etmək üçün çox şey edir. Bu zaman Azərbaycan hakimiyyətinin üzərinə düşən əsas məsələ regionda sülhü təmin etmək və investorlar üçün əlverişli şərait yaratmaqdan ibarətdir. Rusiya isə öz növbəsində ilk olaraq Azərbaycan və İran üzərindən Hindistanla ticarətin inkişaf etdirilməsində maraqlıdır. Xüsusilə də əgər söhbət Rusiya-Hindistan xətti üzrə əməkdaşlığın inkişafından gedirsə, bu marşrut tam istifadə olunmayıb deyə "Şimal-Cənub” layihəsinin çox böyük perspektivləri var. Çünki Hindistan uzun müddətdir Pakistandan yan keçməklə Avrasiyanın şimalına kontinental marşrut əldə etməyə can atır”.
MDBMİ-nin Qlobal Problemlər Mərkəzinin baş elmi işçisi Aleksandr Tokarevə görə coğrafiya və iqtisadiyyat ilk növbədə Azərbaycanın "Şimal-Cənub"da iştirakını diktə edəcək.
"Azərbaycan, Rusiya, İran və Hindistan "Şimal-Cənub” nəqliyyat dəhlizinin fəaliyyət göstərməsində maraqlıdır. Belə ki, Çinə rəqib olan Hindistan öz mallarını "Şimal-Cənub”la Avropaya daşımaq uğrunda mübarizə aparacaq. Rusiya isə öz növbəsində yüksək texnoloji malların təchizatında maraqlıdır. Lakin hər şey İrana və bu ölkədə inkişaf etməmiş nəqliyyat infrastrukturuna dirənir. Bu mənada Azərbaycan qonşusu ilə müqayisədə böyük üstünlüyə malikdir.
"Azərbaycanın üstünlüklərindən biri də onun Rusiya ilə İranı birləşdirən yeganə ölkə olmasındadır. Məlum səbəblərdən Ermənistan və Gürcüstandan dəhliz tikmək ən azından Rusiya və Gürcüstan arasında olan ziddiyıtlərdən dolayı çox problemlidir. Azərbaycan obyektiv olaraq "Şimal-Cənub” layihəsinin adekvat, ən rahat iştirakçısıdır.
Azərbaycan çoxvektorlu siyasət çərçivəsində Çinlə strateji münasibətlərə can atacaq və bu qlobal dünyada adekvat yanaşma sayılır. Lakin perspektivdə respublika daha çox "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini inkişaf etdirəcək. Coğrafiya və iqtisadiyyat ilk növbədə Azərbaycanın "Şimal-Cənub"da iştirakını diktə edəcək. Bu zaman Azərbaycan həmin konteyner daşınmaları üçün çox gözəl tranzit ölkəsi rolunu oynayacaq".
Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.
Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. "Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək.
Şərhlər