Xəstə çox, həkim yox: Xəstələr Xudatdan Xaçmaza getməli olurlar (VİDEO)
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim, 54 orta tibb işçisi düşür. Bu çatışmazlıq xüsusi ilə regionlarda daha qabarıq nəzərə çarpır. Sorğu apardığımız zaman məlum oldu ki, əksər pasiyentlər qəbula düşmək üçün həkimi uzun müddət gözləməli olur.
ARB TV –nin "Günə doğru” verilişində bu məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.
Xaçmaz sakini: "Xəstəxanadan gəlirəm, almışam iynəni dərmanı. Növbə əlindən heç girədə bilmədim. Növbə, olduqca növbə, saatlarla gözləyirsən. Özüm 30 ildir xəstəyəm, dünən xəstəxanaya getmişəm, səhər saat 9-da girən, günorta saat 1-də çıxmışam”.
Xaçmaz rayonunda bir neçə dövlət və özəl xəstəxanaların fəaliyyət göstərməsinə baxmayaraq bəzi ixtisaslı həkimlər ümumiyyətlə yoxdur. Məsələn Xudat şəhərində yaşayan bəzi xəstələr müayinə üçün Xaçmaz şəhərinə gəlməli olur.
Xaçmaz sakini: "Mən Xudatdan Xaçmaz hansısa cüzi bir iş üçün gəlmişəm. Orada baş, göz həkimi yoxdur. Bir neçə həkimə ehtiyac var ki, onlar orada yoxdur”.
Rayon Mərkəzi Xəstəxanasına yeni kadrların cəlb olunmasına gəlincə bu sahədə işlər aparılır. Hazırda Rayon Mərkəzi Xəstəxanasında kifayət qədər həkim üçün vakansiya var.
Əlniyaz Ramazanov – Həkim: "Xaçmazda təqribən 100-ə yaxın həkimə, mütəxəssis həkimə ehtiyac var. Olsa əgər həkimlərin işi də rahatlaşar”.
2020-ci ilin əvvəlinə olan məlumatlara əsasən, ölkədə 32,6 min həkim və 54,2 min orta tibb işçisinin çalışdığı 565 xəstəxana və 1745 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Həkim çatışmazlığı bir neçə səbəbdən qaynaqlanır. Təhsil müddətinin uzun olması, peşənin ağır və məsuliyyətli olması gəncləri bu yoldan çəkindirir.
Əlniyaz Ramazanov – Həkim: "Tibb unversitetinin tədrisi çoxaldı. 7 ilə gəldi çıxdı. Əvvələr 6 il idi, indi 7-8 il oxumaq lazımdır. Bu səbəbdən gənclər bu sahəyə gəlmir”.
Qeyd edək ki, Respublikamızın şimal bölgəsinin digər rayonları kimi, Xaçmazda da yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək. Eyni zamanda xəstəxanalara yeni ixtisaslı kadrlarda cəlb olunacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər