Dünən Ağdama gedən jurnalistləri görəndə 30 il qabaq "Ədalət” qəzetində "Müxbirimiz Vahid Qazıyev cəbhə bölgəsindən xəbər verir” başlığı ilə dərc olunan yazılar yadıma düşdü. Jurnalist kimi yeni xəbərlər hazırlamaq keçdi könlümdən.
Üç xəbər yazdım.
London orkestri Ağdam xarabalıqlarında
London Simfonik Orkestri Ağdam xarabalıqlarında məşhur polyak bəstəkarı Kşiştof Pendereskinin avanqard üslubda bəstələdiyi ”Xirosima qurbanlarına ağı” kompozisiyasını ifa edəcək. Orkestrin baş dirijoru Simon Rattle BBC kanalına açıqlamasında bildirib ki, konsertdə həmçinin dünya bəstəkarlarının klassik əsərlərini də ifa edəcəklər. Konsertin sponsoru Heydər Əliyev Fondunun mətbuat üçün açıqlamasında deyilir ki, BBC konserti canlı yayınlamaqla yanaşı ”Qafqaz Xirosiması” adlı qısametrajlı film də çəkəcək.
Qarabağ dünya rəssamlarının fırçalarında
Mədəniyyət nazirliyi ”Qarabağ dünya rəssamlarının gözü ilə” adlı beynəlxalq layihəyə başlayıb. Artıq dünyanın 20 məşhur rəssamı ilə müqavilə bağlanıb. Rəssamlar Qarabağın müxtəlif yerlərini gəzəcək, çəkmək istədikləri yerləri özləri seçəcəklər. Nazirlikdən verilən məlumata görə rəssamlarla bağlanmış müqaviləyə əsasən çəkilən tabloları Azərbaycan dövləti alacaq.
”Qəsdimiz Pikassonun faşist vəhşiliyini təsvir edən, dünyaca məşhur ”Gernika”, yaxud "Koreyada qırğın” tabloları kimi ”Qarabağ yaraları”nı dünyaca ünlü rəssamların fırçası ilə təqdim etməkdir”.
Sonra ”Qarabağ yaraları” sərgisi dünya turuna çıxacaq. Artıq Luvr, Metropoliten, Vatikan, Britaniya muzeyləriylə ilkin razılaşma əldə olunub. Sərginin Pekin, Tokio, İstanbul, Paris, Nyu-York, London, Madrid, Berlin, Sankt-Peterburq, Afina və başqa şəhərlərin muzey və sərgi salonlarında nümayişi planlaşdırılır.
Oskara iddialı kinomuz
CNN kanalına müsahibə verən kinorejissor Roman Polanski gələn ay Xocalı qırğınından bəhs edən filmin çəkilişlərinə başlayacağını deyib. Heritage Films şirkəti ilə bağlanan müqaviləyə əsasən rejissor filmi bu ilin sonunadək təhvil verəcək. Filmin təqdimatı Xocalı qırğını günü 26 fevralda Nyu-Yorkda keçiriləcək. Baş rolun ifaçısı tamaşaçıların "Pianoçu” filmindən yaxşı tanıdığı Adrien Brodidir. O, erməni qadınların baxışları altında dırnağı çıxarılan Xocalı sakini, gitaraçı Valeh Hüseynovun obrazını yaradacaq.
***
Jurnalistika fakultəsində oxuyurduq. Qarabağ hadisələrinin başladığı, mitinqlərin getdiyi vaxt idi. Qəzetlərdə xalqlar dostluğunu tərənnüm edən yazılar gedirdi. Müəllimlərimizlə real həyatda olmayanları yazmağın nə anlamı var sayaq söhbətlər edirdik. Belə söhbətlərin birində Şirməmməd Hüseynov "xəyal-xəbər” sözü işlətdi. "Bu ölkədə həmişə belə olub, xəbərlər xəyal üstündə yazılıb”. Başdan-başa yalan üstündə qurulmuş SSRİ-də hava proqnozundan savayı həqiqi xəbər nə gəzirdi!
Yuxarıda yazdığım xəbərlər də doğru deyil, mənim təxəyyülümdür, yəni Şirməmməd müəllim demiş, xəyal-xəbərdi. Amma sovet xəbərlərindən fərqli olaraq, mənim xəbərlərim həqiqət ola bilər. Onu həqiqətə çevirmətyə, sadəcə, vətən aşiqi kəslər gərəkdir.
”Çobanın meyli olsa, təkədən pendir tutar”.
Kültür siyasətimiz ağıllı yönləndirilsə, peşəkar yanaşılsa, işğaldan azad edilən şəhərlərin, kəndlərin indiki halı ilə dünyanı şoka salan sənət əsərləri yaratmaq olar.
Təpəsindən neft pulları tökülən ölkə üçün beş-on milyon nə puldur ki…
Saat, maşın kolleksiyası saxlayan məmur balalarının illik xərci də deyil.
Vahid Qazi
14 mart 2021
Şərhlər